Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda Novruz bayramı geniş qeyd edilir

15 mart 2016 | 16:00

15 mart 2016-cı il tarixdə ilaxır çərşənbəsi günü Suraxanı rayon İcra Hakimiyyətinin və Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə milli adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı münasibəti ilə “Atəşgah Məbədi” Tarix-Memarlıq Qoruğunda ümumrayon bayram şənliyi keçirilmişdir.
Bayram tədbirində Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, RİHB yanında Şuranın üzvləri, rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, sənaye müəssisələrinin rəhbərləri, 3 mindən yuxarı rayon ziyalıları və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
“Atəşgah Məbədi”nin qarşısı baharın gəlişi münasibətilə başdan-başa bayram libasına bürünmüşdü. Meydanın ortasına yerləşdirilmiş böyük səməni şənliyə xüsusi yaraşıq verirdi.
Bahar qız, Keçəl, Kosa şənliyə gələnlərə el adətincə səməni, xonça və şərbət təqdim edir, bayram münasibəti ilə təbrik edir, məzəli söhbətləri ilə onlara bayram əhval-ruhiyyəsi bəxş edirdilər.
Meydana toplaşmış çoxsaylı rayon ictimaiyyətinin nümayəndələri Bakı şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə  “Atəşgah Məbədi” Tarix-Memarlıq Qoruğundan od götürmək üçün gələn qonaqları böyük mehribanlıqla qarşıladılar. Qonaqlar da rayonun bayram şənliyinə qoşuldular.
Şən, oynaq musiqi sədaları ətrafı bürümüşdü. Milli geyimli qızlar, oğlanlar meydanda rəqs edirdilər. Tanınmış incəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnıları dalğa-dalğa hər tərəfə yayılır, bayram mərasiminin iştirakçılarında xoş ovqat doğururdu.
El ağsaqqalı Dədə Qorqud xalqımızı qədim el bayramı münasibətilə ürəkdən təbrik etdi. Azərbaycanın xoşbəxt gələcəyi, firavanlığı, ölkəmizin dirçəlişi və ərazi bütövlüyünün bərpası naminə gördüyü işlərdə Azərbaycan Respublikasının Prezidentini cənab İlham Əliyevə uğurlar arzuladı.
Rayon  ağsaqqallar şurasının sədri Arif Babayev “Atəşgah Məbədi”ndən götürdüyü odla bayram tonqalını alovlandıraraq xalqımızı qədim el bayramı münasibətilə ürəkdən təbrik etdi.
Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov rayon sakinlərini tədbik edərək xüsusi vurğuladı ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev milli–mənəvi dəyərlərimizə həmişə böyük hörmətlə yanaşmış, adət-ənənələrimizin qorunub saxlanmasına daim diqqət və qayğı göstərmişdir. Xalqımız bugünkü Novruzu da böyük ruh yüksəkliyi ilə bayram edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz müstəqillik, demokratiya yolu ilə inamla addımlayaraq bütün sahələrdə geniş islahatlar proqramını həyata keçirir, Müstəqil Azərbaycanımız dünya birliyinə inamla inteqrasiya edir, iqtisadiyyatımız durmadan inkişaf edir. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva xalqın milli varlığını özündə yaşadan hər bir maddi-mənəvi və intellektual  irsə böyük həssaslıqla yanaşır, milli mədəniyyətimizin dünya arenasına çıxmasında və təbliğində çox böyük işlər görür.
Rayon rəhbəri Azərbaycanın xoşbəxt gələcəyi, firavanlığı, ölkəmizin dirçəlişi və ərazi bütövlüyünün bərpası naminə gördüyü işlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə uğurlar arzuladı.
Bayram konsertinin aparıcıları öz çıxışlarında qeyd etdilər ki, xalqımız doğma Azərbaycanımızın hər yerində qədim el bayramı olan Novruzu böyük sevinc və yüksək əhval-ruhiyyə ilə qarşılayır. Novruz öz çal-çağırı, qədim mərasimləri, gur tonqalları ilə yüz illərdir ki, xalqımızın sevinc, şadlıq mənbəyi, gün-güzaranının yaraşığı olmuş, tariximizin müxtəlif dövrlərində təzyiqlərə məruz qalsa da, bu günümüzə qədər gəlib çatmış, dövlət səviyyəsində qeyd olunan bayramlar sırasına daxil olmuşdur.
Bayram şənliyində tanınməş incəsənət ustaları, rayonun mədəniyyət ocaqlarının bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdirdilər, "Kosa, Keçəl və Bahar qız" tamaşasını göstərdilər, rəngarəng konsert proqramı ilə çıxış etdilər. Bayram şənliyində bir tərəfdə gənc pəhləvanlar xalça üzərində qurşaq tutur, idmançılar, kəndirbazlar öz məharətlərini göstərir, digər tərəfdə isə qədim şərq bazarı, sərgilənən misgərlik əşyaları, xalça, palac, kilim iştirakçıların marağına səbəb olurdu. Şənlik iştirakçıları qədim xalq mahnılarını ifa edir, milli musiqinin sədaları altında rəqs edirdilər. Bu əziz bayramı Suraxanı sakinləri böyük sevinc və fərəhlə qeyd etdirlər.
Bayram tədbirləri rayonda davam edir.

Keçidlər