Suraxanı rayonunda 2015-ci ilin birinci yarısının yekunları müzakirə olunmuşdur
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı nitqindən irəli gələn məsələlər Suraxanı Rayon İcra Hakimiyyətində RİHB yanında Şuranın geniş iclasında ətraflı müzakirə olunmuşdur.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmiş, önünə tər güllər qoymuşlar.
Rayon İcra Hakimiyyətinin Konfrans zalında keçirilən yığıncağın əvvəlində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təltif edilmiş, RİH-in baş məsləhətçisi Kəmalə Quliyevaya “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, Bakı-2015 I Avropa oyunlarında milli komandamıza karate idman növü üzrə qızıl medal qazandıran Ayxan Mamayevə, sambo idman növü üzrə gümüş medal qazandıran Vasif Səfərbəyova, qılıncoynatma idman növü üzrə bir gümüş qazandıran Sevil Bünyatovaya və bir bürünc medal qazandıran Sevinc Bünyatovaya Suraxanı rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları və xatirə hədiyyələri təqdim olundu.
Məruzə ilə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirdi ki, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı sahəsində qəbul edilmiş dövlət proqramlarının həyata keçirilməsi Suraxanı rayonunda da abadlıq-quruculuq işlərinin sürətlənməsinə, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşmasına imkan vermişdir.
Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva tikintisinə 2014-cü ildə başlanılmış Zığ qəsəbəsindəki “Bakubus" MMC-nin birinci Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzində görülən işlərlə tanış olmuş, iyunun 3-də isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Bakubus" MMC-nin avtobus deposunun və təlim mərkəzinin açılışında iştirak etmişdir.
Aprelin 26-da Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə baş vermiş, Bakının Suraxanı rayonunda yerləşən “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğundan I Avropa Oyunlarının məşəli alovlandırılmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki mərasimdə iştirak etmişlər.
Bu möhtəşəm tədbirə hazırlıqla əlaqədar hesabat dövründə RİH-in təşkilatçılığı ilə rayonun idarə və müəssisələri tərəfindən Səttar Bəhlulzadə, İlqar Məmmədov, Şahin Məhərrəmov, Oqtay Əliyev və Xanlar Ələkbərov küçələrində yaşayış və qeyri-yaşayış obyektlərinin fasadları və hasarları yenidən qurulmuş, təmir olunaraq rənglənmiş, aqlay daşları ilə üzlənmiş, qaz, elektrik, telefon və digər yerüstü kommunikasiya xətləri yerin altına salınmışdır.
Qısa dövr ərzində rayonun Səttar Bəhlulzadə, İlqar Məmmədov və Xanlar Ələkbərov küçələrində 5990 kv.m yaşıl çəmən düzülmüş, 6014 kv.m toxum səpilmiş, ümümilikdə 12,0 min kv.m yaşılıq salınmışdır. Səttar Bəhlulzadə və Oqtay Əliyev küçələrində 27,7 min kv.m. asfalt salınmış, 5042 p/m bordur düzülmüş, 3252 kv.m səki asfaltlanmış, 2826 p/m səki borduru düzülmüş, küçələrin işıqlandırılması üçün 2707 metr elektrik kabeli çəkilmiş, 4 ədəd işıq dirəyi, 8 ədəd çilçıraq quraşdırılmışdır.
Bundan əlavə 5,1 min kv.m.aqlay daşından üzlük işləri, 3,4 min kv.m. hörgü və 10,7 min kv.m. suvaq işləri görülmüş, 2,3 min kv.m. tamet döşənmiş, 42,1 min kv.m-lik sahə rənglənmiş, 176 ədəd qapı və darvaza üzlənmiş və digər abadlıq işləri görülmüşdür.
Məruzəçi bütün göstərdikləri operativ köməkliklərə görə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, Rabitə və Yüksək Texnologiyalar, Nəqliyyat Nazirliklərinə, “Azəryolservis”, “Azərsu” və “Azəriqaz” Açıq Səhmdar Cəmiyyətlərinə təşəkkürünü bildirmişdir.
2015-ci ilin yanvar-iyun ayları ərzində Suraxanı rayonunda sənaye məhsulunun istehsalı 126,8 milyon manat, tikinti-quraşdırma işləri 21,0 milyon manat, nəqliyyat xidmətləri 2,6 milyon manat, əsas kapitala yönəldilən investisiyalar 24,5 milyon manat, kənd təsərrüfatı 1,3 milyon manat, pərakəndə ticarət dövriyyəsi 154,7 milyon manat, orta aylıq əmək haqqı 545,6 manat olmuş, əhaliyə 118,4 milyon manat məbləğində pullu xidmətlər göstərilmiş, daimi olmaqla 1701 yeni iş yeri açılmışdır.
“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Suraxanı rayonu üzrə 54 tədbir nəzərdə tutulmuş, onların 3-ü icra olunmuş, 20-nin icrasına başlanılmış, başa çatdırılan və başlanılan tədbirlər proqramın 42,6 faizini təşkil etmişdir.
Hesabat dövrü ərzində 5 və 262 saylı uşaq bağçaları əsaslı təmir olunmuş, Qaraçuxur qəsəbəsində idman zalının və 146 saylı məktəb üçün 25 sinif otağından ibarət əlavə tədris korpusu, idman və akt zallarının, Yeni Günəşli “V” yaşayış sahəsində idman meydançasının, Əmircan qəsəbəsində idman zalının və RİH tərəfindən 100 yerlik uşaq bağçasının, Yeni Günəşli “D” yaşayış sahəsində şahmat məktəbinin və yanğından mühafizə bölməsinin tikintisi davam etdirilmişdir.
Rayonda 3 ədəd Transformator Məntəqəsi tikilmiş, avadanlıqlar quraşdırılmış, 99,0 km. müxtəlif ölçülü kabel və hava xətləri çəkilmişdir. Rayonun küçə və yollarına 77,0 min kv.m asfalt örtüyü salınmış, 125 ədəd küçə işıqlandırma dirəyi, 250 ədəd çilçıraq quraşdırılmış, 4849,0 metr kabel çəkilmişdir.
Rayonun müvafiq idarələri tərəfindən müxtəlif diametrli borularla 353,0 p/m uzunluğunda kanalizasiya kollektorları və tunellər tikilmiş, yeni 2250,0 p/m su, 450,0 p/m kanalizasiya xətləri, 6,54 km. qaz, 887,0 p.m. istilik xətti çəkilmişdir.
Zığ qəsəbəsi, Səcarət Həmidov, Xanlar, Nizami, Hatəm Allahverdiyev, Həzi Aslanov, Mirzə Ələkbər Sabir və s. küçələrindəki evlərin içməli su ilə təchiz edilməsi üçün 2014-cü ilin sentyabr ayından başlayaraq “Azərsu” ASC tərəfindən ərazidə içməli su şəbəkəsinin qurulmasına başlanılmış, indiyə kimi 2154,0 p/m su xətləri çəkilmiş və işlərin başa çatdırılması üçün 470 p/m su xətləri çəkilməlidir.
01.05.2015-ci il tarixdə Qaraçuxur qəsəbəsi Vüqar Quliyev küçəsindən keçən 800 mm diametrli boruda baş vermiş qəza nəticəsində borunun ətrafında yerləşən 6 yaşayış evinə ciddi ziyan dəymişdi. “Azərsu” ASC tərəfindən operativ görülən tədbirlər nəticəsində sakinlərə dəymiş maddi ziyan ödənilmiş və tez bir zamanda qəzalı su xəttinin dəyişdirilməsinə başlanılmışdır. İndiyə kimi 1000,0 mm diametrli dəmir borularla 242,0 p/m su xətti çəkilmiş, su xəttinin çəkilişinə maneçilik törədən 425,0 mm diametrli qaz borusunun 100,0 p/m hissəsinin yeri dəyişdirilmiş, elektrik xətlərinin yerinin dəyişdirilməsi üçün 4 ədəd yeni SİP elektrik dirəyi basdırılmış və kabelləşmə işi aparılmışdır. Layihə üzrə işlərin başa çatdırılması üçün 458,0 p/m su xətləri çəkilməlidir.
Adıçəkilən qəzanın operativ aradan qaldıran “Azərsu” ASC-yə və “Azəriqaz” İstehsalat Birliyinə minnətdarlıq bildirilmişdir.
Sahibkarlığa Kömək Milli Fondu və RİH-n birgə təçkilatçılığı, 80 nəfər sahibkarın iştirakı ilə Qaraçuxur qəsəbəsində yerləşən “ATEF Elektromaş” zavodunda növbəti kredit yarmarkası keçirilmiş, 2015-ci ilin altı ayı ərzində Suraxanı rayonunda 9 investisiya layihəsinin maliyyələşdirilməsinə 95,0 min manat güzəştli şərtlərlə kredit verilmişdir.
“ATEF Şirkətlər Qrupu” MMC-nin Qaraçuxur qəsəbəsində İllik istehsal gücü 1800 ədəd transformator olan elektrik avadanlıqları və ağır transformatorlar sexinin tikintisi, “Bakı Toxuculuq” ASC-nin inzibati binasının əsaslı təmiri davam etdirilmişdir.
Rayonun mənzil-kommunal idarələri tərəfindən xidməti ərazilərində 7 abad məhəllə salınmış, məhəllədaxili ərazilərə 6888,0 kv.m asfalt örtüyü salınmış, yaşayış binalarında 27,7 min kv.m. fasad təmir olunaraq rənglənmiş, 6,0 min kv.m. dam örtüyü təmir edilmişdir.
İlqar Abbasov qeyd etmişdir ki, Suraxanı rayonu Bakının sənaye, xüsusi ilə neft sənayesi inkişaf etmiş rayonlarından biri olduğundan burada ekoloji məsələrin həlli vacib əhəmiyyət kəsb edir. Dövlət başçısının müvafiq sərəncamına və qəbul edilmiş Dövlət Proqramına əsasən Bakı şəhərində mövcud olan göllərin, o cümlədən Büllbülə və Zığ göllərinin təmizlənməsinə, ətraflarının abadlaşdırılmasına başlanılmışdır.
Hesabat dövründə rayonun aidiyyəti müəssisələri tərəfindən lay suları və neftlə çirklənmiş 5,47 hektar torpaq sahəsi təmizlənərək texniki rekultivasiya olunmuş, ümumi sahəsi 4,13 hektar olan müxtəlif ölçülü 18 ədəd gölməçə qurudulmuş, 30 ədəd quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənmiş, neft kollektorları təmir olunmuşdur.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçən ilin noyabr ayında başlayan birinci “Ümumrespublika Yaşıllaşdırma marafonu” çərçivəsində cari ildə də ağacəkmə kampaniyasl davam etdirilmiş, kampaniya çərçivəsində rayonun idarə və müəssisələrin iştirakı ilə 11 ümumrayon iməciliyi keçirilərək 7,4 mindən artıq ağac əkilmişdir.
Bülbülə qəsəbəsi, 24 saylı poliklinikanın qarşısında yeni park salınmış, Əmircan qəsəbəsi, Tofiq Bayram parkı əsaslı təmir olunaraq yenidən qurulmuş, Yeni Günəşli yaşayış sahəsində yeni parkın salınması işləri davam etdirilmişdir. Tofiq Bayram parkının əsaslı təmirində göstərilən dəstəyə görə “ATEF” Şirkətlər qrupuna təşəkkür elan edilmişdir.
Rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məsələləri daim nəzarətdə saxlanılmış, 2015-ci ilin birinci yarımilliyində rayonun aidiyyəti idarələri tərəfindən 7456 nəfərə 3,0 milyon manatdan artıq sosial müavinət ödənilmiş, 2223 ailəyə 1,95 milyon manatdan artıq ünvanlı sosial yardım göstərilmiş, 27600 təqaüdçüyə xidmət göstərilmiş, orta aylıq pensiyanın məbləği rayon üzrə 170 manat təşkil etmiş, 301 nəfər işlə təmin olunmuş, 37 nəfərə işsiz statusu verilmiş, 37 nəfərə işsizlik müavinəti verilmiş, 44 nəfər peşə hazırlıq kurslarına cəlb olunmuşdur.
Rayon ərazisində məskunlaşan məcburi köçkün ailələrinin sosial-məişət problemlərinin həlli də daim diqqət mərkəzində saxlanılır.
Cari ilin may ayının 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı Suraxanı rayonunda müvəffəqiyyətlə icra edilmiş, 18 yaşdan yuxarı əhalinin 144687 nəfəri (85.6%) tibbi müayinədən keçmişdir. Aşkarlanmış xəstəliklər nəticəsində 6751 nəfər vətəndaş ambulator müalicəyə və 570 nəfər stasionar müalicəyə qəbul olunmuş, 704 nəfərin sağlamlığı bərpa edilmiş, rayon əhalisinin tibbi müayinəsinin gedişi televiziya kanallarında və mətbuatda işıqlandırılmışdır.
Ötən dövr ərzində təsdiq edilmiş tədbirlər planlarına əsasən rayonda bir çox ictimai-siyasi tədbir keçirilmişdir.
Suraxanı rayonu Heydər Əliyev Mərkəzində tətbiq edilmiş müasir informasiya texnologiyaları, fəaliyyət göstərən kitabxana, konfrans salonu, təlim kursları əhalinin geniş təbəqəsinə xidmət göstərir. Bu günə qədər Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə 55 minə yaxın yerli və xarici ziyarətçi tanış olmuş, Mərkəzin Elektron kitabxanasının xidmətindən 15 minə yaxın istifadəçi faydalanmış, Mərkəzdə 2015-ci ilin birinci yarımilliyində 10 ümumrayon tədbiri, Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə 11-ci sinif şagirdlərinə 3 açıq dərs, 9-11-ci sinif şagirdlərinə 5 açıq dərs, yeni ailə quran 5 gənc ailənin nikah mərasimi keçirilmişdir.
Suraxanı rayonu Heydər Əliyev Mərkəzində 2014-cü ilin sentyabr ayından start verilmiş yeni layihə cari ilin birinci yarımilində də uğurla davam etdirilmiş, 1-ci sinifdə təhsil alan şagirdlər hər həftənin çərşənbə axşamı günləri Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar.
Ənənəvi olaraq 2015-ci ilin 6 ayı ərzində rayon İcra Hakimiyyəti tərəfindən digər dövlət orqanları ilə birgə dövlət bayramları və digər ictimai-siyasi tədbirlər keçirilmişdir.
Suraxanı rayonu İcra Hakimiyyəti və Riqa şəhər Şurasının Şərqi İcra Direksiyası arasında 14 may 2013-cü il tarixdə imzalanmış əməkdaşlıq haqqında sazişə uyğun olaraq təcrübə mübadiləsi və yeni layihələrin müzakirəsi məqsədilə Latviya Respublikası Riqa şəhər Şurası sədrinin müavini cənab Andris Ameriks və onu müşayiət edən nümayəndə heyəti 26-28 mart tarixlərdə Bakı şəhərində səfərdə olmuş, cənab Andris Ameriks Suraxanı rayonunun nümayəndə heyətini də əməkdaşlığı davam etdirmək, təcrübə mübadiləsi və yeni layihələrin icrası ilə bağlı müzakirələr aparmaq məqsədi ilə Riqa şəhərinə dəvət etmişdir.
15 avqust 2012-ci il tarixdə Latviya Respublikasının Yekabpils Bələdiyyəsi ilə Qaraçuxur bələdiyyəsi arasında imzalanmış qarşılıqlı əməkdaşlıq haqqında Protokola əsasən 25-27 may 2015-ci il tarixlərdə Latviya Respublikasının Zemqale regionunun, o cümlədən Yekabpils şəhərinin yerli özünüidarəetmə orqanları rəhbərlərindən ibarət nümayəndə heyəti Bakı şəhərində, Suraxanı rayonunda səfərdə olmuşlar.
2015-ci ilin 6 ayı ərzində yeniləşən internet saytı, elektron poçt ünvanı, "Qaynar xətt" telefonu kimi mütərəqqi əlaqə və informasiya vasitələrindən, yerlərdə quraşdırılmış "Şikayət və təkliflər" səyyar poçt qutularından geniş istifadə edilmiş, elektron poçt ünvanına daxil olmuş əsasən sual və təklif xarakterli 124 elektron məktub cavablandırılmışdır.
2015-ci ilin 6 ayı ərzində RİH başçısı tərəfindən 574 nəfər vətəndaş qəbul edilmişdir.
Sakinlərlə səyyar görüş-qəbulların keçirilməsinə diqqət artırılmış, rayon İcra Hakimiyyəti başçısının ümumilikdə 1125 nəfər sakinin iştirakı ilə keçirilmiş 18 səyyar görüş-qəbulunda qaldırılan məsələlərə və təkliflərə əsasən aidiyyəti idarə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, icrasına daim nəzarət edilmişdir.
Məruzə ətrafında çıxışlar olmuşdur.
Hesabat yığıncağına yekun vuran İlqar Abbasov bildirdi ki, Suraxanı rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində işlər ilin qalan dövrü ərzində davam etdiriləcək, dövlət başçısı cənab İlham Əliyevin Nazirlər Kabinetinin məlum iclasında qarşıya qoyduğu vəzifələrin icrası naminə bütün imkanlar səfərbər olunacaqdır.
Suraxanı rayonuna göstərilən diqqət və qayğıya görə İlqar Abbasov rayon sakinləri adından bir daha Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirdi və dövlətimizin başçısını əmin etdi ki, rayonun əmək kollektivləri və sakinləri həmişə olduğu kimi, yenə də Heydər Əliyev siyasi kursuna sadiqliyini nümayiş etdirəcək, qazanılmış uğurların daha da artırılması və ölkəmizin iqtisadi qüdrətinin gündən-günə möhkəmləndirilməsi üçün əzmlə çalışacaqlar.