YAP-ın 20 illiyi Suraxanıda geniş qeyd edilir
Bu günlərdə ölkəmizin hər yerində olduğu kimi Suraxanı rayonunda da Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi münasibəti ilə silsilə tədbirlər keçirilir.
30 oktyabr 2012-ci il tarixdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzi, YAP Suraxanı rayon Təşkilatı və Suraxanı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Müstəqilliyimizlə birgə addımlayan Yeni Azərbaycan Partiyası” mövzusunda konfrans keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsi önünə tər güllər qoymuş və Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar. Mərkəzin Elektron lektoriya zalında Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yol haqqında film nümayiş etdirilmişdir. Daha sonra konfrans öz işinə başlamışdır.
Konfransı giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyası tarixi zərurətdən - XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi vəziyyətin doğurduğu zərurətdən yaranmış siyasi təşkilatdır.
Müstəqillik qazanıldıqdan sonar başlanan dövlət quruculuğu prosesi çox böyük problemlər və çətinliklərlə həyata keçməyə başladı. Bunların bir qismi Ermənistanın ölkəmizə ərazi iddiaları irəli sürməsi və bu məqsədlə hərbi təcavüzə əl atması nəticəsində Azərbaycanın torpaqlarını işğal etməsi ilə bağlı idi.
Müstəqil dövlət quruculuğu üçün ciddi maneə yaradan digər problem isə həmin dövrdə səriştəsiz və təsadüfi adamların Azərbaycanda siyasi hakimiyyəti ələ keçirmələri ilə bağlı idi.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev həmin dövrdə ictimai-siyasi proseslərə fəal şəkildə qoşulmağı məqsədəuyğun hesab etmirdi. Bu görkəmli siyasətçi hətta Naxçıvan Ali Məclisinin Sədrliyinə də Muxtar Respublika əhalisinin və Ali Məclis üzvlərinin çoxsaylı təkidlərindən və xahişlərindən sonar razılıq vermişdi.
Hadisələrin gedişi isə göstərdi ki, əslində nəinki təkcə düşüncə adamları, ziyalılar, sadə zəhmət adamları, ümumiyyətlə, cəmiyyətin bütün təbəqələri Heydər Əliyevin fəal siyasi həyata qayıtmasını tələb edir. Cəmiyyətin demokratik qüvvələri, ziyalıları və bütövlükdə Azərbaycan xalqı öz istəklərində daha qabağa gedərək Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə yanaşı, onun adı ilə bağlı böyük bir siyasi partiyanın yaradılmasını da zəruri hesab edirdilər.
Sonralar Heydər Əliyev özü bu barədə belə deyirdi: “Bax. Bu səpgidə Yeni Azərbaycan Partiyasının yaradılması məsələsi qaldırıldı. Bu barədə çoxları gəlib mənə müraciətlər edirdi, günlərlə Naxçıvanda vaxt keçirirdilər, mənimlə danışıqlar aparıadılar, belə bir partiyanın yaradılması üçün təkliflər verirdilər. … Bu təklifi qəbul etmək üçün o vaxtlar imkan və şərait yox idi. … Lakin bu proseslər, eləcə də tək Bakıdan deyil, Azərbaycanın bir çox şəhərlərindən, rayonlarından mənə, Naxçıvana ardı-arası kəsilmədən gələn məktublar elə bir şəraitə gətirib çıxardı ki, mən Yeni Azərbaycan Partiyasının yaranmasına razılıq verdim. … Xatirinizdədir, mənimlə uzun müddət danışıqlar aparandan sonar böyük bir müraciət hazırlandı və onu 91 nəfər Azərbaycan ziyalısı imzaladı”.
Hamınızın yaxşı bildiyiniz kimi Azərbaycanda geniş əks-səda doğuran və geniş müzakirələrə səbəb olan Azərbaycan ziyalılarının müraciətinə Ulu Öndər Heydər Əliyev səkkiz gündən sonra “Yeni, müstəqil Azərbaycan uğrunda!” çağırışı ilə başlayan cavab verdi.
Bunula da, Azərbaycanın siyasi həyatına Yeni Azərbaycan Partiyası adlı möhtəşəm bir təşkilat daxil oldu.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev daha sonar qeyd edirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir… Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan adamların şəxsi təşəbbüsü ilə, onların ətrafında toplaşan adamların təşəbbüsü ilə yaranan partiyalardır. Azərbaycanda onların çoxu, elə yaranan zamandan indiyədək, çox kiçik bir partiya, yaxud qrupdurlar.
Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərəsinin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır”.
Elə bugünkü konfransımızın məqsədi də Yeni Azərbaycan Partiyasının yaranma tarixinə və 20 il ərzində keçdiyi şərəfli yola bir daha nəzər salmaqdan ibarətdir.
Sonra məruzə ilə çıxış etmək üçün söz YAP Suraxanı rayon təşkilatının sədri cənab Vüqar Seyidova verildi. Vüqar Seyidov Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yol haqqında ətraflı çıxış edərək qed etdi ki, hazırda sıralarında üzvlərinin sayı 600 minə yaxınlaşan Yeni Azərbaycan Partiyasının hər bir üzvü təmsil olunduğu siyasi partiyanın bu inkişafdakı rolu ilə fəxr edir. Partiyamızın gücü tək üzvlərimizin sayında deyil, həm də xalqımızın bu partiyaya sevgisində, inamındadır. Partiyamızın sıralarında Azərbaycanın ən aparıcı intellektual və zəka sahibi olan insanları təmsil olunurlar. Yeni Azərbaycan Partiyası hazırda MDB məkanının ən böyük siyasi təşkilatlarından biridir, partiyamızın beynəlxalq əlaqələri çox genişdir. YAP Avropa Xalqlar Partiyasının üzvüdür, müxtəlif ölkələrin hakim partiyaları ilə xoş münasibətlərə sahibdir. Əlbəttə ki, sadalanan faktlar YAP-ın nüfuzunun, siyasi çəkisinin və ictimai dəstəyinin göstəriciləridir.
Məruzə ətrafında Milli Məclisin deputatı Ağacan Abıyev, YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin birinci müavini Vaqif Əliyev, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, partiya veteranı Dəmir İsgəndərov, YAP Suraxanı rayon gənclər təşkilatının sədri Zəkiyyə Musayeva, Şövkət Xanməmmədova çıxış etdilər.
Konfransın işini yekunlaşdıran İlqar Abbasov qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin böyüklüyü həm də əsasını qoyduğu siyasəti yeni dövrün tələblərinə uyğun davam etdirə biləcək qüdrətli lider və etibarlı davamçı yetişdirməsindədir.
2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyevin ilk bəyanatı ondan ibarət olmuşdur ki, Azərbaycan indiyədək getdiyi yolu davam etdirəcək, Heydər Əliyev kursu dönmədən həyata keçiriləcəkdir.
Cənab İlham Əliyev Prezident seçildiyi vaxtdan bu günə qədər Azərbaycanın bütün sahələr üzrə inkişafı, tək ölkədə deyil, ölkədən kənarda da öz layiqli qiymətini alıb.
2003-cü illə müqayisədə bu gün Azərbaycanın dövlət büdcəsi 22 dəfə artmışdır. Orta aylıq əməkhaqqı yüksəlmiş, ümumdaxili məhsul artmış, qeyri-neft sektoru intensiv surətdə inkişaf etməyə başlamışdır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı cənab İlham Əliyevin 2004-cü və 2008-ci illərdə təsdiq etdiyi dövlət proqramları, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" uğurla icra olunur.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müəllifliyi ilə son 9 ildə Azərbaycanın möhtəşəm inkişaf salnaməsinin yeni parlaq səhifələri yazılır. Heydər Əliyevin strateji inkişaf kursunu müasir mərhələyə uyğun zənginləşdirən dövlət rəhbərinin yürütdüyü məqsədyönlü siyasətin uğurları çağdaş Azərbaycanın şanlı tarixinə çevrilir. Cəmiyyət dinamik inkişaf edir, müasir dünyada gedən proseslərə uyğun olaraq Azərbaycanın sosial-iqtisadi həyatında, qanunlarında, insanların həyat tərzində, idarəçilikdə müvafiq dəyişikliklər həyata keçirilir. İnsanların təfəkkür, düşüncə tərzi hazırkı dövrün çağırışlarına uyğun olaraq yeniləşir, müasirləşir. Eyni zamanda milli özünəməxsusluq və adət-ənənələr də qorunub saxlanılır.
Son 20 ildə addım-addım gələcəyə doğru inamla gedən Azərbaycan Dünya dövlətləri sırasında önə çıxmış və özünü təsdiqləməyə nail olmuş, regionun qüdrətli dövlətinə çevrilmişdir. Bu illər ərzində biz hamımız misligörünməmiş tərəqqinin şahidi olmuşuq.Təkcə bu ilin 9 ayının yekunlarına nəzər salsaq inkişafımızdan haqlı olaraq qurur duyarıq. Bu inkişaf büynəlxalq qurumların hesabatlarında mütəmadi olaraq öz əksini tapır.
Azərbaycan çox sayda, müxtəlif formatlı beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu yaxınlarda keçirilən İkinci Bakı Beynəlxalq Humanitar Forumunu, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Bakıda keçirilən XII zirvə toplantısı misal göstərmək olar.
Bütün bunlar günümüzün reallığı və dövlətimizin uğurlarıdır.
Əlbəttə ki, bütün bu nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kurs və partiyamızın Sədri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Məhz, bu gün Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə aparılan sosial-iqtisadi inkişaf siyasəti xalqımızın partiyamıza etimadının əsas təməlini təşkil edir.
Bu gün tam cəsarətlə və böyük iftixar hissi ilə demək olar ki, 20 ilə yaxın iqtidar partiyası adı daşıyan partiyamız Azərbaycan xalqına hədsiz xidmətlər göstərmiş və xalqımızı, millətimizi, ölkımizi o ağır günlərdən çıxarıb bugünkü vəziyyətə gətirib çatdırmışdır.
Tədbir Ümummilli Liderimizin sözləri ilə yekunlaşdı: “Mən əminəm ki, Yeni Azərbaycan Partiyasına yeni-yeni gənc üzvlər gələcəklər, bu partiyanın prinsiplərini günü-gündən yüksəklərə qaldıracaqlar və Yeni Azərbaycan Partiyası Azərbaycanın gələcəyinə xidmət edəcəkdir”.
Sonda YAP sıralarına yeni daxil olmuş bir qrup gəncə partiya vəsiqələri, YAP-ın yaranmasının 20 illiyi münasibəti ilə bir qrup YAP Suraxanı rayon Təşkilatı fəalına isə xatirə hədiyyəsi verildi.