Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində növbəti açıq dərs keçirilmişdir

27 noyabr 2015 | 16:00

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Elektron lektoriya zalında Rayon İcra Hakimiyyətinin və Mərkəzin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda növbəti açıq dərs keçirilmişdir.
Açıq dərsdə rayonun 76, 118, 285, 65 və 327 nömrəli tam orta məktəblərinin 9-11-ci sinif şagirdləri iştirak etmişdirlər.
“Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda açıq dərslər Suraxanı rayonu Heydər Əliyev Mərkəzində ayda bir dəfə keçirilməklə  2015-2016-cı tədris ilinin sonuna qədər davam etdiriləcək və rayonun bütün məktəblərini əhatə edəcəkdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93 illiyi ərəfəsində keçirilən açıq dərslərə yekun vurulacaq, fərqlənən müəllimlər və şagirdlər mükafatlandırılacaqlar.
Şagirdlər əvvəlcə Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış oldular, Ulu Öndərin zəngin irsini, həyat və fəaliyyətinin müxtəlif dövrlərini öyrənməsi məqsədi ilə Mərkəzin 2-ci mərtəbəsində xüsusi fərdi səs sistemi olan oturacaqlar və plazma panellərlə təmin olunmuş 3 elektron auditoriyada Mərkəzin sifarişi ilə hazırlanmış “Əyilməz iradə” filmini izlədilər.
Açıq dərs dövlət himninin oxunması ilə başladı. Dərsin mövzusunu elan edən Rayon İcra Hakimiyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov qeyd etdi ki, Ümummilli Liderin xalqın təkidli istəyinə səs verərək  1993-cü ilin 9 iyununda Bakıya qayıtması onun nə qədər qətiyyətli, prinsipial, heç bir təhlükədən çəkinməyən, xalqının taleyinə biganə qalmayan fenomen şəxsiyyət olduğunu bir daha təsdiqlədi. Bu günün prizmasından bir daha aydın görünür ki, Heydər Əliyevin "qan içi"ndə çalxalanan paytaxta gəlməsinin özü bir cəsarət nümunəsi, liderlik örnəyi idi.
Heydər Əliyevin müstəqil ölkəmizə rəhbərlik etdiyi 10 il Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazıldı. Bu dövr ərzində Heydər Əliyev ölkəmizi təhlükə və çətinliklərdən qurtararaq ardıcıl inkişaf yoluna çıxardı. Sosial-iqtisadi inkişafa geniş meydan açıldı, ölkəyə xarici sərmayələr cəlb edildi, böhran həddində olan iqtisadiyyatımızda, sənayedə uğurlu islahatlar nəticəsində tərəqqiyə doğru inamlı dönüş yarandı.
Açıq dərsdə 87 nömrəli tam orta  məktəbin müəllimi Sevil Məmmədsalahova “Heydər Əliyev və tolerantlıq”, 285 nömrəli tam orta  məktəbin müəllimi Rauf Məmmədzadə “Xarici ölkələrdə Azərbaycan diasporlarının yaranması”, 118 nömrəli tam orta  məktəbin müəllimi Gülər Osmanova “Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı”, 327 nömrəli tam orta  məktəbin müəllimi Talıb Quliyev “Heydər Əliyev və sosial-iqtisadi inkişaf”, 76 nömrəli tam orta  məktəbin müəllimi Nigar Bayramova “Heydər Əliyev - dünya miqyaslı siyasətçi” mövzularında dərs dedilər.
Açıq qərsdə vurğulandı ki, Azərbaycanı hərtərəfli inkişaf yoluna çıxaran Ulu Öndər əməlləri ilə, xalqa əvəzsiz xidmətləri ilə tariximizdə əbədiyaşarlıq qazandı. Zəmanəmizin ən görkəmli siyasi xadimi siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə Azərbaycanın yeni tarixində dövlətçiliyimizin möhkəmlənməsinə, müstəqilliyimizin əbədi olmasına verdiyi töhfələrə görə xalqımızın Ümummilli Liderinə çevrildi.
Ulu Öndər Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafını təmin edən təkmil irs, dövlətçilik xətti, siyasi məktəb yaratdı. Bu irsin ən görkəmli nümayəndəsi, Heydər Əliyev siyasi məktəbinin layiqli təmsilçisi olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan milli intibahının şərəfli mərhələsini yaşayır.
Son 12 ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kurs sayəsində Azərbaycanın yeni dövrün tələblərinə cavab verən sürətli və kompleks inkişafı təmin olunub, o cümlədən xalqımızın malik olduğu müasirlik, demokratiklik, hüquqilik, dünyəvilik kimi parametrlər daha da güclənib. Regionda və dünyada baş verən tarixi prosesləri düzgün qiymətləndirən, geosiyasi dəyişikliklərin gedişini xalqın maraqları çərçivəsinə yönəltməyə qadir olan, bu məqsədlə praqmatik, rasional gedişlər etməyi bacaran, hadisələrin inkişaf axarını qabaqlayan möhtərəm Prezidentimiz cənab İlham Əliyev ölkəmizin inkişafına və təhlükəsizliyinə nail olmaqla yanaşı, dünya birliyində onun mövqelərini davamlı şəkildə gücləndirib.
Açıq dərsdə mövzu xüsusi hazırlanmış animasiya, foto, video materiallarla şagirdlərin diqqətinə çatdırılmışdır.

Keçidlər