Suraxanı rayonunda 2015-ci ilə yekun vurulmuşdur
“Suraxanı rayonunda 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələr haqqında” hesabat yığıncağı keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmiş, önünə tər güllər qoymuş, sonra isə Heydər Əliyev parkında həmişəyaşıl ağaclar əkmişlər. Bununla da rayonda ağacəkmə kampaniyasına start verilmişdir.
Hesabat yığıncağının iştirakçıları rayon İcra Hakimiyyətinin Rəsm qalereyasında ötən ilin iqtisadi göstəricilərini əks etdirən stendlərə baxmış, rayonun sənaye müəssisələrinin istehsal etdiyi məhsullarla tanış olmuşlar.
Tədbir iştirakçılarına “Bakı şəhəri, Suraxanı rayonunun sosial-iqtisadi göstəriciləri və ictimai-mədəni həyatı” adlı kitabça təqdim edilmişdir.
Hesabat yığıncağında rayonda aparılmış abadlıq-quruculuq işləri haqqında film nümayiş olunmuş, rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov hesabat məruzəsi ilə çıxış etmişdir.
İlqar Abbasov məlumat vermişdir ki, Dövlət başçısının düşünülmüş və uzaqgörən siyasəti respublikamızın bütün bölgələrinin, o cümlədən rayonumuzun da iqtisadi, sosial və mədəni sahələrdə inkişaf etdirilməsini və yeni uğurların qazanılmasını təmin etmişdir.
Ötən il ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 5 dəfə Suraxanı rayonunda olmuşdur. Fevralın 3-də “Bakı-2015” Birinci Avropa Oyunları üçün Zığ qəsəbəsində inşa edilən avtobus deposu və təlim mərkəzində görülən işlərlə tanış olmuş, iyun ayının 3-də həmin obyektlərin açılışında iştirak etmişdir. Aprelin 26-da “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunda “Bakı-2015” Birinci Avropa Oyunlarının məşəlini alovlandırmış, oktyabrın 4-də “Azərsun Holdinq” Şirkətlər Qrupunun “Xəyal Adası” layihəsi çərçivəsində SABIS Sun Beynəlxalq məktəb kompleksinin və Qolf klubunun açılışında iştirak etmiş, noyabrın 11-də isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi-Hava Qüvvələrinin N saylı hərbi hissəsinin hərbi şəhərciyində yaradılan şəraitlə tanış olmuşdur.
Cari ilin yanvar ayının 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “ATEF Sirkətlər Qrupu” MMC-nin Qaraçuxur qəsəbəsində yağ transformatorları, gәrginlik transformatorları, komplekt transformator yarımstansiyaları vә stabilizatorlar istehsal edən İriqabaritli Transformator Zavodu istifadəyə verilmiş, yeni Yüksəkgərginlikli Avadanlıqlar Zavodunun təməli qoyulmuşdur.
Rayon rəhbəri qeyd etmişdir ki, 2015-ci il ərzində Suraxanı rayonunun sosial-iqtisadi inkişafı sahəsində işlər davam etdirilmiş, sənaye məhsulunun istehsalı 254,6 milyon manat, tikinti-quraşdırma işləri 48,7 milyon manat, nəqliyyat xidmətləri 5,1 milyon manat, əsas kapitala yönəldilən investisiyalar 59,4 milyon manat, kənd təsərrüfatı 3,1 milyon manat, pərakəndə ticarət dövriyyəsi 325,3 milyon manat, orta aylıq əmək haqqı 544 manat təşkil etmiş, əhaliyə 192,7 milyon manat məbləğində pullu xidmətlər göstərilmiş, daimi olmaqla 3137 yeni iş yeri açılmışdır.
“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Suraxanı rayonu üzrə 54 tədbir nəzərdə tutulmuş, onların 5-i icra olunmuş, 19-nun icrasına başlanılmış, başa çatdırılan və başlanılan tədbirlər proqramın 44,5 faizini təşkil etmişdir.
Bu dövr ərzində Qaraçuxur qəsəbəsində 146 saylı orta məktəb üçün 25 əlavə sinif otağından ibarət əlavə tədris korpusu, idman və akt zalları, Zığ qəsəbəsində “Bakubus" şirkətinin avtobus deposu və təlim mərkəzi, Qaraçuxur qəsəbəsində İriqabaritli Transformator Zavodu, “Qarabağ” Futbol Klubunun stadionu, Əmircan qəsəbəsində “Neftqazelmitədqiqatlayihə” İnstitutunun Eksperimental təcrübə-sınaq işləri bazası, Hövsan qəsəbəsi, “Bağlar” yaşayış sahəsində tutumu 2000 nömrə olan ATS, Bülbülə qəsəbəsi, 24 saylı poliklinikanın qarşısındakı yeni park, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsindəki parkda və Yeni Günəşli “Q” yaşayış sahəsində “Veteranlar guşə”ləri istifadəyə verilmişdir. 5 saylı və 262 saylı körpələr evi-uşaq bağçaları, Zığ mədəniyyət evi əsaslı təmir olunmuş, Tofiq Bayram parkı, Səttar Bəhlulzadə dairəsində qəhraman neftçilərin şərəfinə ucaldılmış stella yenidən qurulmuşdur.
Rayonda 4,3 min pm su, 2,3 min pm kanalizasiya xətləri çəkilmiş, 3427 su sayğacı quraşdırılmış, 3 ədəd Transformator Məntəqəsi tikilmiş, biri əsaslı təmir olunmuş, 3 ədəd Komplekt Transformator Məntəqəsi quraşdırılmış, 71,8 min p.m. kabel və naqil çəkilmiş, 43,7 min p.m. SİP kabel xətləri yenidən qurulmuş, 34,0 min p.m. yeni qaz xətti çəkilmiş, 31,1 km qaz xətti əsaslı təmir olunmuş, 2056 ədəd mexaniki qaz sayğacı «smart» tipli qaz sayğacı ilə əvəz olunmuş, 1,67 min p.m. istilik xətti dəyişdirilmiş, rayonun küçələrinə və məhəllədaxili ərazilərə 103,0 min kv.m asfalt örtüyü salınmış, Zığ dairəsi-Hövsan-Türkan-Qala avtomobil yolunun yenidən qurulmasına başlanılmışdır.
Səttar Bəhlulzadə, İlqar Məmmədov, Şahin Məhərrəmov, Oqtay Əliyev, Xanlar Ələkbərov, Atamoğlan Rzayev, Zahid Əliyev, Malik Mustafayev küçələrində yaşayış və qeyri-yaşayış obyektlərinin fasadları və hasarları yenidən qurulmuş, təmir olunaraq rənglənmiş, aqlay daşları ilə üzlənmiş, qaz, elektrik, telefon və digər yerüstü kommunikasiya xətləri yerin altına salınmış, asfalt vurulmuş, bordur düzülmüş, qazon salınmış, bir çox qapı və darvaza dəyişdirilmiş, küçələrin işıqlandırılması üçün işıq dirəkləri və çilçıraqlar quraşdırılmışdır.
Hövsan qəsəbəsinin girişindən başlayaraq İlqar Əhlimanov, Oqtay Şabanov və Elman Qasımov küçələrinin ətrafında abadlıq və quruculuq işləri aparılmış, divar və hasarlar rənglənmişdir.
Qaraçuxur qəsəbəsində Cəlal Qurbanov, İlqar Musayev, Zaur Şərifov, Abbas Fətullayev, Nizami İsmayılov, Fərman Kərimzadə və Abbasqulubəy Şadlinski küçələrində və Yeni Günəşli yaşayış sahəsində rayonun idarə və müəssisələrin köməkliyi ilə abadlıq-quruculuq işlər görülmüş, küçələrin ətrafında yerləşən qeyri-yaşayış obyektlərinin fasadları aqlay daşı ilə üzlənmiş, binaların fasadları və hasarlar rənglənmiş və ətraf ərazilər abadlaşdırılmışdır.
Suraxanı rayon Mənzil-Kommunal təsərrüfatı Birliyinin xidməti ərazisində 7 ünvanda “Nümunəvi abad məhəllə” salınmışdır.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2014-cü ilin noyabr ayının 5-dən başlayan birinci “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və rayonun idarə və müəssisələrinin iştirakı ilə 12 ümumrayon iməciliyi keçirilərək 10900 ədəd, o cümlədən 2015-ci il ərzində 6200 ədəd ağac əkilmişdir.
Sahibkarlığa Kömək Milli Fondu və RİH-in birgə təşkilatçılığı və 170 nəfər sahibkarın iştirakı ilə rayonda 2 kredit yarmarkası keçirilmiş, 21 sahibkara 5,3 milyon güzəştli şərtlərlə kreditlər verilmişdir. Bunun nəticəsində 300 yeni iş yeri yaradılmışdır.
Rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məsələləri Rayon İcra Hakimiyyəti tərəfindən daim nəzarətdə saxlanılmış, 2015-ci il ərzində rayonun aidiyyəti idarələri tərəfindən 6720 nəfərə 6,1 milyon manatdan artıq sosial müavinət ödənilmiş, 2282 ailəyə (8978 nəfər ailə üzvünə) 4,1 milyon manatdan artıq ünvanlı sosial yardım göstərilmiş, 216 nəfər tənha, əlil vətəndaşa evlərində sosial xidmət göstərilmişdir.Rayon Məşğulluq Mərkəzinə müraciət etmiş 1338 nəfər vətəndaşdan 612 nəfəri işlə təmin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına və Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq Əmircan qəsəbəsi Malik Mustafayev küçəsində hər həftənin şənbə və bazar günləri kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil edilmiş və 2015-ci il ərzində 590 ton kənd təsərrüfatı məhsulları satılmışdır.
Rayonda vətəndaşların müraciətlərinə, onların problemlərinin həllinə diqqət artırılmışdır. 2015-ci ildə Rayon İcra Hakimiyyəti başçısının 42 səyyar görüş-qəbulu keçirilmiş, qəbullarda 2470 nəfərin iştirak etmişdir.
2015-ci il ərzində rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 860 nəfər vətəndaş qəbul edilmişdir.
Rayon İcra Hakimiyyətinin Operativ İdarəetmə Mərkəzinin imkanlarından istifadə edilərək hesabat yığıncağında iştirak etmək arzusunda olan, amma müxtəlif səbəbdən gələ bilməyən rayon sakinləri canlı video bağlantı ilə tədbiri izləmiş, sakinlər onları narahat edən məsələləri rayon rəhbərliyinə “online” rejimində çatdırmışlar.
Məruzə ərtafında çıxışlarda müəssisə və xidmət sahələrinin rəhbərləri, rayon sakinləri iştirak etmişlər.
Yığıncaqda çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Tağı Tağıyev ötən il ölkəmizin qazandığı uğurlardan söhbət açdı. Qeyd etdi ki, dünyanı bürüyən iqtisadi böhran respublikamıza bir o qədər də təsir göstərməmişdir. Bunun əsas səbəbi dövlət başçısının məntiqli siyasi və iqtisadi strategiyasıdır. Tağı Tağıyev ölkəmizdə əldə olunan uğurlarda Suraxanı rayonunun da payı olduğunu diqqətə çatdırmışdır.
Sonra rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, Suraxanı rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yannında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu “Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi keçirmişdir. Müsabiqə dövründə 31 mətbuat orqanında 54 məqalə çap olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin iştirakı ilə müsabiqənin qaliblərinə diplom, təşəkkürnamə və pul mükafatları, rayonun sosial-iqtisadi, ictimai həyatında fəal iştirak edən şəxslərə, sakinlərə və təşkilatlara Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları və təşəkkürnamələr təqdim olunmuşdur.
Yekunda rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov xüsusi vurğuladı: “Dövlətimizin başçısı cənab İlham Əliyevi bir daha əmin etmək istəyirəm ki, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin siyasi və iqtisadi kursuna sadiq olan rayonun əmək kollektivləri və sakinləri qəbul edilmiş Dövlət Proqramlarında müəyyən olunmuş iqtisadi inkişaf hədəflərinin təmin olunması, nəzərdə tutulmuş bütün işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, qazanılmış uğurların daha da artırılması üçün əzmiylə çalışacaq, rayonun inkişaf etdirilməsi və abadlaşdırılması naminə üzərimizə düşən vəzifələri bundan sonra da məsuliyyətlə yerinə yetirəcəyik.”
Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət qəbul olundu.
Hesabat yığıncağında Milli Məslisin deputatları Ağacan Abıyev, Sevinc Fətəliyeva iştirak etmişdir.