Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda “31 mart Azərbaycanlıların Soyqırımı Günü” qeyd edilmişdir

31 mart 2016 | 16:00

Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin, Suraxanı rayon İcra Hakimiyyətinin və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə “31 mart Azərbaycanlıların Soyqırımı Günü” qeyd edilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın üzvlərinin, YAP Suraxanı rayon təşkilatının fəallarının və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir dövlət himninin səsləndirilməsi ilə başladı. Bir dəqiqəlik sükutla soyqırımı şəhidlərinin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş igid oğul və qızlarımızın əziz xatirəsi yad edildi.
Sonra Bakı Kölgə Teatrının aktyorlarının ifasında erməni vəhşiliyini əks etdirən “Əsgər papağı” tamaşası nümayiş olundu.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, hər il mart ayının 31-i ölkəmizdə dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir.  Rayonda “31 mart  Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Rayon rəhbəri bildirdi ki, bu təqvim son yüz ildə Azərbaycan tarixində baş vermiş faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə öldürülməsini, repressiyalara məruz qalmasını XX yüzilliyin ən qanlı səhifələrindən biri hesab etmək olar. 1918-ci il martın 30-31-də Bakı Kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımına imza atmışlar. Bu soyqırımının əsl hüquqi-siyasi qiyməti isə Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra verilmişdir.
İlqar Abbasov vurğuladı ki, Mart hadisələrinin 80-ci ildönümündə - 1998-ci il martın 26-da Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur.
Erməni millətçilərinin xalqımıza qarşı apardığı bu mənfur siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu "Böyük Ermənistan" dövləti qurmaqdır.
Bu məqsədlə mərhələlərlə həyata keçirilən terror və soyqırımı siyasətinin qanlı fəsadları təkcə böyük türk dünyasının deyil, bütün bəşəriyyətin başı üstünü qara kabus kimi bürüməklə, əsrlər boyu bu vandalizmin qurbanı olmuş Azərbaycan xalqının qan yaddaşında dərin izlər buraxmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli "Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında" sərəncamı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətdə atılan mühüm addımlardan biridir. Belə bir kompleksin inşaası son dərəcə vacib əhəmiyyətə malikdir.
Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun bu faciələrlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində göstərdiyi dəyərli fəaliyyət İlqar Abbasov  tərəfindən xüsusi qeyd edildi və diqqətə çatdırıldı ki, bu istiqamətdə sistemli və ardıcıl fəaliyyət göstərən Heydər Əliyev Fondu Ermənistanın ölkəmizə qarşı təcavüzünün acı nəticələrinin dünya birliyinə çatdırılması üçün müxtəlif səviyyəli tədbirlər təşkil edir. Dağlıq Qarabağ münaqişəsində xalqımızın üzləşdiyi faciələri əks etdirən filmlərin, fotosənədlərin, kitabların və digər kütləvi nəşrlərin yayılması bu baxımdan mühüm əhəmiyyətə malikdir.
İlqar Abbasov xüsusi vurğuladı ki, “Xocalıya ədalət” Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyası beynəlxalq humanitar hərəkatların avanqardı kimi, müasir dünyada ədalət və həqiqətin dayağı olmaq missiyasını həyata keçirənlər sırasında layiqli yer tutur. 2008-ci il mayın 8-də Şuşanın işğalının ildönümü günü Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayan “Xocalıya ədalət” kampaniyası hazırda 80-dən artıq ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla həyata keçirilir.
Tədbirdə çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov qeyd etdi ki, 31 mart və Xocalı soyqırımlarının dünya ictimaiyyətinə çatdırılması üçün indiyədək görülmüş işlər daha da genişləndirilməli, bu sahədə virtual məkanın - internetin hüdudsuz imkanlarından geniş istifadə olunmalıdır.
Sonda Bakı Kölgə Teatrına Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin xatirə hədiyyəsi, aktyorlara isə YAP Suraxanı rayon təşkilatının fəxri fərmanları təqdim olundu.
Tədbirdə Milli Məclisin deputatı Sevinc Fətəliyeva iştirak etmişdir.

Keçidlər