Şriftin ölçüsü :

Saytın rəngi :

Latviya Respublikası, Zemqale regionunun yerli özünüidarəetmə orqanları rəhbərləri Suraxanı rayonunda olmuşlar

30 may 2015 | 15:00

15 avqust 2012-ci il tarixdə Latviya Respublikasının Yekabpils Bələdiyyəsi ilə Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur bələdiyyəsi arasında imzalanmış qarşılıqlı əməkdaşlıq haqqında Protokola əsasən 25-27 may 2015-ci il tarixlərdə Latviya Respublikasının Zemqale regionunun, o cümlədən Yekabpils şəhərinin yerli özünüidarəetmə orqanları rəhbərlərinin bir qrupu (22 nəfər) Bakı şəhərində səfərdə olmuşlar. Nümayəndə heyətinə Zemqale regionu Şurasının sədri Qunta Jilde rəhbərlik edirdi.
Səfərdə məqsəd Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti, Qaraçuxur bələdiyyəsi və Zemqale regionunun yerli özünüidarəetmə orqanları arasında əməkdaşlığın genişləndirilməsi, xalqlarımız arasındakı dostluq münasibətlərinin inkişaf etdirilməsi olmuşdur.
Səfər proqramına uyğun olaraq 25 may 2015-ci il tarixdə nümayəndə heyətinin üzvləri Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birgə Fəxri Xiyabana gələrək Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin xatirəsini yad etmiş, onun məzarı önünə gül dəstəsi qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət edilərək xatirəsi yad edilmişdir. Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları ziyarət edilmişdir.
26 may 2015-ci il tarixdə qonaqlar Heydər Əliyev Mərkəzində oldular. Qonaqlara məlumat verildi ki, Mərkəz böyük bir kompleksdən ibarət olmaqla özündə iri konqres zalı, Heydər Əliyev Muzeyi, sərgi salonları, administrativ ofisləri birləşdirir. Mərkəz müasir Bakının simvollarından biri hesab edilir. Mərkəzin ən cəlbedici hissələrindən birində Heydər Əliyev Muzeyi fəaliyyət göstərir. Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən muzeyin dizaynı və burada tətbiq olunan yeni texnologiyalar, Ulu Öndərin Muzeydə nümayiş etdirilən hərbi və mülki geyimləri, iş masası, şəxsi əşyaları, müxtəlif illərdə layiq görüldüyü orden və medallar, dünya ölkələrinin rəhbərləri tərəfindən Ulu Öndərə təqdim olunmuş hədiyyələr qonaqların böyük marağına səbəb oldu.
Suraxanı rayonuna gələn qonaqlar “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olmuşlar. Qonaqlara məlumat verilmişdir ki, Azərbaycanın maddi-mədəniyyət abidələri sırasında Bakının Suraxanı rayonunda yerləşən və UNESCO-nun “Dünya irsinin ilkin siyahısı”na daxil edilmiş “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun özünəməxsus yeri vardır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2007-ci ildən Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilən Qoruqda 2012-ci ilin sentyabrından başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə məbədətrafı ərazilərin abadlaşdırılması, yardımçı binaların tikintisi işləri həyata keçirilmişdir.
Qonaqların diqqətinə çatdırılmışdır ki, Qoruğun sahəsi 4,2 min kvadratmetrdən        15 min kvadratmetrə qədər genişləndirilmişdir. Xüsusi memarlıq üslubunda yaradılan muzeydə Bakı şəhəri və Abşeron rayonu ərazisində vaxtilə mövcud olan qədim yaşayış binalarını və abidələri əks etdirən guşələr yaradılmışdır.
Bildirilmişdir ki, 26 aprel 2015-ci il tarixdə “Atəşgah Məbədi”ndə “Bakı-2015” I Avropa Oyunlarının məşəli alovlandı. Məşəli möhtərəm Prezidentimiz cənab İlham Əliyev alovlandırdı. Bu tarixi anları özündə əks etdirən film qonaqlara nümayiş etdirildi.
Suraxanı rayonu Heydər Əliyev parkı ilə tanışlıqdan sonra Suraxanı rayonu Heydər Əliyev Mərkəzində olan qonaqlara məlumat verilmişdir ki, Mərkəzdə  multimedia və rəsm studiyaları, dünya kitabxana sisteminə qoşulmuş elektron kitabxana fəaliyyət göstərir. Bu günə qədər ümumilikdə 53 minə yaxın ziyarətçi Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin irsi ilə tanış olmuşdur.
Rayon İcra Hakimiyyətinin Konfrans zalında davam etdirilən görüşdə ikitərəfli əməkdaşlıqla bağlı məsələlər müzakirə edilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə, o cümlədən Suraxanı rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri haqqında qonaqlara ətraflı məlumat verilmişdir. Əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparılmış, gələcək əlaqələrin istiqamətləri müzakirə edilmişdir. Zemqale regionu Şurasının sədri Qunta Jilde səmimi qəbul üçün təşəkkürünü bildirdi.
27 may tarixində qonaqlar  Bayraq meydanında oldular. Qonaqlara məlumat verildi ki, Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. Ümumi ərazisi 60 hektar olan Bayraq meydanında ucaldılmış dayağın hündürlüyünün 162 metr, bayrağın eninin 35 metr, uzunluğunun 70 metr, ümumi sahəsinin 2450 kvadratmetr, kütləsinin isə təqribən 350 kiloqramdır olması, 2010-cu il  mayın 29-da  Azərbaycan dövlət bayrağı dirəyinin  dünyada ən hündür bayraq dirəyi kimi Ginnesin rekordlar kitabına daxil edilməsi, Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbinin, dövlət himninin mətninin və ölkəmizin xəritəsinin qızıl suyuna salınmış bürüncdən hazırlanması haqqında məlumatı qonaqlar həvəslə dinlədilər. Qonaqlar eyni zamanda Dövlət Bayrağı Muzeyi ilə də tanış oldular. Hər il  9 noyabr tarixinin Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunduğu onların diqqətinə çatdırıldı.
Qonaqlar səfər çərçivəsində  Milli Parkda, İçəri Şəhərdə və  Bakı şəhərinin digər görməli yerlərində oldular.
Nümayəndə heyətinin üzvləri səmimi qəbul üçün təşəkkürlərini bildirərək xüsusi vurğuladılar ki, Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri, yeni parkların, yaşıllıqların salınması, şəhərin təmizliyi, Milli Parkda aparılan işlər göz oxşayır və onlarda xoş təəssürat yaratmışdır. Onlar bir daha Bakı şəhərinə gəlmək arzusunda olduqlarını xüsusi qeyd etdilər.

Keçidlər