Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən “Əbədi ezamiyyət” sənədli filminin təqdimatı olub

02 mart 2016 | 16:00

2 mart 2016-cı il tarixdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin, Suraxanı rayon İcra Hakimiyyətinin, YAP Suraxanı rayon təşkilatının və YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan “Əbədi ezamiyyət” sənədli filminin rayon ictimaiyyətinə təqdimatı keçirilib.
Təqdimat mərasimində rayon İcra Hakimiyyət başçısı yanında Şuranın üzvləri, ictimaiyyətin nümayəndələri, YAP Gənclər Birliyinin fəalları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan  abidəsini ziyarət etdilər.
Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən təqdimatda filmin nümayişindən əvvəl layihə haqqında söhbət açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirdi ki, “Əbədi ezamiyyət” filmi Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir. Yaradıcı heyət filmin hazırlanması üçün Bakı, Tbilisi, Moskva, Sankt-Peterburq və Paris şəhərlərindəki arxivlərdə araşdırmalar aparıb, Fransada Azərbaycan mühacirəti ilə bağlı tədqiqat aparan alimlərlə görüşləri və söhbətləri lentə alıb. Layihənin rəhbəri və filmin baş prodüseri Arzu xanım Əliyevadır.
Filmin rejissoru Fariz Əhmədov çəklişlə bağlı məlumat verdikdən sonra film təqdim olundu. Bir saatadək davam edən film böyük maraqla izlənildi.
Filmin nümayişindən sonra Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov film haqqında danışaraq qeyd etdi ki, “Əbədi ezamiyyət” sənədli filmi Azərbaycanın müstəqillik tarixinin nisbətən az öyrənilən daha bir qaranlıq səhifəsinə işıq salır, xalqımızın və dövlətimizin bugünkü uğurlara çatmaq üçün keçdiyi keşməkeşli tarixə qürur hissi ilə baxmağa imkan verir.
İlqar Abbasov xüsusi vurğuladı ki, bu layihənin reallaşmasında Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın müstəsna rolu var.
Azərbaycan xalqı müstəqilliyə çatmaq, bugünkü uğurlara nail olmaq üçün uzun bir tarixi yol keçib, bu yolda çoxlu qurbanlar verib, uzun illər gərgin mübarizə aparmalı olub. Nəticədə 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan edilib. Lakin gənc respublikanın dünya birliyi tərəfindən tanınması o qədər də asan başa gəlməyib. Məlum olduğu kimi, Birinci Dünya müharibəsinin başa çatması ərəfəsində beynəlxalq aləmdə gedən qlobal proseslərə siyasi qiymət vermək məqsədilə Paris Sülh Konfransının çağırılması qərara alınıb. Azərbaycan Xalq Cümhuriyyəti də xalqımızın milli dövlət quruculuğu sahəsində gördüyü işlər barədə məlumat vermək, yeni dövlətin məqsəd və məramını dünya liderlərinin diqqətinə çatdırmaq, xüsusən Azərbaycanın müstəqilliyinin beynəlxalq birlik tərəfindən tanınmasına nail olmaq məqsədilə 1919-cu ilin yanvarında Paris Sülh Konfransına nümayəndə heyəti göndərib. Təxminən bir illik mübarizədən sonra Paris Sülh Konfransı 1920-ci ilin yanvarında Azərbaycanın müstəqilliyini de-fakto tanıyıb və bu mühüm uğur yanvarın 14-də Bakıda böyük bayram təntənələri ilə qeyd edilib. Lakin bir neçə ay sonra bolşevik Rusiyasının hərbi müdaxiləsi ilə Azərbaycanda hakimiyyət dəyişikliyi baş verib və Paris Sülh Konfransında iştirak edən nümayəndə heyəti Vətənə dönə bilməyib. Parisə müvəqqəti səfər əbədi ezamiyyətə çevrilib.
İlqar Abbasov qeyd etdi ki, 70 illik sovet dövründə Paris Sülh Konfransına göndərilmiş nümayəndə heyəti və onun xidmətləri barədə danışmağın qadağan olunması heç kimə sirr deyil. Yalnız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra tariximizin bu səhifəsi də araşdırılmağa başlayıb.
Azərbaycan müstəqillik əldə etdikdən sonra xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələn Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev 1993-cü ilin dekabrında müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi Fransaya ilk rəsmi səfəri zamanı Paris yaxınlığındakı Sen-Klu qəbiristanlığına gedərək Paris Sülh Konfransının iştirakçısı olmuş Əlimərdan bəy Topçubaşovun və Ceyhun Hacıbəylinin məzarlarını ziyarət edib. “Əbədi ezamiyyət” sənədli filmi  bu kadrlarla yekunlaşır.
Rayon rəhbəri qeyd etmişdir ki, “Əbədi ezamiyyət” filmi Bakı Media Mərkəzinin Arzu xanım Əliyevanın baş prodüserliyi ilə çəkdiyi ikinci sənədli filmdir. “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” adlı ilk sənədli film 2015-ci ilin mayında yerli televiziya kanalları vasitəsilə Azərbaycanda və “National Geographic” kanalı ilə 26 ölkədə nümayiş olunub. Yaradıçı heyətə,  Arzu xanım Əliyevaya çox sağ ol deyir, uğurlar arzu edirəm.
İlqar Abbasov sonda bir daha bu xeyirxah layihəyə dəstək verənlərə minnətdarlıq etdi, Fransada qərib məzarlarda uyuyan soydaşlarımızın ruhuna “Allah rəhmət etsin!” söylədi və rejissor Fariz Əhmədova Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin xatirə hədiyyəsini təqdim etdi.
Təqdimatda Milli Məslisin deputatları Ağacan Abıyev və Sevinc Fətəliyeva iştirak etmişdir.

Keçidlər