Suraxanı rayonunda “1 oktyabr-Beynəlxalq Ahıllar günü” münasibəti ilə tədbir keçirilmişdir
1 oktyabr 2015-ci il tarixdə Suraxanı rayon İcra Hakimiyyətinin və Rayon Əhalinin Sosial-Müdafiə Mərkəzinin birgə təşkilatçılığı ilə “1 oktyabr-Beynəlxalq Ahıllar günü” münasibəti ilə tədbir keçirilmişdir.
Rayonda yaşayan ahıl insanlar üçün “Bülbülə” şadlıq evində təşkil edilmiş mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etmişdir ki, BMT-nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul etmişdir və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 22 iyun 2001-ci il tarixində “Ahıllara sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununu imzalamışdır. Dövlətimiz ahıllara həmişə xüsusi diqqət və qayğı göstərir. Hər il “1 oktyabr- Beynəlxalq Ahıllar günü” ölkəmizin hər yerində olduğu kimi Suraxanı rayonunda da yüksək səviyyədə qeyd olunur. Respublikamızda qəbul edilmiş “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na uyğun olaraq Suraxanı rayonunda bu istiqamətdə müvafiq işlər görülür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 30 dekabr tarixli Sərəncamı ilə təsdiq olunan ”2009-2015-ci illərdə sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nın uğurla icrası ilə sığorta-pensiya sisteminin davamlı inkişafına nail olunub. Ölkəmizdə tətbiq olunan yeni sığorta-pensiya sistemində pensiyaların artırılması, bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə dəyişdirilməsi mövcud maliyyə imkanlarının bütün pensiyaçılar arasında ədalətli bölgüsünə imkan verib.
Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da ahılların ən böyük qayğıkeşidir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ahıllarla, müharibə veteranları ilə görüşlər keçirilir, onların sağlamlığı diqqətdə saxlanılır. Ahıllar günündə bu qəbildən olan insanlar üçün müxtəlif tədbirlər təşkil olunur: Bütün bunlar Azərbaycan dövlətinin hər bir vətəndaşına olan qayğısının göstəricisidir.
Suraxanı rayonunda hazırda 70 yaşından yuxarı 5761 nəfər yaşayır. Onların hamısı dövlət tərəfindən təqaüdlə təmin olunmuşlar və əksəriyyəti ailələrdə yaşayırlar. Rayonda yaşayan tənha və başqasının köməyinə ehtiyacı olan ahıl insanlara evdə qulluq həyata keçirilir.
Hazırda rayonda 216 nəfər kimsəsiz ahıl yaşayır. Ahıl insanlar Rayon Əhalinin Sosial- Müdafiə Mərkəzi tərəfindən qeydiyyata alınmışdır. Onlara xidmət olunur və həyat tərzinə daim nəzarət edilir.
Qəsəbələrdə yerləşən poliklinikalar və xəstəxanalarda həkimlər tərəfindən ahıl vətəndaşların sağlamlığı nəzarətdə saxlanılır, onların dispaserizasiyasına xüsusi diqqət göstərilir.
Ahıl insanların asudə vaxtlarını səmərəli keçirməsi üçün rayon ərazisində yerləşən parklarda, mədəniyyət ocaqlarında Veteranlar üçün xüsusi guşələr yaradılmışdır.
Yaşlı nəslin problemlərinin həlli Rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Problemlərin həllinə rayonda fəaliyyət göstərən ictimai birlik və cəmiyyətlər cəlb olunurlar. Azərbaycan “Qızıl Aypara” Cəmiyyətinin rayon bölməsi, rayon Veteranlar Şurası, rayon Ağsaqqallar Şurası fəallıqları ilə fərqlənirlər.
Daha sonra tədbirdə Suraxanı rayon Əhalinin Sosial-Müdafiə Mərkəzinin direktoru Niyazi Əliyev, Suraxanı Rayon Ağsaqqallar Şurasının üzvü Mirzəağa Quliyev, Böyük Vətən Müharibəsi iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri və ahılllar çıxış etdilər.Çıxış edənlər bu zümrədən olan insanların sosial müdafiəsinin gücləndirilməsi və hüquqlarının təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər barədə danışmış, diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.
“1 oktyabr-Beynəlxalq Ahıllar günü” münasibəti ilə təşkil olunmuş tədbirdə Qurban Abbasov və Səttar Bəhlulzadə adına Mədəniyyət Saraylarının bədii kollektivləri maraqlı konsert proqramı ilə çıxış etmişlər.