Suraxanıda "Biz uşaq zorakılığına yox deyirik! " mövzusunda təədbir keçirilmişdir
Suraxanı rayonunun Hövsan qəsəbəsində 76 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA-da Azərbaycan Respublikasının nümayəndə heyətinin üzvü, Avropa Şurası Parlament Assambleyasının “Uşaqlara qarşı zorakılıq” proqramının Azərbaycandakı parlament əlaqələndiricisi Sevinc Fətəliyevanın təşəbbüsü ilə Avropa Şurasının " Hər beş uşaqdan biri " kampaniyası çərçivəsində "Biz zorakılığa yox deyirik !" mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Afət Həsənova, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Ombudsman Aparatının nümayəndələri, məktəb direktorları, psixoloqlar iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tehranə Tağıyeva müzakirə olunan mövzunun xüsusi əhəmiyyət kəsb etdiyini qeyd etdi və sözü Milli Məclisin deputatı Sevinc Fətəliyevaya verdi. Sevinc Hüseynova qeyd etdi ki, uşaqların təhlükəsiz, sağlam mühitdə yaşaması və hərtərəfli inkişafına şərait yaradılması dövlətlərin və insanların mənəvi borcudur. Təəssüf ki, hazırkı narahat dünyada bunları təmin etmək bəzi dövlətlər üçün qeyri-mümkündür. Dünyada gedən müharibələr və münaqişələr nəticəsində hər gün günahsız uşaqlar qətlə yetirilir, valideynsiz qalır, insanlığa yaraşmayan hadisələrlə üzləşirlər. Uşaq hüquqlarının müdafiəsi hər bir dövlət üçün mürəkkəbləşir və çətinləşir. Uşaq hüquqları insan hüquqlarının tərkib hissəsi olsa da, bu hüquqların xüsusi diqqətə və müdafiəyə ehtiyacı var. Uşaqların tədricən insan hüquqları obyektindən, müstəqil insan hüquqları subyektinə çevrilməsi və həm dövlətin siyasəti, həm də ailədə uşaqların ən yaxşı maraqlarının təmin olunmasının prioritet kimi tanınması böyük əhəmiyyət daşıyır. Çıxışının sonunda Sevinc Hüseynova Avropa Şurasının "Hər beş uşaqdan biri" kampaniyası çərçivəsində müzakirəyə çıxarılan məsələnin yerlərdə davamlı olaraq müzakirə ediləcəyini bildirdi.
Tədbirdə çıxış edən Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Afət Həsənova zorakılıq və onun gündən-günə artan formalarının dünyanın ən qorxulu ictimai problemlərindən birinə çevrildiyini, bu zorakılığın daha çox azyaşlı uşaqlara qarşı yönələndə isə məsələnin daha təhlükəli həddə çatdığını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Afət Həsənova vurğuladı ki, uşaqlarla davranış məktəbdə, cəmiyyətdə, xüsusilə ailədə onlara münasibət o qədər incə, həm də məsuliyyətli işdir ki, bu sahədə ehtiyatlı olmaq lazımdır. Ailəyə dövlətin kiçik modeli kimi baxırıq, uşaqlar da ailənin özəyidir. Onların hüquqlarının təmini valideynlərlə yanaşı, dövlətin də qarşısında duran əsas məqsəddir. Yetkinlik yaşına çatmayan, xüsusən də yeddi yaşına qədər olan uşaqlar özlərinin hüquq və qanuni mənafelərini müdafiə etmək iqtidarında olmurlar. Bu səbəbdən onları qorumağın və vətəndaş kimi yetişdirməyin məsuliyyəti əsasən valideynlərin və məktəbin üzərinə düşür. Onların psixologiyasının bu yaşlarında zədələnməsinə imkan vermək olmaz. Çünki uşaqlar aldıqları sevgini, şəfqəti, gözəl tərbiyəni, eləcə də zorakılığı və aqressiyanı böyüyəndə daha kəskin formada cəmiyyətə qaytarırlar. Sonda qazanan da, itirən də cəmiyyət olur.
“Dəyirmi masa”da çıxış edənlər ölkəmizdə uşaqların inkişafına prioritet məsələlərdən biri kimi yanaşıldığını, uşaq hüquqlarına dair milli qanunvericiliyin təkmilləşdirildiyini diqqətə çatdırmış, mövzu üzrə Suraxanı rayonunda keçirilmiş maarifləndirici tədbirləri yüksək qiymətləndirdilər.
Sonda məktəblilərin mövzu üzrə hazırladıqları sıhnıciklər göstərildi.