Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda ilin 1-ci rübünün yekunları müzakirə olunmuşdur

14 aprel 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Suraxanı rayon İcra Hakimiyyəti başçısı yanında şuranın geniş iclasında ətraflı müzakirə olunmuş, qarşıda duran vəzifələr konkretləşdirilmişdir.
Şuranın geniş iclasında əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Sonra məruzə ilə çıxış edən  rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışında səsləndirdiyi başlıca müddəalar barədə ətraflı məlumat verdikdən sonra ilin birinci rübündə rayonun sosial-iqtisadi göstəricilərini şərh edərək bildirmişdir ki, 2016-cı ilin 1-ci rübü ərzində Suraxanı rayonunun sosial-iqtisadi inkişafı davam etdirilmiş, sənaye məhsulunun istehsalı  51,3 milyon manat, tikinti-quraşdırma işləri  7,7 milyon manat, nəqliyyat xidmətləri 1,2 milyon manat, əsas kapitala yönəldilən investisiyalar  1,9 milyon manat, kənd təsərrüfatı  0,9 milyon manat, pərakəndə ticarət dövriyyəsi  84,3 milyon manat, orta aylıq əmək haqqı 538 manat təşkil etmiş, əhaliyə 68,9 milyon manat məbləğində pullu xidmətlər göstərilmiş,  934 yeni iş yeri açılmışdır.
Cari ilin yanvar ayının 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “ATEF Sirkətlər Qrupu”nun Qaraçuxur qəsəbəsində İriqabaritli Transformatorlar Zavodu istifadəyə verilmiş, yeni Yüksəkgərginlikli Avadanlıqlar Zavodunun təməli qoyulmuşdur.
“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Suraxanı rayonu üzrə 54 tədbir nəzərdə tutulmuş, onların 5-i icra olunmuş, 19-nun icrasına başlanılmış, başa çatdırılan və başlanılan tədbirlər proqramın 44,5 faizini təşkil etmişdir.
Bu dövr ərzində 347 p.m. yeni qaz kəməri çəkilmiş, rayon əhalisinin 98,0 %-dən çoxu məişət qazı ilə təmin olunmuş, 10 ədəd Transformator Məntəqəsində, 8 ədəd Komplekt Transformator Məntəqəsində cari təmir işləri aparılmış, hal-hazırda rayon əhalisinin 100,0 %-i elektrik enerjisi ilə təmin olunmuş, müxtəlif diametrli borularla 10 min 795 p.m. su xətti çəkilmiş, 904 p.m. istilik xətləri dəyişdirilmiş, qazanxanalarda cari və əsaslı təmir işləri aparılmış, rayonun küçə və yollarında cari təmir işləri görülmüş, köhnə Bakı-Aeroport yolundan “Şuşa” köçkün şəhərciyinə gedən yolun asfaltlanması, Zığ dairəsi-Hövsan-Türkan-Qala avtomobil yolunun yenidən qurulması işləri davam etdirilmişdir.
Rayonun əməliyyat şirkətləri tərəfindən lay suları və neftlə çirklənmiş 1,0 hektar torpaq sahəsi təmizlənərək texniki rekultivasiya olunmuş, ümumi sahəsi 430 kv.m. olan müxtəlif ölçülü 5 ədəd gölməçə qurudulmuş, 10 ədəd quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənmiş, neft kollektorları təmir olunmuşdur.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlayan birinci “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində  Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda davamlı ağacəkmə aksiyaları keçirilir.
Rayonun mənzil-kommunal idarələri tərəfindən 13 ünvanda nümunəvi abad məhəllənin salınmasına və mövcud “Nümunəvi abad məhəllə”lərdə  təmir-bərpa işlərinə başlanılmış, işlərin may ayının ilk günlərində başa çatdırılması planlaşdırılır. Daxil olmuş müraciətlər əsasında rayonun mənzil-kommunal birlikləri tərəfindən yaşayış binalarının 4103 kv.m. ölçüdə dam örtüyü  təmir edilmişdir.  Yeni Günəşli “V” yaşayış sahəsində bir mini futbol meydançasının, Bülbülə və Qaraçuxur qəsəbələrində idman zallarının, Qaraçuxur qəsəbəsi, 318 saylı məktəbin qarşısında idman kompleksinin, Şahmat məktəbinin, 100 yerlik uşaq bağçasının tikintisi davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il fevralın 15-dən mayın 15-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı rayonda müvəffəqiyyətlə icra olunur. Bu günə qədər  107 min vətəndaş və 132 kollektiv tibbi müayinədən keçmişdir. Rayon sakinləri dövlət başçısının bu təşəbbüsünü alqışlayırlar.  
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədi ilə mart ayında təşkil olunmuş “Ölkəmizi tanıyaq” tur-aksiyasında bir qrup Suraxanı məktəblisi Naxçıvan Muxtar Respublikasında səfərdə olmuş, Bakı şəhərində səfərdə olan Naxçıvan məktəbliləri isə Suraxanı rayonuna gələrək “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğu ilə tanış olmuşlar.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına uyğun olaraq müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində və YAP Suraxanı rayon təşkilatında cari ilin birinci rübündə 19 məktəbdən 952 nəfər 11-ci sinif şagirdin iştirak etdiyi 7 açıq dərs keçirilmişdir.
Suraxanı Rayon İcra Hakimiyyətinin və Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Mərkəzdə eyni zamanda ayda bir dəfə tədris olunmaqla “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda 9-11-ci sinif şagirdlərinə açıq dərs keçirilir, bu dərslərdə bütün mövzular xüsusi hazırlanmış animasiya, foto, video materiallarla şagirdlərin diqqətinə çatdırılır. Həmin dərslər  2015-2016-cı tədris ilinin sonuna qədər davam etdiriləcək və rayonun bütün məktəblərini əhatə edəcəkdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93 illiyi ərəfəsində keçirilən açıq dərslərə yekun vurulacaq, fərqlənən müəllimlər və şagirdlər mükafatlandırılacaqlar.
Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə indiyədək 60 mindən yuxarı yerli və xarici ziyarətçi tanış olmuş, Mərkəzin Elektron kitabxanasının xidmətindən 15 mindən artıq istifadəçi faydalanmış, Mərkəzdə müxtəlif mərkəzi icra hakimiyyəti orqanları, ali təhsil müəssisələri, elmi institutlar, digər dövlət orqanları ilə birgə 175  tədbir keçirilmişdir.
Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirtdiyi “Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinə yekun vurulmuş, müsabiqənin qaliblərinə diplom, təşəkkürnamə və  mükafatlar təqdim olunmuşdur.
Sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin profilaktikası  sahəsində və gənclərin asudə vaxtının səmərəli təşkili məqsədi ilə rayonda yerləşən orta məktəblərdən, müəssisə və təşkilatlardan, idman klublarından yeniyetmə və gənclər cəlb olunmaqla ümumillikdə gənclər sahəsi üzrə 23, idman sahəsi üzrə 24 tədbir keçirilmiş, rayon məktəblilərin XXVIII spartakiadasına start verilmişdir.
Rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məsələləri daim nəzarətdə saxlanılmış, 2016-cı ilin 1-ci rübü ərzində rayonun aidiyyəti idarələri tərəfindən 7497 nəfərə 1 milyon 740 min manatdan artıq sosial müavinət ödənilmiş,  2400 ailəyə 1 milyon 138 min manatdan artıq ünvanlı dövlət sosial yardım göstərilmiş, 212 nəfər tənha, əlil vətəndaşa evdə sosial xidmət göstərilmiş, Rayon Məşğulluq Mərkəzinə müraciət edənlərdən 571 nəfəri işlə təmin etmişdir.
Rayon rəhbəri vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli icra strukturlarına verdiyi tapşırıqların icrası ilə bağlı Suraxanı rayon İcra Hakimiyyəti ilin birinci rübü ərzində məqsədyönlü tədbirlər həyata keçirmişdir. Rayonda iqtisadi durumun yaxşılaşdırılması, dotasiyalardan asılılığın minimuma endirilməsi məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, keçirilən tenderlərdə şəffaflığın təmin olunması, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması daim diqqət mərkəzində saxlanılmışdır.
Yerli infrastruktur layihələrinin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrası ardıcıl nəzarətdə saxlanılır. Sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqların təmin edilməsi məqsədilə tədbirlər görülür. Suraxanı RİH-də Apellyasiya Şurası yaradılmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli  Qərarına əsasən Bakı şəhərinin bir sıra rayonlarında, o cümlədən Suraxanı rayonu ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur.
Bu məqsədlə Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi, 34 və 36 ünvanda yerləşən istismara yararsız 2 mərtəbəli yaşayış binalarının əvəzinə tikintisi nəzərdə tutulan 12 və 14 mərtəbəli, 2 girişli  yaşayış binasının eskiz layihəsi tərtib olunmuş, Bakı Dövlət Layihə İnstitutu tərəfindən şəhərsalma əsaslandırılması sənədləri hazırlanmış və razılaşdırılması üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunmuşdur. 
Eyni zamanda Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov və Mədən küçələrində yerləşən istismara yararsız 5 ədəd 2 və 3 mərtəbəli yaşayış binalarının əvəzinə tikintisi nəzərdə tutulan 15 və 16 mərtəbəli, 6 girişli  yaşayış binasının eskiz layihəsi tərtib olunmuş, şəhərsalma əsaslandırılması sənədlərinin hazırlanması üçün Bakı Dövlət Layihə İnstitutu ilə müqavilə bağlanmışdır. 
2016-cı il 28 yanvar - 19 mart  tarixlərdə Əmircan, Yeni Suraxanı, Zığ və Hövsan qəsəbələrində “ASAN xidmət”in müasir texniki avadanlıqlarla təchiz edilmiş xüsusi avtobuslar vasitəsilə 4372 nəfər vətəndaşa səyyar formada xidmətlər göstərilmişdir.
Kənd təsərrüfatı məhsullarının satış yarmarkasının fəaliyyəti davam etdirilmiş və 2016-cı ilin 1-ci rübü ərzində əhaliyə 218 ton kənd təsərrüfatı məhsulları satılmışdır.
Ötən dövr ərzində təsdiq edilmiş tədbirlər planlarına əsasən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və aidiyyəti dövlət orqanlarının iştirakı ilə rayonda ənənəvi olaraq dövlət bayramları qeyd edilmiş və müxtəlif tədbirlər keçirilmişdir.
2016-cı ilin birinci rübündə yerlərdə görüş-qəbulların keçirilməsinə diqqət artırılmış, Rayon İcra Hakimiyyəti başçısının ümumilikdə 595 nəfər sakinin iştirakı ilə keçirilmiş 9 səyyar görüş-qəbulunda qaldırılan məsələlərə və təkliflərə əsasən aidiyyəti idarə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, icrasına daim nəzarət edilmişdir.
Rayon İcra Hakimiyyəti tərəfindən göstərilən xidmətlər haqqında məlumatlar Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim edilmiş və Elektron Reyestrə daxil edilmişdir.
Hesabat yığıncağında əldə olunmuş nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları də müzakirə olunmuşdur.
Sonda rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov xüsusi vurğuladı:  “Dövlətimizin başçısı cənab İlham Əliyevi bir daha əmin etmək istəyirəm ki, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin siyasi və iqtisadi kursuna sadiq olan rayonun əmək kollektivləri və sakinləri qəbul edilmiş Dövlət Proqramlarında müəyyən olunmuş  iqtisadi inkişaf hədəflərinin təmin olunması, nəzərdə tutulmuş bütün işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, qazanılmış uğurların daha da artırılması üçün əzmiylə çalışacaq, rayonun inkişaf etdirilməsi və abadlaşdırılması naminə  üzərimizə düşən vəzifələri bundan sonra da məsuliyyətlə yerinə yetirəcəyik.”
Milli Məclisin üzvü Fərəc Quliyev şuranın geniş iclasında çıxış etmişdir.

Keçidlər