Suraxanı rayonunda əhalinin tibbi müayinəsi uğurla keçirilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq əhalinin pulsuz tibbi müayinəsi Suraxanı rayonunda uğurla keçirilir.
Rayon İcra Hakimiyyəti başçısının 03 fevral 2016-cı il tarixli 13 saylı sərəncamı ilə tibbi müayinənin yüksək səviyyədə, operativ təşkil edilməsi məqsədi ilə rayon İcra Hakimiyyətində komissiya yaradılmış, rayon ərazisində yerləşən müəssisə və idarələrin kollektivlərinin tibbi müayinədənkeçmə qrafiki tərtib olunmuşdur. Rayon ərazisində fəliyyət göstərən 4 xəstəxanada, 4 poliklinikada və 1 ambulatoriyada 15 fevral tarixdən əhalinin pulsuz tibbi müayinəsi keçirilir.
Müayinələr zamanı müəyyən xəstəliklərin aşkar olunduğu tədqirdə proflaktik tədbirlərin həyata keçirilməsi insanların sağlamlığı üçün faydalıdır və əhəmiyyətlidir.
Suraxanı rayonun 214400 nəfər əhalisinin və rayonda məskunlaşmış 20296 nəfər məcburi köçkünün tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdur. Hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisələrində tibbi müayinədən keçir.
04 mart 2016-cı il tarixədək Suraxanı rayonunda 36 minə yaxın vətəndaş və 34-dən çox müəssisənin kollektivi tibbi müayinədən keçmişdir. 1691 nəfər vətəndaşda müxtəlif xəstəliklər aşkarlanıb. 73 nəfər stasionar müalicəyə cəlb edilmiş, 69 nəfər təkrar müayinə və müalicə olunmaq üçün Bakı şəhərinin müxtəlif xəstəxanalarına göndərilmişdir.
8 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Sədaqət Şahi bildirdi ki, Xəstəxana tam təmir olunub və müasir avadanlıqlarla təchiz olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin tibbi müayinəsinin keçirilməsi ilə bağlı tapşırığını yerinə yetirmək üçün xəstəxananın poliklinika şöbəsi tam hazır vəziyyətə gətirilmişdir. Bugünkü aksiya onu göstərir ki, əhalinin sağlamlığının qorunması Azərbaycan dövlətinin əsas hədəflərindəndir. İllərlə həkimə müraciət etməyənlər indi müayinələrə cəlb olunurlar. Müayinələrin əsas məqsədi xəstəliklərin erkən aşkarlanmasıdır. Əhalinin müayinəsi tərtib edilmiş qrafikə əsasən aparılır. Sakinlər əvvəlcə terapevt tərəfindən müayinə olunurlar. Sonra isə ehtiyac yarandığı halda onları cərrah, oftalmoloq, nevropatoloq, stomatoloq və sair ixtisaslı həkimlər müayinə edirlər. Müəssisəmiz 17535 nəfər uşağa xidmət edir. Xəstəxanaya gələn uşaqlar ümumi və biokimyəvi analiz verirlər, rentgen, kardioqram, ultrasəs və digər müayinələrdən keçirlər. Tibbi müayinə başlayandan bu günə qədər 2538 nəfər uşaq tibbi müayinədən keçib. Bunlardan 14 nəfəri rentgen, 5 nəfəri USM aparatından, 72 nəfəri laboratoriya və 53 nəfəri EKQ müayinəsindən keçib. Müayinədən keçən uşaqların 259 nəfərində xəstəlik aşkar olunub və 13 nəfəri stasionar müalicəyə götürülüb. Xəstəlik aşkar edilən uşaqların müalicəsi istiqamətində işlər görülür. Sədaqət Şahi məlumat verdi ki, xəstəxanada işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında və müəyyən səbəblərdən poliklinikaya gələ bilməyən uşaqlara evlərində tibbi xidmət göstərirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.
Əmircan qəsəbə sakini Mehranə Qasımova 8 nömrəli BUX-nin tibbi heyətindən, burada yaradılan şəraitdən razılığını bildirdi və vətədaşların qayğısına diqqətlə yanaşdığına görə dövlət başçısının bu təşəbbüsünün təqdirəlayiq olduğunu vurğuladı. 15 fevraldan başlayan bu aksiya bir daha sübut etdi ki, cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidentidir.
Əmircan qəsəbə sakini Fatma Həsənova da bildirdi ki, övladlarımı bütün müayinələrdən keçirdim. Həkimlər və tibb bacıları məni mehribanlıqla qarşıladılar. Belə şəraiti bizə yaratdığına görə Prezidentimizə minnətdarlığımızı bildiririk. Növbəti dəfə start verilən əhalinin pulsuz tibbi müayinəsinin keçirilməsi bir daha sübut edir ki, cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşının sağlamlığının qayğısına qalır.