Şriftin ölçüsü :

Saytın rəngi :

28 Yanvar Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri olan əsgər Orucov Coşqun Oruc oğlunun doğum günüdür

28 yanvar 2023 | 15:37
Coşqun Orucov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissədə başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmuşdur. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlısı olaraq xidmət etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Coşqun Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində kəşfiyyatçı snayper olaraq 16 oktyabrdan iştirak etmişdir. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Coşqun Orucov 25 oktyabr 2020-ci ildə Xocavənd rayonu ərazisində Şuşa rayonuna gedən yolda döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 26 oktyabr 2020-ci ildə Suraxanı rayonunda yerləşən Dədə Qorqud qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Coşqun Orucov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə "Vətən uğrunda", "Hərbi xidmətlərə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Allahdan bütün şəhidlərimizə rəhmət, ailələrinə səbr diləyirik.
Keçidlər