Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunun ictimaiyyəti ordumuza dəstək nümayiş etdirdi

05 aprel 2016 | 16:00

Suraxanı rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Suraxanı rayon Təşkilatının birgə təşkilatçılığı ilə RİH-in böyük akt zalında Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının aprelin 2-də keçirilmiş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışına dəstək tədbiri keçirilmişdir.
Rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, ziyalıların və gənclərin qatıldığı tədbirdə Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbiri açan rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirdi ki, aprelin 2-də gecə saatlarından etibarən Ermənistan hərbi qüvvələri Azərbaycan kəndlərini, yaşayış məntəqələrini böyük miqyaslı silahlar – top və pulemyotlardan atəşə tutub, hərbi mövqelərimizə ardıcıl zərbələr endirilib.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən aprelin 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimiz iriçaplı silahlardan, minaatanlardan, qumbaraatanlardan və artilleriya qurğularından intensiv atəşə tutulub. Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin yığcam yaşadığı bir sıra yaşayış məntəqələri də düşmənin atəşinə məruz qalıb. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 və 120 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini, ümumilikdə, 127 dəfə pozub. Qarşı tərəfin hərbi fəallığını genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib.
Azərbaycan Ordusu vətəndaşların təhlükəsizliyini və öz mövqelərini qorumaq üçün Ermənistan silahlı qüvvələrinə lazımi cavabı verib və onları geri oturdub. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində cəmləşən hərbi hədəflərin koordinatları əvvəlcədən müəyyənləşdirilib. Silahlı Qüvvələrimizin atəş gücü vasitəsilə edilən həmlələr nəticəsində düşmənin döyüş texnikası, xeyli sayda canlı qüvvəsi və digər hərbi infrastrukturu sıradan çıxarılıb. Düşmənin çoxlu sayda hərbi qulluqçusu - polkovnik və general rütbəli zabitləri də zərbə nəticəsində məhv edilib.
Rayon rəhbəri ermənilərin xeyli sayda canlı qüvvə və hərbi texnika itirərək qorxu içində geri çəkilməsini və işğal altında olan mövqelərin Silahlı Qüvvələrimizin nəzarəti altına keçməsini ordumuzun mühüm qələbəsi kimi dəyərləndirdi. Xüsusi vurğulandı ki, ordumuz tərəfindən əldə edilmiş bütün bu uğurlar Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında davamlı inkişaf edən, maddi-texniki bazası daim gücləndirilən Azərbaycan Silahlı Qüvvələrinin və Azərbaycan xalqının tarixi nailiyyətidir.
Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov,  şəhid Elxan Həsənovun həyat yoldaşı Fatma Həsənova, Qarabağ müharibəsi veteranı, 1993-1994-cü illərdə Suraxanı batalyonunun komandiri olmuş Oqtay Əliyev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Suraxanı rayon Veteralar Şurasının sədri Eldar Rüstəmov, Bülbülə Veteranlar Şurasının sədri Mirzəağa Quliyev, Əmircan məscidinin axundu Rəhim Kərimov , Milli Qəhrəman Cavanşir Rəhimovun anası Lalə Rəhimova, Böyük Vətən Müharibəsi veteranı Seyfulla Baxışov, YAP Suraxanı rayon Gənclər Biliyinin üzvü Emil Lətifov çıxış etdilər.
Tədbiri yekunlaşdıran İlqar Abbasov xüsusi vurğuladı ki, 2016-cı il aprelin 2-si Azərbaycan Ordusunun tarixində parlaq qələbə günü kimi qalacaqdır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevi, Azərbaycan Ordusunu, Silahlı Qüvvələrimizin bütün şəxsi heyətini bu böyük qələbə münasibətilə Suraxanı rayon ictimaiyyəti adından təbrik edirəm.
Sonda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə müraciət qəbul edildi.

Keçidlər