Suraxanı rayonu Heydər Əliyev Mərkəzində növbəti açıq dərs keçirilmişdir
26 yanvar 2016-cı il tarixdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Elektron lektoriya zalında Rayon İcra Hakimiyyətinin və Mərkəzin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda növbəti açıq dərs keçirilmişdir.
Açıq dərsdə rayonun 79, 85, 87, 101, 114, 154, 280 və 317 nömrəli tam orta məktəblərinin 9-11-ci sinif şagirdləri iştirak etmişdirlər.
Məlumat üçün bildirək ki, “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda açıq dərslər Suraxanı rayonu Heydər Əliyev Mərkəzində ayda bir dəfə keçirilməklə 2015-2016-cı tədris ilinin sonuna qədər davam etdiriləcək və rayonun bütün məktəblərini əhatə edəcəkdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93 illiyi ərəfəsində keçirilən açıq dərslərə yekun vurulacaq, fərqlənən müəllimlər və şagirdlər mükafatlandırılacaqlar.
Şagirdlər əvvəlcə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən materiallar, fotoşəkillər və eksponatlarla tanış oldular, Ulu Öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərini öyrənmək məqsədi ilə Mərkəzin sifarişi ilə hazırlanmış “Millət Atası” filmini izlədilər.
Açıq dərs dövlət himninin oxunması ilə başladı.
Açıq dərsdə 280 nömrəli tam orta məktəbin müəllimi Nuriyyə Cəbrayılova, 101 nömrəli tam orta məktəbin müəllimi Aynurə Hüseynova, 154 nömrəli tam orta məktəbin müəllimi Vəfa Abdullayeva, 79 nömrəli tam orta məktəbin müəllimi Emil Quliyev, 317 nömrəli tam orta məktəbin müəllimi Elçin Həsənov animasiyadan istifadə etməklə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında şagirdlərə ətraflı məlumat verdilər. Bildirdilər ki, Ulu Öndər Heydər Əliyev ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olmuşdur. İqtisadiyyatın yenidən qurulması, kənd təsərrüfatının dirçəlişi, peşəkar ordunun yaradılması, çevik və balanslaşdırılmış xarici siyasət kursunun həyata keçirilməsi, səhiyyə, elm, təhsil, mədəniyyət, incəsənət sahələrinin tərəqqisi, hüquqi və demokratik dövlət quruculuğu - bütün bunlar məhz Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Açıq dərs bu sözlərlə yekunlaşdı: Ümummilli Lider Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib, Azərbaycan torpağının, Azərbaycan dövlətinin, Azərbaycan xalqının bütövlüyü, müstəqilliyimizin möhkəmləndirilməsi uğrunda fədakarlıqla çalışıb. Son 12 ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kurs sayəsində Azərbaycanın yeni dövrün tələblərinə cavab verən sürətli və kompleks inkişafı təmin olunub. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ölkəmizin inkişafına və təhlükəsizliyinə nail olmaqla yanaşı, dünya birliyində onun mövqelərini davamlı şəkildə gücləndirib. Dövlət başçısının düşünülmüş, məqsədyönlü fəaliyyəti ölkəmizdə milli birliyin, sabitliyin daha da möhkəmlənməsinə, Azərbaycanın regional və beynəlxalq miqyasda nüfuzunun daha da artmasına gətirib çıxarıb. Fəaliyyəti ilə xalqdan daim dəstək alan, ənənə ilə novatorluğun, keçmişlə gələcəyin üzvü vəhdətinə nail olan, müasir qloballaşma dövründə istənilən məsələ üzrə Azərbaycanın milli maraqlarının sadiq təminatçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyev Ulu Öndərin layiqli davamçısı olaraq beynəlxalq miqyasda da ölkəmizin yeganə və alternativsiz lideri kimi qəbul edilir.
Açıq dərsdə mövzu xüsusi hazırlanmış animasiya, foto, video materiallarla şagirdlərin diqqətinə çatdırılmışdır.