“Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində Suraxanıda məktəblilərin təntənəli yolasalma mərasimi olmuşdur
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədi ilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə “Ölkəmizi tanıyaq” tur-aksiyaları təşkil olunur.
“Ölkəmizi tanıyaq” tur-aksiyaların növbəti mərhələsində 16 mart 2016-cı il tarixdə Suraxanı məktəblilərinin Naxçıvan MR-ə təntənəli yolasalma mərasimi olmuşdur.
“Ölkəmizi tanıyaq” layihəsində fəal iştirak edən Suraxanı rayon məktəbliləri əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər və önünə gül dəstələri düzdülər. Layihə iştirakçıları ilə keçirilən görüşdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirdi ki, dövlət başçısının tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə rayon məktəblərinin IX-XI siniflərinin nümunəvi şagirdlərindən ibarət birinci qrup maarifləndirici aksiyada iştirak edir. Tur-aksiya ölkəmizin tarixinin, mədəniyyətinin və adət-ənənələrinin dərindən öyrənilməsi məqsədi daşıyır. Bu səfərlər ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradır. İlqar Abbasov qeyd etdi ki, 2014-cü ilin avqust ayından başlanan və 4 mərhələdə keçirilən tur aksiyalarda 74 şəhər və rayondan 5155 şagird iştirak edib. Martın 16-dan 19-dək və 24-dən 27-dək keçiriləcək beşinci tur- aksiyasında isə 54 şəhər və rayondan 1980 şagird iştirak edəcək. Suraxanı məktəbliləri bu tur-aksiyada Naxçıvan Muxtar Respublikasına səfər edəcəklər.
Naxçıvan bölgəsinin zəngin abidələri Azərbaycanın milli maddi-mədəni irsinin ən parlaq nümunələri sırasındadır. Naxçıvan minilliklər ərzində coğrafi mövqeyi və tarixi ənənələri ilə vəhdət təşkil etməklə Azərbaycanın mühüm strateji əhəmiyyətə malik qədim bir bölgəsidir. Azərbaycanın qədim mədəniyyətinin və tarixi varisliyinin öyrənilməsində Naxçıvanın arxeoloji abidələrinin müstəsna əhəmiyyəti vardır.
İlqar Abbasov xüsusi vurğuladı ki, Naxçıvan Azərbaycan xalqına böyük şəxsiyyət Ulu Öndər Heydər Əliyevi bəxş etmişdir. Naxçıvanın inkişafı Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndər Heydər Əliyev blokada şəraitində yaşayan Naxçıvanda siyasi fəaliyyət göstərdiyi qısa zaman kəsiyində dövlətçiliyimizin, müstəqilliyimizin bərpası üçün çox mühüm qərarlar qəbul edilmişdir. İlk dəfə olaraq Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul olunmuşdur.
Bu gün ölkəmizdə gedən genişmiqyaslı abadlıq-quruculuq işləri Naxçıvan Muxtar Respublikasından da yan keçməmişdir. Naxçıvan Muxtar Respublikası sürətlə inkişaf edir, günü-gündən gözəlləşir, abadlaşır. Səfər zaman siz bu inkişafı, abadlığı öz gözlərinizlə görəcəksiniz.
Sonra şagirdlər Heydər Əliyev Mərkəzi ilə tanış oldular. Tədbir rayonun mədəniyyət kollektivlərinin hazırladıqları konsert proqramı ilə davam etdi.
Sonra şagirdlər onlar üçün ayrılan avtobusla Heydər Əliyev Hava limanına yola düşdülər.
Məlumat üçün bildirək ki, turun mütəşəkkil və nümunəvi qaydada təşkil edilməsi məqsədi ilə Rayon İcra Hakimiyyətində qərargah yaradılıb. Qərargah üzvləri əvvəlcədən tur səyahəti üçün zəruri təşkilatı tədbirləri görüb və ekskursiyaya gedən şagirdlərlə ətraflı izahat işləri aparıblar. Aksiyada şagirdlər vaxtlarını səmərəli keçirtməklə yanaşı həm də Naxçıvanın qədim tarixi-memarlıq abidələri ilə tanış olacaqlar, görməli yerlərini gəzəcəklər.Şagirdlər onlara yaradılan bu şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər.