Suraxanı rayonunda 2012-ci ilin 9 ayına yekun vurulmuşdur
15 oktyabr 2012-ci il tarixdə Suraxanı rayonunda “Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.Hesabat yığıncağında Suraxanı rayonunda 2012-ci ci ilin 9 ayında görülmüş işlərə yekun vurulmuş və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
Rayon İcra Hakimiyyətinin Konfrans zalında keçirilən hesabat yığıcağıni açan Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirmişdir ki, göstərilən dövr ərzində Suraxanı rayonunda da Dövlət və yerli Proqramlarının icrası uğurla davam etdirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən Suraxanı rayonunda 102 tədbirin keçirilməsi nəzərdə tutulmuş, onlardan 31-i tam icra olunmuş, 47-nin icrasına başlanılmış, 24-nin icrasına başlanılmamışdır. Başlanılan və başa çatdırılan tədbirlər proqramın 76,5 faizini təşkil edir.
Həmçinin, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Suraxanı rayonu üzrə həyata keçiriləcək işlərə dair 48 bənddən ibarət əlavə tədbir nəzərdə tutulmuş, onlardan 37-si təhsil sahəsinə, 11-i isə əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün yanğına qarşı su hovuzlarının tikintisi və təmirinə aid tədbirlərdir.
Dövlət Proqramının icrası ilə əlaqədar 2012-ci ilin 9 ayı ərzində 295,3 min p.m qaz xətti, 16,7 min p.m yeni su xətti, 4,5 min p.m yeni kanalizasiya xətti çəkilmiş, 10,0 min ədəd elektron qaz sayğacları və 2782 ədəd su sayğacları quraşdırılmışdır. “Dədə Qorqud” adlandırılan yaşayış sahəsinin yaxınlığında 2 ədəd 10 000 kub.m həcmli su anbarlarının tikintisi başa çatdırılmış, Hövsan qəsəbəsində görülmüş işlər nəticəsində 32,0 min sakin içməli su ilə fasiləsiz təmin edilmişdir. Yeni Günəşli “Q” yaşayış sahəsində 1700 p.m su xətti çəkilmiş, Heydər Əliyev prospektinin sol tərəfindəki yaşayış sahəsini içməli su ilə təmin etmək üçün Ramana yaşayış sahəsində 10 000 kub.m-lik su anbarı tikilir. Rayonun elektrik şəbəkəsində 89,0 min metr kabel xətləri çəkilmiş, 1 yarımstansiyanın əvəzinə yeni yarımstansiya binası, 1 Transformator Məntəqəsinin əvəzinə yeni 8 kameralı Transformator Məntəqəsi tikilmiş, 9 yeni Kompleks Transformator Məntəqəsi quraşdırılmış, 10 Transformator Məntəqəsi təmir olunmuş, 12 ədəd transformator daha güclüsü ilə əvəzlənmiş, 3 Transformator Məntəqəsi yenidən qurulmuşdur. Rayonun küçə və yollarına, məhəllələrə 200,0 min kv.m asfalt örtüyü salınmışdır.Yeni Günəşli yaşayış sahəsində yeni parkın tikintisi işləri davam etdirilmişdir. 6 məktəb əsaslı təmir edilmiş, 2 məktəb üçün 36 sinif otağı tikilmiş, 3 məktəb üçün 80 sinif otağının, 85 saylı məktəb üçün yeməkxana, laboratoriya, idman və akt zallarının tikintisi işləri davam etdirilmişdir. 5 körpələr evi-uşaq bağçası əsaslı təmir olunmuş, 2 saylı Uşaq evinin və 4 uşaq bağçasının əsaslı təmirinə başlanılmış, 2 səhiyyə müəssisəsində əsaslı təmiri işləri davam etdirilmişdir. Hövsan-Binə-Dədə Qorqud-Bahar yaşayış sahələrinin ətrafındakı 300 hektar ərazidə suvarma sisteminin qurulması və ərazinin yaşıllaşdırılması, Hövsan qəsəbəsində əkin və həyətyanı sahələrin su təminatının yaxşılaşdırılması məqsədi ilə 215,7 km uzunluğunda boru xəttinin yenidən qurulması və digər işlərin görülməsinə başlanılmış, hazırda 10,0 min p.m boru xətti çəkilmişdir. Hövsan qəsəbəsində Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 81 mənzilli 9 mərtəbəli sayca 2-ci yaşayış binası inşa edilir. Rayon Gənclər evinin tikintisinə başlanılmış, mini-futbol meydançasının, Olimpiya idman zalının, Şahmat məktəbinin və süni örtüklü mini-futbol meydançasının tikintisi üçün işlər aparılır. Rayonun sənaye müəssisələri 2012-ci ilin 9 ayı ərzində 233,1 milyon manatlıq iş yerinə yetirmiş, artım 117 faiz təşkil etmiş, bir işçinin orta aylıq əmək haqqı 543 manata, sənayedə çalışan işçinin isə 689 manata çatmış, artım 120 faiz təşkil etmiş, 1802 nəfər yeni iş yerləri ilə təmin olunmuşdur.
Sahibkarlar üçün Bülbülə və Qaraçuxur qəsəbələrində növbəti kredit yarmarkaları keçirilmiş, rayondan olan 24 sahibkara 1 milyon 44 min manat məbləğində ətlik və quşçuluq təsərrüfatlarının, xidmət sahələrinin yaradılması məqsədi ilə güzəştli kreditlər verilmişdir.
Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsinin ətrafında yerləşən 228 fərdi yaşayış evində 33,4 min kv.m., Hövsan qəsəbəsində isə 19 ədəd çoxmərtəbəli yaşayış binalarında 23,5 min kv.m. dam örtüyü dəyişdirilmişdir.
“Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun ətrafının abadlaşdırılması işləri davam etdirilmişdir.
Hövsanda 94 ədəd 9 və 5 mərtəbəli yaşayış binasında su borularının pilləkən qəfəslərinə çıxarılması, sayğacların quraşdırılması və zirzəmilərdəki kanalizasiya borularının dəyişdirilməsi işlərinə başlanılmışdır.
Rayonun ekoloji durumunun sağlamlaşdırılması işləri davam etdirilmiş, rayon ərazisində fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən neftlə çirklənmiş 18,7 hektar torpaq sahəsi tullantılardan təmizlənmiş, mexaniki rekultivasiya işi aparılmış, ümumi sahəsi 15,6 ha olan 46 neft-su gölməçələri qurudularaq ləğv edilmişdir.
“Azərsu” ASC tərəfindən Bülbülə gölünün ətraf ərazisi tullantılardan tamamilə təmizlənmiş, nəqliyyat vasitələrinin maneəsiz hərəkətinə şərait yaradılmışdır.
Göstərilən dövr ərzində rayonda bir çox ictimai-siyasi tədbirlərin keçirilməsi zamanı rayonun ideoloji qərargahına çevrilmiş Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin geniş imkanlarından istifadə edilmişdir.
Mərkəzin Elektron kitabxanasının xidmətindən bu günə qədər 8 min 500 istifadəçi faydalanmışdır
Mərkəzdə ali təhsil müəssisələri, elmi-tədqiqat institutları, kütləvi informasiya vasitələri, qanunvericilik və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və nümayəndələri ilə birgə 2009-cu ildə 10, 2010-cu ildə 26, 2011-ci ildə 28, 2012-ci ilin 9 ayı ərzində 21 tədbir keçirilmiş, rayona gələn yerli və xarici qonaqlar böyük maraqla mərkəzin fəaliyyəti ilə tanış olmuş, bu günə qədər ümumilikdə 40 min nəfərdən artıq ziyarətçi Mərkəzi ziyarət etmişdir.
Rayon Gənclər və İdman İdarəsi tərəfindən 2012-ci ilin 9 ayında 110 tədbir keçirilmiş, Dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə əlaqədar tədbirlərdə 11,0 min uşaq, yeniyetmə və gənc, keçirilmiş idman yarışlarında 12,4 min idmançı, “Şahin” və “Cəsurlar” hərbi-idman oyunları üzrə yarışların rayon mərhələsində 11,4 min şagird iştirak etmişdir.
2011/2012-ci tədris ilində 146 və 278 saylı məktəblər “Ən yaxşı ümumi təhsil müəssisəsi”, 290 saylı məktəbin müəlliməsi Sayılova Fatimə İsrafil qızı “Ən yaxşı müəllim”, 114 saylı məktəbin direktoru Novruzova Ceyran Kamal qızı və Xarici Dillər Təmayüllü Gimnaziyanın direktor mavini Cəfərov Etibar Xudaşükür oğlu “Əməkdar müəllim” fəxri adına layiq görülmüşlər.
"Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı”nın icrası istiqamətində rayonun yeni istifadəyə verilmiş 327 nömrəli məktəbində MDB məkanında orta təhsil müəssisələrində ilk dəfə olaraq “Smart sinif” açılmış, sinifdə quraşdırılmış Simsiz şəbəkə, Rəqəmsal podium, İnteraktiv Smart LCD, Planşet kompüter və digər avadanlıqlar kompleks şəkildə interaktiv tədrisə imkan yaradır və tədris prosesini gücləndirir.
Latviya Respublikasının Ətraf Mühitin Mühafizəsi və Regional İnkişaf nazirinin dəvəti ilə Suraxanı rayonunun Qaraçuxur Bələdiyyəsinin nümayəndə heyəti avqust ayında Latviya Respublikasında işgüzar səfərdə olmuş, səfər çərçivəsində Qaraçuxur və Yekabpils şəhərinin bələdiyyələri arasında əməkdaşlıq haqqında Protokol imzalanmışdır.
Ölkə başçısı, cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq vətəndaşların problemlərinin həlli, onlara göstərilən diqqətin artırılması, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi işi daim rayonun dövlət orqanlarının diqqət mərkəzindədir.
Belə ki, cari ilin 9 ayı ərzində Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 3497 ailəyə 3,9 milyon manat məbləğində ünvanlı sosial yardım verilmiş, həmçinin imtiyazı olan 7255 vətəndaşa 3,5 milyon manat məbləğində sosial müavinət ödənilmiş, 73 əlil vətəndaş istirahət mərkəzlərinə göndərilmişdir.
Rayon Məşğulluq Mərkəzinə müraciət etmiş 860 nəfərdən 505 nəfəri işlə təmin olunmuş, 86 nəfərə işsizlik statusu verilmiş, 95 nəfərə işsizlik müavinəti təyin edilmiş, 28 nəfər peşə hazırlığı kurslarına göndərilmişdir.
Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 123,6 min manat vəsait toplanmış, artım 21,2 faiz təşkil etmiş, 826 nəfərə pensiya təyin edilmiş, bu dövr ərzində 26469 nəfər təqaüdçüyə xidmət göstərilmiş və 38,4 milyon manat pensiya ödənilmişdir.
Kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında 9 ay ərzində rayon əhalisinə 982 ton kənd təsərrüfatı məhsulları satılmışdır.
2012-ci ilin 9 ayı ərzində Rayon İcra Hakimiyyəti başçısı aparatına daxil olmuş 2682 müraciətlərdə qaldırılmış mənzil-məişət-kommunal, yol və nəqliyyat, fərdi yaşayış evlərinin və qeyri-yaşayış obyektlərinin tikintisi və sənədləşdirilməsi, işlə, mənzil və ya torpaq sahəsi ilə təmin olunma, maddi yardım göstərilməsi və s. məsələdən 1354-ü müsbət həll edilmiş, 17-nin icrası nəzarətə götürülmüş, 35-i aidiyyəti üzrə baxılmaqdadır, 1276-na qanunamüvafiq izahat verilmişdir.
Bu dövr ərzində RİH başçısı tərəfindən 612 nəfər vətəndaş qəbul edilmiş, qaldırılmış məsələlərdən 308-i müsbət həll edilmiş, 8-nin icrası nəzarətə götürülmüş, 4-ü aidiyyəti üzrə baxılmaqdadır, 292-nə qanunamüvafiq izahat verilmişdir.
Rayonun qəsəbələrində 1154 nəfər sakinin iştirakı ilə 21 səyyar görüş-qəbul keçirilmiş, qaldırılmış 77 məsələnin əksəriyyəti həll olunmuş, digər qaldırılan məsələlərlə əlaqədar aidiyyəti idarə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Rayon İcra Hakimiyyətində tətbiq edilmiş “Elektron icraçı” Avtomatlaşdırılmış İdarəetmə Sistemi proqramına sənədlərin daxil edilməsi davam etdirilmişdir.
Görülmüş və görüləcək işlər, mövcud problemlər və onların həlli yolları barədə sakinlərə ətraflı məlumat verilməsi üçün kütləvi informasiya vasitələrindən, televiziya kanallarından, ərazidə quraşdırılmış məlumat lövhələrindən və müasir informasiya köşklərindən geniş istifadə edilir, bu günə kimi 380 minə yaxın internet istifadəçisinin tanış olduğu RİH-in internet saytında xəbər və məlumatlar operativ yerləşdirilir.
Hesabat yığıncağında Milli Məclisin deputatlarə Ağacan Abıyev və Fərəc Quliyev iştirak etmişlər. Məruzə ətrafında çıxışlar olmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov hesabat yığıncağını bu sözlərlə yekunlaşdırdı: Suraxanı rayonunun inkişafına hərtərəfli dəstək verən, diqqət və qayğı göstərən Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildirir və əmin edirik ki, həmişə olduğu kimi cənab Prezidentin ətrafında sıx birləşərək, Azərbaycanın tərəqqisi və iqtisadi qüdrətinin möhkəmləndirilməsi naminə üzərimizə düşən vəzifələrimizi layiqincə yerinə yetirəcəyik.