Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda narkomaniyaya qarşı mübarizə həftəsi çərçivəsində ‘‘QİÇS və Narkomaniyaya qarşı mübarizəyə Sən də Qoşul - Sağlam Həyat Tərzini Seç!” adlı tədbir keçirilmişdir

26 noyabr 2015 | 16:00

Noyabrın 25-də narkomaniyaya qarşı mübarizə həftəsi çərçivəsində Suraxanı rayon İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman idarəsinin, ‘‘Ədalət və İnkişaf Naminə ‘‘Uşaq və Gənclərə  Dəstək İctimai Birliyinin  birgə təşkilatçılığı ilə Hövsan qəsəbəsində yerləşən  270 nömrəli tam orta məktəbdə  ‘‘QİÇS və Narkomaniyaya qarşı mübarizəyə Sən də qoşul - Sağlam Həyat Tərzini Seç!” adlı maarifləndirici tədbir keçirilmişdir. Tədbir hər iki dəhşətli bəladan əziyyət çəkən insanların faciəli həyatından bəhs edən kinosujetin nümayişi ilə başlanmışdır.
270 nömrəli məktəbin direktoru Əli İsgəndərov tədbiri açaraq  narkotiklərin insan orqanizminə, sağlamlığa vurduğu zərərlərdən, ümumilikdə cəmiyyətdə törətdiyi sosial bəlalardan danışdı və şagirdləri  narkomaniyaya qarşı mübarizədə  fəal olmağa səslədi.
Tədbirdə çıxış edən "Ədalət və İnkişaf Naminə" Uşaq və Gənclərə Dəstək İctimai Birliyinin sədri Könül Əfəndiyeva məlumat verdi ki, narkotikdən cəmi bir-iki dəfə istifadə edən iradəsiz adam onun quluna çevrilir, insan gücdən düşür, mənəviyyatını itirir, ətrafındakılar üçün böyük bir təhlükəyə çevrilir. Narkotiklərin “dadına baxanlar” artıq narkotik alverçilərinin toruna düşmüş hesab olunurlar, deyən natiq, şagirdlərə insan mənəviyyatını alçaldan, intelektual səviyyəsini heçə endirən pis vərdişlərdən uzaq olmağı tövsiyyə etdi.
Tədbirdə  çıxış edən Suraxanı rayon İcra  Hakimiyyəti başçısı aparatının baş məsləhətçisi  Yeganə Rəhimova qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması üzrə Dövlət Proqramı (2013-2018)"nın təsdiq edilməsi haqqında sərəncam imzalamışdır. Bu mühüm Dövlət proqramının icrası ilə əlaqədar Suraxanı rayonunun tam orta məktəblərində, məktəbdənkanar təhsil müəssisələrində, gənclərlə keçirilən görüşlərdə genişmiqyaslı maarifləndirmə işləri aparılır, məktəblilərin və yeniyetmələrin iştirakı ilə silsilə tədbirlər həyata keçirilir. Bu maarifləndirici tədbirlərdə bütün dünya üçün ən təhlükəli bəlalara çevrilən  narkomaniya, QİÇS barədə məlumat  verilir, filmlər, video-roliklər nümayiş etdirilir.
Tədbirdə Suraxanı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Ayan Yusifova, Suraxanı rayon Gənclər və İdman idarəsinin rəis müavini Elşən Atakişizadə, idarənin aparıcı məsləhətçisi Elnarə Məmmədova çıxış edərək şagirdlərə bu bəlaya qarşı birgə mübarizə aparmaq üçün tövsiyyələr, dəyərli məsləhətlər verdilər.
Diskusiya formasında keçirilən tədbirdə məktəblilərin çoxsaylı suallarına aydınlıq gətirildi, şagirdlərə mövzu üzrə buklet və broşurlar paylandı.

Keçidlər