Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanının 112 min 297 sakini artıq tibbi müayinədən keçib

15 aprel 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq əhalinin pulsuz tibbi müayinəsi Suraxanı rayonunda uğurla davam edir.
Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Afət Həsənova bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatını və müalicəsinin başlıca istiqamətlərini təşkil edir. Son 13 ildə Azərbaycanda baş verən sürətli iqtisadi inkişaf ölkə əhalisinin hərtərəfli tibbi müayinədən keçməsini də təmin etmişdir. Rayon əhalisinin tibbi müayinəsinin yüksək səviyyədə, operativ təşkil edilməsi məqsədi ilə rayon İcra Hakimiyyəti başçısının  03 fevral 2016-cı il tarixli  13 saylı sərəncamı ilə komissiya yaradılmış,  rayon ərazisində yerləşən müəssisə və idarələrin kollektivlərinin tibbi müayinədənkeçmə qrafiki tərtib olunmuşdur. Rayon ərazisində fəaliyyət göstərən 4 xəstəxana, 4 poliklinika və 1 ambulatoriyada 15 fevral tarixdən əhalinin pulsuz tibbi müayinəsi keçirilir.
Müayinələrin aparılması əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edir. Əlbəttə, bütün bunlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xalqımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bizim də qarşımızda duran əsas vəzifə əhalini tibbi müayinə barədə məlumatlandırmaq və ölkə başçısının tapşırığına uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsini təmin etməkdən ibarətdir.
Suraxanı rayonunun 214400 nəfər əhalisinin və rayonda məskunlaşmış 20296 nəfər məcburi köçkünün tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdur. Hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisələrində tibbi müayinədən keçir.
16 aprel  2016-cı il tarixədək Suraxanı rayonunda  112297 nəfər vətəndaş və 135 dən çox müəssisənin kollektivi tibbi müayinədən keçmişdir. 3957 nəfər vətəndaşda müxtəlif xəstəliklər aşkarlanıb. 169 nəfər stasionar müalicəyə cəlb edilmiş, 188 nəfər təkrar müayinə və müalicə olunmaq üçün Bakı şəhərinin müxtəlif xəstəxanalarına göndərilmişdir.
Rayonda əhalinin tibbi müayinəsinin aparıldığı müəssisələrdən biri də 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasıdır. Ölkəmizdə gedən abadlıq-quruculuq işlərinin tərkib hissəsi olaraq əsaslı təmirdən çıxmış 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının poliklinika  hissəsində rayonun idarə və müəssisələrində, təhsil ocaqlarında çalışanlar, pensiyaçılar axın-axın gələrək tibbi müayinədən keçirdilər. Rayon sakinlərinin mütəşəkkil surətdə tibbi müayinələrə cəlb olunmaları işin yüksək səviyyədə təşkilindən xəbər verirdi.
Qaraçuxur qəsəbəsi Yeni Günəşli yaşayış sahəsində yerləşən 24 nömrəli Birləşmiş  Şəhər Xəstəxanasının baş həkimi Azər Məmmədov bildirdi ki, xəstəxana 2014-cü ildə  əsaslı təmir olunmaqla müasir avadanlıqlarla təchiz olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin tibbi müayinəsinin keçirilməsi ilə bağlı tapşırığını yerinə yetirmək üçün xəstəxananın poliklinika şöbəsi tam hazır vəziyyətə gətirilmişdir. Əhalinin sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək insanların müalicəyə cəlb olunması məqsədi ilə keçirilən bu tədbir hamının ürəyincədir. Xəstəliklərin ilkin dövrdə aşkar olunması, xəstələrin dispanser qeydiyyatına götürülməsi sonrakı dövrlərdə onların müayinə və müalicəsində böyük əhəmiyyət kəsb edir.
Əhalinin müayinəsi tərtib edilmiş qrafikə əsasən aparılır. Sakinlər, əvvəlcə terapevt tərəfindən müayinə olunur, sonra isə ehtiyac yarandığı halda onlar cərrah, oftalmoloq, nevropatoloq, stomatoloq və sair ixtisaslı həkimlər tərəfindən müayinə edilirlər. Müəssisə 40077  nəfər böyük əhaliyə və 13258  uşağa xidmət edir. Xəstəxanaya gələnlər ümumi və biokimyəvi analiz verir, rentgen, kardioqram, ultrasəs və digər müayinələrdən keçirlər. Tibbi müayinə başlayandan bu günə qədər 28315  nəfər tibbi müayinədən keçib. Onlardan 26034 nəfəri böyük, 2281 nəfəri isə uşaqdır. Müayinədən keçən vətəndaşların 1585   nəfəri (1137 nəfər böyük, 448 uşaq) rentgen, 686 nəfəri (561 nəfər böyük, 125 uşaq)  USM aparatından, 4485 nəfəri (3161 nəfər böyük, 1324 uşaq) laboratoriya  və 527 nəfəri (448 nəfəri böyük, 79 uşaq) EKQ müayinəsindən keçib. Müayinədən keçən vətəndaşların  903  nəfərində (849 nəfər böyük, 54 uşaq) xəstəlik aşkar olunmuş, 24 nəfəri (19 nəfər böyük, 5 uşaq) stasionar müalicəyə cəlb edilmişdir.
Azər Məmmədov məlumat verdi ki, xəstəxanada işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında və müəyyən səbəblərdən poliklinikaya gələ bilməyən xəstə, əlil vətəndaşlara  evlərində tibbi xidmət göstərirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.
Baş həkim insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyaya görə xəstəxanada çalışan səhiyyə işçiləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirdi.
Qaraçuxur qəsəbəsi Yeni Günəşli “V” yaşayış sahəsində yaşayan sakin Həsənov Kamil Həmzə oğlu bildirdi ki, bütün müayinələrdən keçdim. Həkimlər və tibb bacıları məni xoş üzlə qarşıladılar. Bizim kimi imkansız insanlara müayinə olunmaq imkanı  yaratdığına görə dövlət başçısına təşəkkür edirəm.
Qaraçuxur qəsəbəsi Yeni Günəşli “D” yaşayış sahəsində yaşayan sakin Quliyeva Mehparə Ramazan qızı isə diqqətə çatdırdı ki, Prezidentimiz bizim səhhətimiz haqqında özümüzdən daha çox düşünür. Belə bir səhiyyə aksiyasının təşkil olunması haqqında tapşırıq verməsi bir daha sübut edir ki, dövlətimizin başçısı hər bir Azərbaycan vətəndaşını sağlam görmək istəyir.
Rayonda əhalinin tibbi müayinə tədbirləri davam etdirilir.

Keçidlər