Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda “9 noyabr-Dövlət Bayrağı günü” münasibəti ilə silsilə tədbirər keçirilmişdir

07 noyabr 2015 | 16:00

6 noyabr 2015-ci  il tarixdə Suraxanı rayonu Heydər Əliyev parkında “Bayraq meydanı”nda  Suraxanı Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Suraxanı rayon Təşkilatının birgə təşkilatçılığı ilə “9 noyabr-Dövlət Bayrağı günü” münasibəti ilə tədbir keçirilmişdir.

Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, RİHB yanında Şuranın üzvləri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları, gəncləri və ictimaiyyətin nümayəndələri əvvəlcə Ulu Öndərin Suraxanı rayonu Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər.

Suraxanı rayonu Heydər Əliyev parkında “Bayraq meydanı”nda keçirilən tədbir dövlət himninin oxunması ilə başlandı. Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, bayraq qürur yerimiz, dövlət rəmzimizdir, milli kimliyimizdir. Üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası və yüksəldilməsi istiqamətində ilk israrlı, vətənpərvər cəhdlər Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrə təsadüf edir. Muxtar respublikanın ali orqanının 1990-cı il noyabrın 17-də keçirilmiş sessiyasında Azərbaycan Xalq Cümhuriyyəti dövründə ucaldılmış üçrəngli bayrağın bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında qərar qəbul edilmiş, üçrəngli bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan Respublikası Ali Soveti qarşısında vəsatət qaldırılmışdır. 1995-ci ildə Ümummilli Liderin rəhbərliyi altında hazırlanmış Azərbaycan Konstitusiyasında üçrəngli bayraq dövlət rəmzi kimi təsbit edilmişdir.

İlqar Abbasov xüsusi vurğulamışdır ki, Ulu Öndərin milli mənafelərə əsaslanan siyasətini bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını daim uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır. Dövlət başçısı 2004-cü il iyunun 8-də "Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında" Qanun, 2007-ci il  noyabrın 17-də "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında" sərəncam imzalamış, 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla isə Azərbaycanın üçrəngli bayrağının 1918-ci ildə ilk dəfə rəsmi ucaldığı 9 noyabr tarixini əbədiləşdirərək "Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü" kimi təsis etmişdir. 2010-cu il sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Bakı şəhərində açılışı olan və dünyaya səs salan Dövlət Bayrağı Meydanı isə bayrağımıza, dövlətçilik tariximizə olan ehtiramın təntənəsi olmuşdur.

Bu gün ölkəmizin şəhər və rayonlarda Bayraq Meydanlarında dövlət bayrağının təntənəli dalğalandığını görmək mümkündür. Belə yerlərdən biri də Suraxanı rayonunda Heydər Əliyev parkında yerləşən “Bayraq meydanı”dır. Dövlət bayrağımız 4 may 2009-cu il tarixdən bu meydanda dalğalanaraq hər birimizi qürurlandırır. Dövlət Bayrağımız dalğalanaraq xalqımızda milli özünüdərk və müstəqillik ideallarını, həmrəylik duyğularını daha da gücləndirir.

            Rayon rəhbəri çıxışını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə yekunlaşdırdı:

"Bizim bayrağımız bizim müstəqilliyimizin rəmzidir, bizim bayrağımız bizim qürur mənbəyimizdir, bizim canımızdır, bizim ürəyimizdir. Azərbaycan bayrağı Dağlıq Qarabağda, Şuşada və bu gün hələ də işğal altında qalan başqa torpaqlarımızda dalğalanacaq. Eşq olsun Azərbaycan bayrağına, eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!"

Tədbirdə Milli Məclisin deputatları Ağacan Abiyev, Sevinc Fətəliyeva çıxış etdilər.

YAP Suraxanı rayon gənclər təşkilatının hazırladığı ədəbi-bədii kompozisiya göstərildi.

Gənlərin təşəbbüsü ilə “Hər evə bir bayraq” aksiyasına start verildi.

 

7 noyabr 2015-ci  il tarixdə isə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, RİH-in əməkdaşları, RİHB yanında Şuranın üzvləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri Dövlət Bayrağı meydanında olmuşlar.

Qonaqlara məlumat verilmişdir ki, 2010-cu il sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Bakı şəhərində açılışı olan və dünyaya səs salan Dövlət Bayrağı Meydanı öz möhtəşəmliyi ilə fərqlənir. Eni 35, uzunluğu 70 metr, kütləsi təqribən 350 kiloqram olan bayrağın dirəyinin hündürlüyü 162 metrdir. Bayraq Meydanı öz əzəməti ilə Bakının simvoluna çevrilib. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. Təsadüfi deyil ki, "Ginnes" Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Ümumi ərazisi 60 hektar olan Bayraq meydanında bütün infrastruktur yaradılıb. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Dövlət Bayrağı Muzeyi bayraq dirəyinin mərkəzində yaradılıb. Muzey dairəvi formadadır. Muzeydə qədim dövr Azərbaycan dövlətlərinin bayraqlarından tutmuş, müasir dövrümüzü əhatə edən bir-birindən maraqlı eksponatlar sərgilənir.

Muzeydəki Elektron kitabxana da ziyarətçilərin xüsusi diqqətini çəkmişdir. Bu kitabxanaya dövlət atributlarına, xüsusən də bayrağa aid bütün materiallar yerləşdirilib. Divarda əks olunan elektron kitab rəfində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətlərini əks etdirən nəşrlər də yer alıb. Qurğunun özəlliyi ondan ibarətdir ki, heç bir kitaba fiziki olaraq toxunmursan, bir az yaxında duraraq, sadəcə, əl hərəkətləri ilə istədiyin kitabı götürüb oxumaq olur. Sağ əli qaldırıb sağdan sola aparmaqla kitabı səhifələmək mümkündür. Hər iki əli bir-birinə yaxınlaşdırdıqda isə kitab bağlanır və rəfdəki yerini tutur.

Dövlət Bayrağı Meydanı dövlətçiliyimizin keçdiyi şərəfli tarixi, onun hansı təməl prinsiplərinə, ideoloji sütunlara söykəndiyini nümayiş etdirməklə yanaşı, xalqın müstəqil dövlətini qorumaq, inkişaf etdirmək, yaşatmaq əzmini göstərir. Azərbaycanın Dövlət Bayrağının Bakı şəhərinin ən möhtəşəm guşəsində -  dalğalanması xalqda milli özünüdərk və müstəqillik ideallarını, həmrəylik duyğularını gücləndirir.

 

 

Keçidlər