Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda “15 İyun-Milli Qurtuluş günü” münasibəti ilə konfrans keçirilmişdir

10 iyun 2015 | 15:00

10 iyun 2015-ci  il tarixdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində  Suraxanı Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Suraxanı rayon Təşkilatının və Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə Milli Qurtuluş günü münasibəti ilə “Qurtuluşdan başlanan davamlı inkişaf strategiyası” mövzusunda konfrans keçirilmişdir.
Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, RİHB yanında Şuranın üzvləri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri Ulu Öndərin Suraxanı rayonu Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər və Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin 1-ci mərtəbəsində Ulu Öndərin zəngin irsinin tədqiqinə həsr olunmuş əsərlərin kitab sərgisi  ilə tanış oldular, Ulu Öndərin həyat və fəaliyyəti haqqında Mərkəzin sifarişi ilə hazırlanmış “Xilaskar ” filmini seyr etdilər.
Mərkəzin Elektron lektoriya zalında keçirilən konfrans dövlət himninin səsləndirilməsi ilə başlandı. Konfransda məruzə ilə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev Müstəqil Azərbaycan dövlətçiliyinin xilaskarı və qurucusu olaraq çağdaş tariximizə şanlı səhifə yazmışdır.
Ümummilli Liderin 1993-cü ilin 9 iyununda xalqın təkidli istəyinə səs verərək  Bakıya qayıtması, iyunun 15-də Ali Sovetin Sədri seçilməsi onun, sadəcə, hakimiyyətə qayıdışı deyil, eyni zamanda, xalqın qurtuluş, qəhrəmanlıq tarixidir. 15 iyun həm də Heydər Əliyevlə Azərbaycan xalqının sarsılmaz birliyinin, həmrəyliyinin rəmzi təcəssümüdür.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə  qayıdışı ilə separatçıların ölkəni parçalamaq kimi məkrli niyyətlərinə son qoyuldu. Dövlət çevrilişi cəhdlərinin və terror  aktlarının  qarşısı alındı. Müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul olundu. Azad və demokratik  şəraitdə prezident, parlament və bələdiyyə seçkiləri keçirildi. Ölkədə demokratik dəyişikliklər aparıldı. Hüquq-mühafizə, məhkəmə sistemi yenidən quruldu.
Dünyanın tanınmış neft şirkətləri ilə “Əsrin müqaviləsi” və digər kontraktlar imzalandı. Ulu Öndərin müstəqil ölkəmizə rəhbərlik etdiyi 10 il Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazıldı. Bu dövr ərzində Heydər Əliyev ölkəmizi təhlükə və çətinliklərdən qurtararaq ardıcıl inkişaf yoluna çıxardı. Sosial-iqtisadi inkişafa geniş meydan açıldı, ölkəyə xarici sərmayələr cəlb edildi, böhran həddində olan iqtisadiyyatımızda, sənayedə uğurlu islahatlar nəticəsində tərəqqiyə doğru inamlı dönüş yarandı. Sosial islahatlar həyata keçirildi, səfalət həddində yaşayan vətəndaşlarımızın sosial güzəranı əsaslı şəkildə dəyişdi, onların həyat tərzi yüksəldi, əhalinin maaşlarının, təqaüdlərinin, müavinətlərinin mərhələli artımı davamlı hal aldı. O cümlədən postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda effektli aqrar islahatlar aparıldı, torpaqlar təmənnasız olaraq kəndliyə verildi. Kənd təsərrüfatı tənəzzüldən qurtularaq inkişaf mərhələsinə qədəm qoydu. Şəffaf özəlləşdirmə prosesi nəticəsində ölkədə xüsusi mülkiyyətə keçidin sağlam təməli qoyuldu və özəl sektorun inkişafına hər cür şərait yaradıldı. Nizami ordu quruldu, Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazası gücləndirildi.
Ulu Öndər Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafını təmin edən təkmil irs, dövlətçilik xətti, siyasi məktəb yaratdı. Bu irsin ən görkəmli nümayəndəsi, Heydər Əliyev siyasi məktəbinin layiqli təmsilçisi olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan milli intibahının şərəfli mərhələsini yaşayır. Bu gün cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər Ulu Öndərin qoyduğu yolun davamından başqa cür qiymətləndirilə bilməz.
Son 12 ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kurs sayəsində Azərbaycanın yeni dövrün tələblərinə cavab verən sürətli və kompleks inkişafı təmin olunub, o cümlədən xalqımızın malik olduğu müasirlik, demokratiklik, hüquqilik, dünyəvilik kimi parametrlər daha da güclənib. Regionda və dünyada baş verən tarixi prosesləri düzgün qiymətləndirən, geosiyasi dəyişikliklərin gedişini xalqın maraqları çərçivəsinə yönəltməyə qadir olan, bu məqsədlə praqmatik, rasional gedişlər etməyi bacaran, hadisələrin inkişaf axarını qabaqlayan möhtərəm Prezidentimiz cənab İlham Əliyev ölkəmizin inkişafına və təhlükəsizliyinə nail olmaqla yanaşı, dünya birliyində onun mövqelərini davamlı şəkildə gücləndirib.
İqtisadi inkişaf göstəricilərinə görə dünyanın aparıcı dövlətləri ilə bir sıraya yüksəlmək iddiasını ortaya qoymuş Azərbaycan 2020-ci ilədək bütün sahələrdə sürətli modernləşmə yolu keçmək, ümumi daxili məhsulu 2 dəfəyədək artırmaq niyyətindədir. Cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında son illərdə ölkədə işsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin istifadəyə verilməsi, yeni yolların, su, qaz, elektrik, rabitə xətlərinin çəkilməsi "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının reallaşdırılması üçün geniş imkanlar açır.
Natiq xüsusi vurğulamışdır ki, hər birimizin qarşısında duran mühüm vəzifələrdən birincisi vətəndaşlıq mövqeyindən çıxış etmək, ölkənin daha da qüdrətlənməsi üçün çalışmaq və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasi kursuna dəstək verməkdir. Bu baxımdan Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və ISESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın həyata keçirdiyi fəaliyyət hər birimiz üçün nümunədir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sürətlə inkişaf etdirdiyi Azərbaycanın yüksəlişində Heydər Əliyevin adını daşıyan və Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fondun xidmətləri əvəzolunmazdır.
İlqar Abbasov qeyd etmişdir ki, bir gündən sonra “Bakı-2015” I Avropa Oyunlarına start veriləcəkdir. Hər kəs 26 aprel 2015-ci il tarixdə “Atəşgah Məbədi”ndə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin alovlandırdığı “Bakı-2015” ilk Avropa Oyunlarının məşəlinin yürüşünü izləyir, səbirsizliklə bu möhtəşəm idman hadisəsinin başlayacağı anı gözləyir.Tarixdə ilk dəfə keçiriləcək bu möhtəşəm idman hadisəsinə ev sahibliyi etmək Heydər Əliyevin şah əsəri olan müasir  Azərbaycanın qazandığı ən mühüm uğurlardan biridir. Bu Oyunların Azərbaycanda keçirilməsi ilk növbədə ölkəmizin qüdrətinin, artan gücünün və beynəlxalq nüfuzunun göstəricisidir.
Qurtuluşdan başlanan davamlı inkişaf strategiyası möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla həyata keçirilir. Bu gün dünya Azərbaycanı yenidən kəşf edir, Azərbaycana qucaq açır, Azərbaycanla dostluqdan qürur duyur, ona etibar edir.
Konfransda çıxış edən Milli Məclisin deputatı Sevinc Fətəliyeva, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, “Bakı 2015” I Avropa Oyunlarının konüllüsü Orxan Bayramlı qeyd etdilər ki,  Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyununda Bakıya gəlişi Azərbaycanı qurtuluşa, xilasa və müstəqil dövlətçiliyə aparan yolun başlanğıcı kimi tarixə düşmüşdür. Bu dahi insanın adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib. Həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət, sədaqət meyarı olub.
Sonra Yeni Azərbaycan Partiyasının sıralarına üzv qəbul olunmuş bir qrup rayon gəncinə üzvlük vəsiqəsi təqdim olundu.
  Sonda Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələrinın hazırladığı ədəbi-bədii kompozisiya göstərildi.

Keçidlər