Suraxanı rayonunda payız-qış mövsümünə hazırlığının vəziyyəti müzakirə edilmişdir
Suraxanı Rayon İcra Hakimiyyətində rayonun payız-qış mövsümünə hazırlığının vəziyyəti müzakirə edilmişdir. İclasda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, xidmət sahələrinin, mənzil-kommunal idarələrinin, təhsil, səhiyyə, mədəniyyət, digər idarə və müəssisələrinin rəhbərləri, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri iştirak etmişdir.
İclasda çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev qeyd etmişdir ki, qarşıdan gələn payız-qış mövsümünə hazırlıq işləri RİH-in və digər aidiyyəti qurumların diqqət mərkəzində saxlanılmış, görülən işlər qış aylarında mənzillərin, inzibati binaların, təhsil, səhiyyə, mədəniyyət və idman obyektlərinin qızdırılmasına, bu sahədəki çətinliklərin aradan qaldırılmasına imkan verəcəkdir.
Rayon təsərrüfatının payız-qış mövsümünə hazırlığını yüksək səviyyədə təmin etmək məqsədi ilə Rayon İcra Hakimiyyəti başçısının 90 saylı 18.09.2015-ci il tarixli sərəncamı ilə müvafiq Qərargah yaradılmış və həyata keçiriləcək tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planında istilik qazanxanalarının enerji daşıyıcıları ilə fasiləsiz təmin olunması, mərkəzi istilik sisteminə qoşulmuş yaşayış binalarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin keyfiyyətli istiliklə təchiz edilməsi, mənzil-kommunal təsərrüfatında zəruri təmir işlərinin aparılması, qış mövsümündə nəqliyyatın normal fəaliyyət göstərməsi üçün küçə və yolların işlək vəziyyətdə saxlanılması, yanğın törədə biləcək amillərin qarşısının alınması kimi işlər nəzərdə tutulmuşdur. Yerlərdə işin səmərəli təşkili məqsədi ilə idarə və müəssisələrdə də qərargahlar təşkil edilmişdir.
Rayonun idarə, müəssisə və təşkilatlarının təklifləri nəzərə alınmaqla işlənmiş Tədbirlər planında nəzərdə tutulmuş işlərin böyük bir qismi həyata keçirilmiş, qalan işlərin icrası isə mövsüm ərzində həyata keçiriləcəkdir.
Məsələnin vacibliyini nəzərə alaraq payız-qış mövsümünə hazırlığın gedişi, bu sahədə qarşıda duran vəzifələr Rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın iclaslarında, işçi müşavirələrdə mütəmadi olaraq müzakirə edilmişdir.
Suraxanı rayonunda “Azəristiliktəchizat” ASC-nin 9, 12 və 17 saylı İstilik Sistemləri İstismar Sahələri fəaliyyət göstərir. Bütün qazanxana və istilik məntəqələrində cari profilaktik təmir işləri artıq başa çatdırılaraq qışa hazır vəziyyətə gətirilmişdir. Qazanxanalarda olan nasoslar, elektrik mühərrikləri təmir olunmuş, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənmiş, qazanlarda istismarın etibarlılığını təmin etmək üçün nəzarət ölçü cihazlarının və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilmişdir. Magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilmiş və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur.
Rayon ərazisindəki istilik məntəqələri daha müasir avadanlıqlarla təchiz edilmiş, istilik alan binalara gedən magistral və məhəllədaxili istilik xətləri əsaslı təmir edilmiş, müxtəlif diametrli borularla 1670,0 p.m. istilik xətləri dəyişdirilmişdir.
Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən payız-qış mövsümünə hazırlıqla əlaqədar bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilib. Tədbirlər planının icrası çərçivəsində, əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yeni kompleks transformator məntəqələri inşa edilib, mövcud olanlar isə daha güclü müasir avadanlıqlarla təchiz olunub. Qaz təsərrüfatında da xeyli işlər görülmüş, müxtəlif diametrli borularla 6,54 km qaz xətti çəkilmişdir. Su və kanalizasiya təchizatı sahəsində 353 p/m uzunluğunda 2000-2500 mm diametrli kanalizasiya kollektorları və tunellər tikilmiş, müxtəlif diametrli borularla 2250 p/m su, 2300 p/m kanalizasiya xətləri çəkilmiş və hal-hazırda işlər davam etdirilir. Leysan və yağış barmaqlıqları təmizlənmiş, onların işlək vəziyyətdə saxlanılması nəzarətə götürülmüşdür.
Rayon ərazisində fəaliyyət göstərən Mənzil Kommunal Təsərrüfatı Birlikləri tərəfindən Tədbirlər Planına uyğun olaraq 19,4 min kv.m dam örtüyü təmir edimiş, pilləkən qəfəslərində ümumi istifadə olunan yerlərin 359,0 kv.m-i şüşələnmiş, 398,0 p/m tüstü bacası təmizlənmiş, 19 ədəd dəmir qapı quraşdırılmış, 441,0 p.m müxtəlif diametrli su xətləri təmir edilmiş, 1009,0 p.m müxtəlif diametrli kanalizasiya xətləri çəkilmişdir. Binaların su navalçaları təmizlənmiş, nasazlıqları aradan qaldırmaq üçün 542,0 p.m plastik boru dəyişdirilmişdir.
Səkilərin və məhəllədaxili yolların vaxtında qardan təmizlənməsini təmin etmək məqsədi ilə enişli-yoxuşlu yerlərdə qumla doldurulmuş iri tutumlu qablar qoyulmuş, qar yağarkən yolların sürüşkən hissəsinə səpilməsi üçün lazımi qum ehtiyatı hazırlanmışdır.
Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti, Rayon İcra Hakimiyyəti, “Azəryolservis” ASC və digər təşkilatlar tərəfindən cari ilin 10 ayı ərzində 91,9 min kv.m asfalt örtüyü salınmışdır.
R.Hacıyev vurğulamışdır ki, Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində rayon ərazisindəki yaşayış binaları, idarə və müəssisələr, təhsil və səhiyyə müəssisələri və digər sosial obyektlər fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz, su, istilik və digər kommunal xidmət növləri ilə təmin ediləcəkdir.
İclasda Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini Elçin Cabbarov, Suraxanı Qaz Sahəsinin texniki şöbəsinin rəisi Rizvan Şərifov, “Azəristiliktəchizat” ASC 12 və 17 saylı İSİS rəisi Məşdi Cəfərxanov, “Azəryolservis” ASC “76 saylı Yol İstismarı” MMC-nin baş mühəndisi Natiq İsmayılov, 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Arif Məmmədov, 315 saylı tam orta məktəbin direktoru Dadaş Əliyev, Səməd Mənsur adına Əmircan Mədəniyyət evinin direktoru Afaq Bayramova çıxış etmişlər.