Suraxanı səhiyyə işçiləri Ulu Öndərin xatirəsini andı
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin əziz və unudulmaz xatirəsinin Suraxanı rayonunda anılması ilə əlaqədar təsdiq olunmuş Tədbirlər planına uyğun olaraq rayonun bütün müəssisələrində, təhsil, səhiyyə, mədəniyyət ocaqlarında silsilə tədbirlər keçirilir.
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş növbəti belə tədbir 10 dekabr 2015-ci il tarixdə Suraxanı Tibbi Bərpa Mərkəzində Suraxanı rayonun səhiyyə müəssisələrinin birgə təşkilatçılığı ilə keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Suraxanı Tibbi Bərpa Mərkəzinin foyesində ucalan büstünü ziyarət etdilər və önünə tər güllər qoydular.
Tədbir iştirakçıları bir dəqiqəlik sükutla Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini yad etdilər.
Tədbiri giriş sözü ilə açan 9 nömrəli Stomotoloji Poliklinikanın baş həkimi Sənan Əliyev bildirdi ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasından artıq 12 il keçir. Heydər Əliyevin mənalı həyatı və yorulmaz fəaliyyəti Azərbaycanın yarım əsrlik tarixini özündə əks etdirən böyük bir külliyyatdır, daim öyrənilməli və öyrədilməlidir. Dövlətçilik təcrübəsi, yenilməzliyi və cəsarəti ilə müstəqil Azərbaycan dövlətini məhvolma təhlükəsindən qoruyub saxlayan, onu yaşadan və bu dövlətin bütün atributlarını qurub-yaradan Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısında xidmətləri əvəzsizdir.
Tədbirdə çıxış edən 12 nömrəli BŞX-nin baş həkimi Bəhlul Məmmədov, 24 nömrəli BŞX-nin baş həkimi Azər Məmmədov, 8 nömrəli BUX-un həkimii Nilufər Musayevə, 23 nömrəli ŞP-nin həkimi Aynur İsmayılova xüsusi vurğuladılar ki, taleyin hökmü ilə 2 dəfə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, ona dayaq olmuş, zamanın ağır məngənəsindən xalqı xilas etmişdir.
Tədbiri yekunlaşdıran Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov bildirdi ki, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və qüdrətlənməsi naminə həyata keçirdiyi möhtəşəm xidmətləri və fəaliyyəti ilə canlı əfsanəyə çevrilmiş Ümummilli Liderimiz Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması xüsusi aktuallıq kəsb edir. Böyük şəxsiyyət Heydər Əliyev dövlətçilik tariximizin müasir mərhələsinin əsasını qoymuşdur.
Ümummilli Lider Heydər Əliyev qeyri-adi uzaqgörənliyə malik böyük siyasətçi, zəmanəsinin və millətinin dahi lideri olaraq xalqının gələcəyini və vətəninin taleyini düşünərək özündən sonra siyasi kursu davam etdirəcək müdrik siyasi liderin yetişdirilməsinin qayğısına qalmışdır. Ulu Öndərin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr bu gün onun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir. Azərbaycan bu gün dünyada özünəməxsus milli inkişaf modeli ilə, tolerantlığın və dini-etnik sivilizasiyaların qovuşduğu məkan kimi tanınır, eləcə də beynəlxalq tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi edən, regionda sərmayədar ölkə və qlobal böhran şəraitində belə davamlı inkişaf edən dövlət olaraq dünyanı heyrətləndirir. Müasir Azərbaycan hər gün yeni bir uğura imza atır.
Ümummilli Liderimizin adı hər birimizin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək keyfiyyətləri ilə daim yaşayacaqdır.