Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Ümumdünya QİÇS-lə mübarizə gününə həsr edilmiş tədbir keçirilmişdir

01 dekabr 2015 | 16:00

Suraxanı rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Ümumdünya QİÇS-lə mübarizə   gününə həsr edilmiş “Bizim gücümüz birliyimizdədir” adlı layihə çərçivəsində tədbir keçirilmişdir. Suraxanı rayonu gənclərinin toplaşdığı “Gənclər evi”ndə keçirilən tədbiri giriş sözü ilə açan Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Afət Həsənova qeyd etdi ki, Qazanılmış İmmunçatışmazlığı Sindromu dünyada yayılmaqda olan qorxulu infeksion xəstəliklərdən biridir. Bu gün QİÇS-ə qarşı mübarizəni aktuallaşdıran xəstəliyin sürətlə yayılması, insanlar arasında bu xəstəlik barədə məlumatın azlığı və maariflənmənin zəif olmasıdır. QİÇS hal-hazırda praktik olaraq dünyanın bütün ölkələrində var və təəssüf ki, sürətlə artmaqda davam edir. Belə hesab edilir ki, hər il bu xəstəliyə yoluxmuş və xəstə şəxslərin sayı 2 dəfə artır.
Bu gün tədbirin Gənclər evində keçirilməsində məqsəd gənclər arasında maarifləndirmə işinin aparılmasıdır. Çox təəssüf ki, nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmə Qaydasına uyğun olaraq müayinə üçün müraciət edən 33 815 nəfərdən 21-də QİÇS xəstəliyi aşkar edilmişdir. Bu bir daha onu göstərir ki, heç kim hər hansı bir xəstəliyə tutulmayacağından sığortalanmayıb. Sizlərin üzərinə düşən isə sağlam və düzgün həyat tərzi seçməkdən ibarətdir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini xanım Aynur Sofiyevaya qeyd etdi ki,  İİV/QİÇS problemi son dərəcə aktual bir problemlərdən biridir. Hal-hazırda dünyada epidemiyanın inkişafı tendensiyası təhlükəlidir. Epidemiya ilk növbədə ona görə artır ki, bizlərin bir çoxu İİV/QİÇS-in hər birimizə aid olması haqqında düşünmür, özümüzü və yaxınlarımızı qorumaq üçün heç bir tədbir görmürük. İİV epidemiyası bu gün ölkəmizdə əhalinin bütün sosial təbəqələrinə toxunur və bilavasitə sənə, sənin partnyoruna, qohumuna, dostuna, tanışına, sinif və iş yoldaşına aiddir. Bütün bu ciddiliklərə baxmayaraq bu problemləri və epidemiyanı dayandırmaq mümkündür və hər birimiz bu problemin həllinin bir hissəsi ola bilərik.
Aynur Sofiyeva vurğulamışdır ki, bu gün bəşəriyyəti narahat edən məsələlərdən biri də narkomaniyadır. Artıq “ağ ölüm” kimi az qala bütün dünyanı ağuşuna alan bu sosial bəla hər il çoxlu sayda insanın ölümünə səbəb olur. Təəssüf ki, bu dünyanın bir üzvü kimi Azərbaycan da narkomaniyanın acı nəticələrindən böyük ziyan çəkir. Azərbaycan hökuməti ümumbəşəri problemə çevrilən narkomaniyanın yayılmasının qarşısının alınması məqsədilə tədbirlər görür, ona qarşı mübarizədə dünya ölkələri və beynəlxalq təşkilatlarla birgə fəaliyyət göstərir.
Narkomaniya əsasən gənclik dövründə başlanır və bir çox hallarda elə gənclik dövründə də narkotik aludəçisinin ölümü ilə nəticələnir. Narkotik qəbul edən yeniyetmənin kriminal meyilləri daha təhlükəlidir. Xarakterin zəifliyi, mənəvi özünənəzarətin hələ tam formalaşmaması onların cinayət əməllərinə sövq edilməsini asanlaşdırır. Araşdırmalar da göstərir ki, narkotik eyforiyası vəziyyətində olan yeniyetmənin törətdiyi cinayətlər çox zaman motivsiz, mənasız xarakter daşıyır, bir çox hallarda vandalizm hərəkətləri doğurur.
Narkotik maddələrdən asılılıq narkomaniyaya düçar olmuş şəxslər arasında digər böyük bir problemə - İİV/QİÇS virusuna yoluxmasına gətirib çıxarır. Təhlillər bir daha sübut edir ki, İİV/QİÇS-ə yoluxma hadisəsi narkomanlar arasında daha tez baş verir. Bunun narkomanlar arasında yayılmasına ən çox narkotik maddənin hazırlanması üçün lazım olan iynə, şpris və ya digər yoluxmuş alətlərin birgə istifadəsi səbəb olur.
Tədbirdə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun nümayəndəsi Raqif Allahverdiyev, Respublika QİÇS-lə mübarizə mərkəzinin şöbə müdiri Samirə Vəliyeva, Bülbülə Ağsaqqallar Şurasının sədri Mirzəağa Quliyev, Suraxanı rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elşən Atakişizadə, 97 nömrəli tam orta məktəbin direktoru Solmaz Səfərova çıxış etdilər.
Çıxışlarda qeyd olundu ki, siqaretdən başlayaraq bütün narkotiklərin ən böyük zərəri onun birbaşa beyin və mərkəzi sinir sisteminə təsir etməsidir. Narkotik insanı tarazlıqdan, normal yaşam və davranışlardan uzaqlaşdırır, dəlilik, tez ağlını itirmə, şüur pozğunluğu, yuxusuzluq, iflic sayıqlama, zəka və yaddaş pozğunluğuna gətirib çıxardır. Qaraciyərə, böyrəklərə, gözlərə, tənəffüs sisteminə, demək olar ki, insanın bütün orqanlara öz mənfi təsirini göstərir. QİÇS, sifilis, vərəm, xərçəng, qanqrena və bənzəri bir çox ölümcül xəstəliyin yayılmasında da ən böyük rolu narkotiklər və asılıları oynayır.
Tədbirdə gənclərin çoxsaylı suallarına aydınlıq gətirildi və mövzu üzrə maarifləndirici bukletlər paylandı.

Keçidlər