Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda 20 Yanvar faciəsi silsilə tədbirlərlə qeyd edilmişdir

19 yanvar 2016 | 16:00

"20 Yanvar” faciəsinin 26-cı ildönümü ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda silsilə tədbirlər keçirilmişdir.
“20 yanvar faciəsinin iyirmi altıncı  ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin 15 dekabr 2015-ci il tarixli və  “20 yanvar faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti başçısının 28 dekabr 2015-ci il tarixli sərəncamlarının icrasının təmin edilməsi, həmçinin Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsinin yad edilməsi məqsədi ilə Suraxanı rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə “20 yanvar faciəsinin iyirmi altıncı ildönümünün Suraxanı rayonunda keçirilməsi ilə bağlı tədbirlər planı”  təsdiq edilmişdir.
Tədbirlər planına uyğun  olaraq rayonun bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi ilə bağlı ərazilərdə abadlıq və təmizlik işləri aparılmışdır.
Rayonda fəaliyyət göstərən sənaye, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində "20 Yanvar faciəsi Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir" mövzusunda xatirə tədbirləri təşkil olunmuşdur. Məktəblərdə 20 Yanvar faciəsinə həsr olunmuş rəsm, inşa yazı müsabiqələri keçirilmişdir.
Rayonun qəsəbələrindəki şəhid məzarları və onların xatirəsinə ucaldılmış abidələr rayon ictimaiyyəti tərəfindən ziyarət olunmuşdur.
19 yanvar tarixdə Rayon İcra Hakimiyyətinin, YAP Suraxanı rayon təşkilatının və YAP Suraxanı rayon təşkilatı gənclər birliyinin təşkilatçılığı ilə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayonun hüquq-mühafizə orqanlarının, sənaye, təhsil, səhiyyə müəssisələrinin rəhbərləri, ictimai təşkilatların nümayəndələri iştirak etmişlər.
Əvvəlcə Mərkəzin 1-ci mərtəbəsində Mərkəzin Rəsm studiyasının rəssamı  Aynur Novruzovanın və studiyada məşğul olan şagirdlərin 20 Yanvar faciəsinə həsr olunmuş sərgisinə baxış oldu.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlandı. Sonra 20 yanvar faciəsinin şəhidləri və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Aktyorların və gənclərin ifasında "20 Yanvar” faciəsinə  həsr olunmuş ədəbi-bədii kompozisiya göstərildi.
Tədbirdə çıxış edən Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, qanlı 20 Yanvar hadisəsi insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində əbədi qalacaqdır. Bu, keçmiş sovet hərb maşınının böyük bir millətə tuşlanmış amansız terror aktı idi.
Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin azadlığı və müstəqilliyi uğrunda ən ağır sınaqlara dözmək, hətta şəhid vermək qüdrətini bütün dünyaya göstərdi.
Bu qanlı tarix - 20 Yanvar faciəsi həm də SSRİ adlanan nəhəng imperiyanın iflasında da əsas amillərdən biri oldu. Bu hadisə eyni zamanda xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya, dönüş nöqtəsinə çevrildi.
Dəhşətli faciəyə kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirən Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev hadisəyə operativ və düzgün qiymət verən ilk vətənpərvər lider oldu. Psixoloji və ruhi sarsıntı içərisində yaşayan azərbaycanlılar Ulu Öndərin Moskva Nümayəndəliyinin binasında qəzəbli və qətiyyətli bəyanatının doğurduğu əks-sədanı gördülər. Ümummilli Lider Heydər Əliyev bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, mənsub olduğu xalqın faciəsinə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də bütün dünyanın gözü qarşısında ittiham etdi.
Təsadüfi deyil ki, hadisəyə ilk hüquqi- siyasi qiymət də 1991-ci ilin noyabr ayında Ulu Öndərin Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi vaxtda verildi. Həmin il noyabr ayının 21-də Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisi tərəfindən qəbul edilmiş müvafiq qərarda 20 Yanvarın Milli Matəm Günü kimi qeyd olunması göstərildi. Sənəddə ilk dəfə olaraq faciənin əsas günahkarları adbaad sadalandı və onların birbaşa məsuliyyət daşıdıqları göstərildi. Bu, hadisəyə verilən ilk rəsmi hüquqi-siyasi qiymət idi.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verilməsi məsələsi günün tələbi oldu.
Ölkə rəhbərinin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı imzaladığı fərmanda Milli Məclisə tövsiyə olunurdu ki, faciəyə tam siyasi-hüquqi qiymət verilsin. Azərbaycan Respublikasının Milli Məclisi həmin məsələyə xüsusi sessiya həsr edərək bir neçə gün davam edən iclaslarda yanvar hadisələrinin əsl səbəblərini açıqladı, həqiqi günahkarlar aşkarlandı.
1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Beləliklə, Heydər Əliyevin təkidi və rəhbərliyi sayəsində xalqımıza qarşı törədilən bu qanlı və qəddar aksiyaya siyasi-hüquqi qiymət verildi. Ümummilli Liderin 2000-ci ildə 20 Yanvar faciəsinin 10-cu ildönümü haqqında imzaladığı fərmanda deyilirdi ki, XX əsr tarixində totalitarizmin törətdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsində Azərbaycan xalqına qarşı işlədilmiş cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməldir.
Bu gün 20 Yanvar iştirakçıları və şəhid ailələri dövlətin daim diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi qayğı göstərir, hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətində böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir.
Bütün sahələrdə həyata keçirdiyi layihələri, xeyirxahlıq missiyası ilə nəinki ölkəmizdə, dünyada diqqət mərkəzində olan Heydər Əliyev Fondu və onun Prezidenti Mehriban xanım Əliyeva müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinə də böyük qayğı ilə yanaşır. Heydər Əliyev Fondu 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində mühüm işlər görür.
İlqar Abbasov vurğulamışdır ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın xalqımızın tarixinə, tarixi hadisələrinə həssas münasibəti də xüsusi qeyd olunmalıdır. Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət” kompaniyası çərçiəsində reallaşdırılan tədbirlər hər yerdə böyük əks-səda doğurub. Bundan başqa, Qarabağ münaqişəsi, xalqımızın tarixi yaddaşı ilə bağlı kitablar, bukletlər, albomlar nəşr olunub, filmlər çəkilib. Bu və digər çoxsaylı layihələr zaman-zaman xalqımıza qarşı törədilən ağlasığmaz cinayətlərin dünya ictimaiyyətinə çatdırılması, bu cinayətlərə hüquqi-siyasi qiymətin verilməsinə nail olunması istiqamətində böyük əhəmiyyət kəsb edir.
Tədbir boyu zaldakı ekranlarda bəşər tarixinin dəhşətli cinayət hadisəsi olan "20 Yanvar” faciəsi haqqında video-çarx nümayiş olunmuşdur.
Tədbirdən sonra “Halal süfrə” restoranında 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü ilə bağlı ehsan verilmiş və 20 Yanvar cəmiyyətinin Suraxanı rayon şöbəsinin üzvlərinə ərzaq yardımı göstərilmişdir.

Keçidlər