Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda “Dövlət Qulluqçuları Günü” qeyd edildi

23 iyun 2015 | 15:00

23 iyun 2015-ci il tarixdə Suraxanı rayonunda “Dövlət Qulluqçuları Günü” qeyd edilmişdir. Tədbirdə Suraxanı rayonunda çalışan dövlət qulluqçuları iştirak etmişdir.
Suraxanı rayonunda çalışan dövlət qulluqçuları əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər və abidənin önünə tər güllər qoydular. Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra tədbir Heydər Əliyev Mərkəzinin Elektron lektoriya zalında keçirildi.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirdi ki, artıq 9-cu ildir dövlət qulluqçuları öz peşə bayramlarını qeyd edirlər. Peşə bayramımızı qeyd etdiyimiz gün “Bakı-2015” I Avropa Oyunlarının keçirildiyi günlərə təsadüf edir. Ölkəmiz mötəbər tədbirə -  I Avropa Oyunlarına ev sahibliyi edir. 26 aprel 2015-ci il tarixdə “Atəşgah Məbədi”ndə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin alovlandırdığı “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli ölkəmizi başdan-başa dolaşaraq iyunun 12-də Milli Olimpiya stadionunda alovlandırılmışdır.
Bu gün Dünya və Avropanın idman tarixində ilk dəfə Azərbaycanda əsası qoyulan Avropa Oyunlarının 11-ci günüdür. Möhtəşəm açılış mərasimi ilə tarixə damğasını vuran “Bakı-2015”in hər keçən günü dünya idmanı tarixində yeni səhifə açır. Azərbaycan idmançıları isə Avropanın ən yaxşıları olduqlarını öz möhtəşəm qələbələri ilə bir daha sübuta yetirirlər. Qazanılan medallar, əldə edilən nailiyyətlər Azərbaycanın sosial-iqtisadi inkişafı ilə yanaşı həm də idman ölkəsi olduğunu təsdiqləyir.
Dünya mətbuatının Avropa Oyunlarına Azərbaycanın yüksək təşkilatçılığına aid hazırladığı reportajlar, dərc edilən məqalələr bunun əyani sübutudur. Bütün bunlar hər birimizi qürurlandırır, sevindirir.
İlqar Abbasov vurğulamışdır ki, 2000-ci ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin imzaladığı “Dövlət qulluğu haqqında” Qanun əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilmiş həmin peşə bayramı bu mühüm sahədə çalışan şəxslərə hər il böyük sevinc bəxş etməklə yanaşı, həm də dövlət qulluqçularının bütün xalq qarşısında mənəvi hesabatına çevrilmişdir. Müstəqillik yolunda uğurla irəliləyən Azərbaycanın bugünkü qələbələrinin siyasi və iqtisadi əsaslarını yaratmış Ulu Öndər Heydər Əliyevin həyat yolu, dövlətçilik fəaliyyəti xalqa fədakarcasına xidmət nümunəsi olmuş və daim nümunə olaraq qalacaqdır. Heydər Əliyevin bütün insani keyfiyyətləri etalon sayıldığı kimi, idarəçilik sahəsində fəaliyyəti də dövlət qulluqçusunu səciyyələndirən ən yüksək meyardır.
Rayon rəhbəri qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik ənənələri və dövlət qulluqçusu üçün olduqca zəruri olan keyfiyyətləri Ulu Öndərimizin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bu gün yaşadılır və böyük bacarıqla davam etdirilir. Uğurlu dövlət quruculuğu siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində respublikamızda dövlət idarəetmə sisteminin, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi üçün mühüm işlər görülür.
“Biz xalq üçün çalışırıq, xalq üçün yaşayırıq və işləyirik” prinsipini əsas fəaliyyət kredosu kimi qəbul edən, hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu öz praktiki işləri ilə sübut edən cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin, xüsusilə, son 12 ilə yaxın  dövrdə qazandığı nailiyyətlər bütün dünyanı heyrətə gətirir.
Hər birimizin qarşısında duran mühüm vəzifələrdən birincisi vətəndaşlıq mövqeyindən çıxış etmək, ölkənin daha da qüdrətlənməsi üçün çalışmaq və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasi kursuna dəstək verməkdir. Bu şərəfli vəzifələr naminə çalışmaq və əlindən gələni əsirgəməmək hər bir dövlət qulluqçusunun müqəddəs borcudur.
Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və ISESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın həyata keçirdiyi fəaliyyət hər birimiz üçün nümunədir. Heydər Əliyevin adını daşıyan və Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fondun xidmətləri əvəzolunmazdır. Fond ötən 11 ildə Ulu Öndərin ideyalarını rəhbər tutaraq ardıcıl və məqsədyönlü fəaliyyətini uğurla həyata keçirib.
Dərindən düşünülmüş və elmi cəhətdən əsaslandırılmış proqramların hazırlanması və icrasına başlanması, Azərbaycanın yüksək iqtisadi sıçrayışına və stabil inkişafına etibarlı zəmin yaradan nəhəng quruculuq işləri hər bir Azərbaycan vətəndaşında qürur doğurur. Bu gün ölkədə böyük layihələr həyata keçirilir, böyük işlər görülür.  Azərbaycan Respublikası Prezidentinin mövqeyi hər bir dövlət qulluqçusu üçün örnək olmalı və onun irəli sürdüyü vəzifələr qeyd-şərtsiz yerinə yetirilməlidir.
Sonda İlqar Abbasov qeyd etdi ki, Rayon İcra Hakimiyyəti başçsı aparatının əməkdaşı - Ərazi idarəetmə və yerli özünüidatəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi     Quliyeva  Kəmalə Kamil qızı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Əhməd Talıbov və digər çıxış edənlər xüsusi vurğulamışlar ki, Suraxanı rayonunda çalışan dövlət qulluqçuları təmsil etdikləri dövlət orqanının etimadını, öz şərəf və ləyaqətlərini, ən başlıcası, hər bir vətəndaşın onlara bəslədikləri ümidləri tam doğruldacaqlar.
Tədbirdə dövlət qulluğunda səmərəli fəaliyyətinə, rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə rayonun bir qrup dövlət qulluqçusuna Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları təqdim edildi.

Keçidlər