Suraxanı rayonu Heydər Əliyev Mərkəzində “Ölümə qənşər” sənədli-bədii filmin təqdimatı olmuşdur
31 avqust 2015-ci il tarixdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin və “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanları – Rafiq Alıcanov, Mərifət Nəsibov və Şamoy Çobanovun həyat və döyüş yollarından bəhs edən “Ölümə qənşər” sənədli-bədii filminin təqdimatı olmuşdur. Təqdimatda rayonun Qarabağ Müharibəsi Əlilləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin nümayəndələri, müharibə veteranları, Rafiq Alıcanovun ailə üzvləri və döyüş dostları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinin nümayəndələri, rayonun gəncləri iştirak etmişdir.
Təqdimat mərasimi Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlandı.
Bir dəqiqəlik sükutla torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş igid oğul və qızlarımızın əziz xatirəsi yad edildi.
Tədbiri giriş sözü ilə açan Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova qeyd etmişdir ki, tədbirin keçirilməsində məqsəd vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsini növbəti dəfə yad etmək və gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, milli, mənəvi və əxlaqi dəyərlərin gənclər arasında təbliği və təşviqi istiqamətində tədbirlərin davam etdirilməsidir. Azadlıq, müstəqillik uğrunda mübarizə aparmaq xalqımıza məxsus bir keyfiyyət olub, xalqımızın oğul və qızlarını tarix boyu qəhrəmanlıqlara sövq edib. Xalqımız vətəni və müqəddəs dəyərləri naminə həmişə döyüşüb, bu yolda ölməyi yaşamaqdan üstün tutub.
Çoxəsirlik mübarizəsinin nəticəsi olaraq Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmizə qarşı törədilən bir sıra cinayətlərə, xüsusi ilə də erməni təcavüzü və terrorizminə qarşı xalqımız səfərbər olub vətən və millət naminə düşmənə qarşı ölüm-dirim savaşına qalxdı. Bu mübarizədə bir çox igid oğullarımız şəhid oldular. Onların bu igidlik və rəşadəti xalqımızın qəlbində əbədi bir məşələ çevrilərək gələcək nəsillərin yolunu işıqlandırır.
Sevinc Hüseynova xüsusi vurğulamışdır ki, şəhid ailələrinin, müharibədə sağlamlığını itirmiş, əlil olmuş vətəndaşlarımızın sosial məsələlərinin həlli daim möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət mərkəzində olan vacib məsələlər sırasındadır. Şəhidlərimiz unudulmur, onların həyatı, keçdiyi döyüş yolu haqqında sənədli, bədii filmlər çəkilir, kitablar yazılır, ədəbi-bədii tamaşalar hazırlanır. Şəhid adları əbədiləşdirilir, onların adları meydanlara, küçə və prospektlərə, gəmilərə, elm, təhsil, səhiyyə və digər müəssisələrə verilir.
“Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Venera Əsgərova “Ölümə qənşər” sənədli-bədii filmi haqqında danışdı və qeyd etdi ki, filmin ərsəyə gəlməsi “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Milli, mənəvi və əxlaqi dəyərlərin gənclər arasında təbliği və təşviqi” layihəsi çərçivəsində mümkün olub.
Filmin nümayişindən sonra müharibə veteranları, Rafiq Alıcanovun ailə üzvləri və döyüş dostları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinin nümayəndələri, rayonun gəncləri film haqqında öz ürək sözlərini bölüşdülər.
Tədbir Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin bir deyimi ilə yekunlaşdı: “Vətən yolunda şəhid olanlar ölmürlər, xalqın qəlbində, ürəyində əbədi yaşayırlar... Biz onların qəhrəmanlığı, şəhidliyi ilə fəxr edirik.