Suraxanı rayonunda “Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda konfrans keçirilmişdir.
Bakı, 1 noyabr (AzərTAc). Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə noyabrın 1-də “Yerli icra Hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, konfransda Azərbaycan Respublikasının aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev parkında ümummilli liderin abidəsi önünə tər çiçəklər düzmüş, xatirəsini ehtiramla anmışlar.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov media nümayəndələrini son illər rayonda görülən abadlıq-quruculuq işləri ilə yaxından tanış etmişdir. Bu məqsədlə tədbir iştirakçıları rayonda fəaliyyət göstərən 268 saylı körpələr evi-uşaq bağçasında, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Reabilitasiya Mərkəzində, 327 saylı tam orta məktəbdə və “Atəşgah Məbədi” Dövlət Tarixi-Memarlıq Qoruğunda olmuşlar.
Sonra tədbir rayon icra hakimiyyətində davam etdirilmişdir. Burada Suraxanı rayonunda həyata keçirilən islahatlarla bağlı Rəsm Qalereyasında foto-sərgi, “Dünənin, bu günün, sabahın qovuşduğu Suraxanı” adlı film nümayiş etdirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbir iştirakçılarına konfransın mahiyyəti barədə məlumat vermişdir.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxışında bildirmişdir ki, fond ötən müddətdə kütləvi informasiya vasitələrinin maddi-texniki problemlərinin həllinə və inkişafına, jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, sosial müdafiəsinin möhkəmləndirilməsinə, habelə beynəlxalq təcrübəni mənimsəmələrinə xidmət edən çoxsaylı layihələr həyata keçirmişdir. Azərbaycan mətbuatının müstəqillik dövründə böyük uğurlar qazandığını diqqətə çatdıran V.Səfərli bu sahədə ulu öndər Heydər Əliyevin əvəzsiz xidməti olduğunu xüsusi qeyd etmişdir. Dövlətin mətbuata mütəmadi olaraq qayğı göstərdiyini söyləyən V.Səfərli 2009-cu il aprelin 3-də Prezident İlham Əliyevin sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradıldığını bildirmişdir. Qeyd olunmuşdur ki, fondun son illərdə həyata keçirdiyi mühüm layihələrdən biri də kütləvi informasiya vasitələri ilə yerli icra hakimiyyəti orqanları arasında əlaqələrin inkişaf etdirilməsidir. İcraçı direktor belə tədbirlərin mətbuat nümayəndələri ilə yerli icra strukturları arasında sivil əməkdaşlıq münasibətlərinin daha da genişlənməsinə təkan verdiyini yığıncaq iştirakçılarının diqqətinə çatdırmışdır.
Cari ilin 9 ayı ərzində rayonda görülmüş işlər barədə qısa məlumat verən İlqar Abbasov demişdir ki, son illər ölkədəki dinamik sosial-iqtisadi inkişaf Suraxanıdan da yan keçməmişdir. Cari ilin 9 ayı ərzində Suraxanı rayonunda dövlət və yerli proqramların icrası uğurla davam etmişdir. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Suraxanı rayonunda nəzərdə tutulmuş 102 tədbirin 31-i tam icra olunmuşdur, 47-nin icrasına başlanmışdır. İ.Abbasov öz növbəsində fondun təşəbbüsü ilə keçirilən konfransın məmurlarla jurnalistlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıdığını xüsusi qeyd etmişdir.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və başqaları çıxış edərək son illər Suraxanı rayonunda böyük abadlıq işlərinin aparıldığını söyləmişlər. Çıxışlarda icra strukturları ilə kütləvi informasiya vasitələri arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından belə tədbirlərin əhəmiyyətini vurğulanmışdır.
Sonda “Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və prespektivlər” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi elan edilmişdir.