Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Xocalı faciəsinin 24-cü ildönümü geniş qeyd edilir

25 fevral 2016 | 16:00

“Xocalı soyqırımının 24-cü ildönümünün keçirilməsinə dair Tədbirlər planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin 22 yanvar 2016-cı il tarixli və  “Bakı şəhərində Xocalı soyqırımının 24-cü ildönümünün keçirilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti başçısının 03 fevral 2016-cı il tarixli sərəncamlarının icrasının təmin edilməsi məqsədi ilə Suraxanı rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə “Suraxanı rayonunda Xocalı soyqırımının 24-cü ildönümünün keçirilməsinə dair Tədbirlər planı” təsdiq edilmişdir. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Tədbirlər planına uyğun olaraq rayonda silsilə tədbirlər keçiriir.
25 fevral 2016-ci il tarixdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin, Suraxanı rayon İcra Hakimiyyətinin və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə Mərkəzdə Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
Rayon İcra Hakimiyyət başçısı yanında Şuranın üzvləri, ictimaiyyətinin nümayəndələri, rayonda məskunlaşan xocalıların iştirak etdiyi tədbir iştirakçıları əvvəlcə Qarabağ müharibəsinin şahidi, fotoqraf Əlövsət Qasımovun “Xocalıya ədalət!” və geologiya-minerologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü, görkəmli neft alimi, karikaturaçı rəssam Kərim Kərimovun “Dünyanı terrorizmdən xilas edək!” adlı sərgilərinə baxdılar.
Tədbir  Mərkəzin Elektron lektoriya zalında davam etdi. Əvvəlcə Xocalı faciəsinin, o cümlədən, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorlarının ifasında Xocalı soyqırımından bəhs edən “Arzu və Murad” tamaşası göstərildi.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, tarixinin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Sovetlər imperiyasının süqutu ilə yaranan mürəkkəb tarixi və ictimai-siyasi şəraitdə dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkənin yeni tarixinə qara hərflərlə yazıldı. Azərbaycanın 20-ci əsr tarixinin ağır faciəsini -Xocalı soyqırımının bəzi fraqmentlərini Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorlarının ifasında həyəcanla izlədik.
Xocalının dillər əzbəri olması, təəssüf ki, onun yalnız qədimliyi və ya qaçqın-köçkünlərin sığınacaq yerinə çevrilməsi, yaxud maddi-mədəniyyət nümunələri ilə zənginliyi deyil, XX əsrin ən dəhşətli faciəsini yaşaması, xocalılıların 600 nəfərindən çoxunun isə bir gecədə ermənilər tərəfindən işgəncələrlə, həm də amansızcasına qətlə yetirilmələridir. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş və dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdı. Meyitlər üzərində dilə gətirilməsi mümkün olmayan təhqiramiz hərəkətlər edilmişdir. Silahsız insanlar üzərinə hücumda ağır döyüş texnikası, iri çaplı pulemyot və ağır artileriyyadan istifadə edilmişdir. İllər keçdikcə bu faciənin təfərrüratları beynəlxalq aləm tərəfindən dərk edilir və Soyqırım törədənlər ifşa olunurlar.                                                                                                  
Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirmişdir.
Bu gün Azərbaycan hakimiyyəti Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl iş aparır.
Məqsəd tarixi ədalətin bərpasına nail olmaq, cinayətkarları beynəlxalq səviyyədə ifşa etmək və onları dünya ictimaiyyətinin mühakiməsinə verməkdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün davamlı və ardıcıl fəaliyyətin vacibliyini dəfələrlə vurğulayıb.
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın müstəsna rolu var. Fond yaradıldığı ilk gündən bütün imkanlarından istifadə edərək Xocalı soyqırımının dünyada təbliğ olunması yönündə ardıcıl, məqsədyönlü və səmərəli tədbirlər həyata keçirməkdədir. Fondun gərgin əməyi nəticəsində dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır.
“Xocalıya ədalət” Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyası beynəlxalq humanitar hərəkatların avanqardı kimi, müasir dünyada ədalət və həqiqətin dayağı olmaq missiyasını həyata keçirənlər sırasında layiqli yer tutur. 2008-ci il mayın 8-də Şuşanın işğalının ildönümü günü Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayan “Xocalıya ədalət” kampaniyası hazırda 80-dən artıq ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla həyata keçirilir.
Dünyanın nüfuzlu beynəlxalq təşkilatları, aparıcı dövlətləri bəşəriyyətə qarşı yönəldilmiş bu cinayətin əsl mahiyyətini getdikcə daha çox anlayır, qətliamı kəskin şəkildə pisləyir, təcavüzkarla təcavüzə məruz qalanı tanıyırlar. Aparılan məqsədyönlü tədbirlərin nəticəsində Pakistan, Meksika, Kolumbiya, Rumıniya, Bosniya və Herseqovina dövlətlərinin parlamentində, eləcə də ABŞ-ın bir sıra ştatları bu qətliamı soyqırımı aktı kimi tanımış və xüsusi qətnamə qəbul etmişlər.
Artıq dünyanın iri şəhərlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidələr ucaldılır, küçə və parklara Xocalı adı verilir. Görülən məqsədyönlü və səmərəli işlər nəticəsində “Xocalıya ədalət”in miqyası hər il durmadan genişlənir, bu istiqamətdə aparılan fəaliyyət müsbət nəticələrini verir.
“Xocalıya ədalət” Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyasının ardıcıl və məqsədyönlü tədbirlər silsiləsi göstərir ki, kampaniya dövlət siyasətinin böyük əhəmiyyət kəsb edən strateji mərhələlərindən biri kimi Xocalı soyqırımına, Qarabağ həqiqətlərinə dünya ictimaiyyəti tərəfindən hüquqi, siyasi və mənəvi qiymətin verilməsi, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində uğurla davam etdirilən alternativ siyasətdir.
Rayon rəhbəri çıxışını bu sözlərləyekunlaşdı: Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.
Tədbirdə Milli Məslisin deputatı Ağacan Abıyev iştirak etmişdir.

Keçidlər