279 nömrəli tam orta məktəbdə Zəfər Gününə həsr edilən tədbir keçirilib
03 noyabr 2022 | 09:17
Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən 279 nömrəli tam orta məktəbin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinin birgə təşkilatçılığı ilə Zəfər Gününün ikinci ildönümü münasibətilə “Zəfərin mübarək, Vətən!” adlı tədbir təşkil olunub.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi Fizuli İsmayılov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Kənan Nağıyev, RİHB-nin müavini Könül Axundova, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbir iştirakçılarını salamlayan məktəbin direktoru Südabə Abdullayeva qarşıdan gələn 8 noyabr - Zəfər Günü münasibətilə qonaqları təbrik edib. O, qeyd edib ki, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu işğal altındakı ərazilərimizi azad etməklə yanaşı, Ermənistanı öz məğlubiyyətini etiraf etməyə və kapitulyasiya aktını imzalamağa məcbur edib. Bu qələbə Azərbaycanın tarixində əbədi olaraq qalacaq. S.Abdullayeva rəhbərlik etdiyi təhsil müəssisəsində rayonun bütün şəhidlərinin adlarının siniflərə verildiyini vurğulayıb.
Tarixi Zəfərə həsr olunan videoçarxın nümayişindən sonra tədbir ədəbi-bədii hissə ilə davam edib. Şagirdlərin ifasında vətənpərvərlik mövzusunda müxtəlif kompozisiyalar, şeirlər və mahnılar səsləndirilib, rəqslər təqdim edilib.
RİH başçısı Əziz Əzizov çıxışında Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən 8 noyabrın Zəfər Günü elan edilməsindən və bu qüruru bizə bəxş edən şəhidlərimizin qəhrəmanlığından söz açaraq bildirib ki, müasir gəncliyin yüksək səviyyədə yetişdirilməsi və məktəblərdə müşahidə olunan vətənpərvərlik ruhu sabaha olan inamımızı daha da artırır. Ə.Əzizov qeyd edib ki, 44 günə əzəli torpaqlarımız qəhrəman şəhidlərin qanı və canı bahasına işğaldan azad edilib, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa edib. Vətən müharibəsinin başa çatmasından ötən qısa müddətdə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri bütün məziyyətləri ilə yanaşı, dövlətimizin gücünün təsdiqidir.
Tədbirdə ölkəmizdə olduğu kimi, Suraxanı rayonunda da Prezident cənab İlham Əliyev tərəfindən şəhidlərimizə, onların ailə üzvlərinə və qazilərə olan qayğının hər zaman yüksək səviyyədə olduğu qeyd edilib.
Tədbirin sonunda bir qrup Vətən müharibəsi iştirakçısı Müdafiə Nazirliyinin medalları ilə təltif olunub, eləcə də Şəhid ailələrinə qiymətli hədiyyələr təqdim edilib.