Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda Respublika günü geniş qeyd edildi

27 may 2015 | 15:00


Suraxanı rayonunda Azərbaycanda Xalq Cumhuriyyətinin yaranmasının 97 illiyi münasibəti ilə silsilə tədbirlər təşkil olunmuşdur.  Rayon ərazisində yerləşən tam orta məktəblərdə Azərbaycanın müstəqillik tarixinə həsr olunmuş dərslər, inşa yazı müsabiqələri keçirilmiş, sənaye, səhiyyə, təhsil müəssisələrində dəyirmi masalar təşkil olunmuşdur.
27 may 2015-ci il tarixdə Suraxanı rayon İcra Hakimiyyətinin və AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində konfrans keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmişlər.
Mərkəzin Elektron lektoriya zalında keçirilən tədbir dövlət himninin səsləndirilməsi ilə başlandı. Konfransı giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, ölkəmiz şərqin ilk demokratik respublikası olmuşdur. Təkcə bu faktı dilə gətirmək özü bizi nə qədər qürurlandırır. Bu Azərbaycan tarixidir. Vətənimizin qızıl hərflərlə yazılmış tarixi. Azərbaycan Xalq Cümhuriyyəti xalqın cümhuriyyəti idi. Öz xalqının milli şüurunu bərpa edən, ana dilini dövlət dili elan edən, mənəvi dəyərlərini qorumağı vacib bilən, inkişafa, tərəqqiyə aparan çətin yolu seçən, milli bayraq, milli himn, milli gerb kimi vacib dövlət atributlarını yaradan, vətəndaşların hüquqlarını qoruyan, onun problemlərini həll etməyi hədəf götürən ilk parlamentli respublika quran, milli ordumuzu ərsəyə gətirən, ali təhsil ocağı təsis edən, xarici ölkələrə oxumağa tələbə göndərən, mətbuatın inkişafına yardım edən və müstəqilliyi de-fakto tanınan və de-yure tanınmağı da qarşısına məqsəd qoyan məhz Azərbaycan Xalq Cümhuriyyəti idi.
Konfransda tarix üzrə fəlsəfə doktoru, dosent, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Vasif Qafarov Azərbaycan Xalq Cümhuriyyətinə gedən yol barədə ətraflı məruzə ilə çıxış etdi. Vasif Qafarov məruzəsində qeyd etdi ki, 23 ay bir millətin nələrisə əldə etməsi baxımından çox qısa bir zaman kəsiyidir. Dövlətlər var ki, onilliklərlə, hətta yüzilliklərlə mövcuddurlar, lakin öz xalqlarının taleyində ciddi dönüş etməyin proqramını belə tutmurlar. Lakin Azərbaycan Xalq Cümhuriyyəti 97 il bundan öncə yarandığı 28 may günündən etibarən xalqın milli şüurunda dönüş yaratmağı bacardı. Azərbaycan Xalq Cümhuriyyəti ilk dəfə olaraq Azərbaycan adlı müstəqil dövlətin əsasını qoydu.
Məruzə ətrafında 196 №-li tam orta məktəbin direktoru Ağasi Hüseynov,  Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin müdiri Şahalı Cəbiyev, 275 №-li tam orta məktəbin şagirdi Murad Bayramov çıxış etdilər.
Konfransı yekunlaşdıran rayon rəhbəri qeyd etdi ki, 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti  xalqa müstəqilliyin, azadlığın tamını daddırmışdı. Ona görə də 71 il sovetlər birliyinin tərkibində yaşayan xalqımızda milli dövlət qurmaq instikti zəifləsə də, tamam yox olmadı. Və bu layiqli gün yetişdi. 1991-ci ilin 18 oktyabrında 71 il öncə 28 may günü qurulan cümhuriyyət yenidən bərpa olundu. Ancaq sovet hakimiyyətinin süqutu ilə 1991-ci ildə yenidən müstəqillik əldə edən Azərbaycan bitib-tükənməyən hakimiyyət çəkişmələri, parçalanıb məhv olmaq təhlükəsi ilə üz-üzə gəlmiş, ermənilərin Azərbaycan torpaqlarının iyirmi faizini işğal etməsi nəticəsində bir milyondan çox soydaşımız qaçqın-məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdu. Azərbaycanın müstəqilliyi yenidən təhlükə altında idi.
Ölkənin belə ağır vəziyyətdən xilasının yeganə yolunu görkəmli siyasi xadim Heydər Əliyevin hakimiyyətə qayıtmasında görən həmvətənlərimiz onu təkidlə Bakıya dəvət etmiş, milyonlarla insanın təkidinə və xahişinə hörmətlə yanaşan Ulu Öndərimiz yenidən siyasi hakimiyyətə qayıdaraq 1993-cü il iyunun 15-də Milli Məclisin sədri seçilməsi ilə dövlət müstəqilliyinin qorunmasını, ölkədə sabitliyin, əmin-amanlığın yaranmasını, iqtisadiyyatın inkişafını təmin etmişdir.
Müstəqilliyini yenicə əldə etmiş bir ölkədə iqtisadiyyatın yenidən qurulması, peşəkar ordunun yaradılması, çevik və balanslaşdırılmış xarici siyasət kursunun həyata keçirilməsi, hüquqi və demokratik dövlət quruculuğu məhz Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu Öndərimizin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hakimiyyətə gəlişi ilə dövlət müstəqilliyinin qorunub möhkəmlənməsində, iqtisadiyyatın inkişafında, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsində yeni mərhələ başlanmışdır.
Azərbaycanın ərazi bütövlüyünü hərbi yolla təmin etməyə qadir olan güclü ordusu yaradılmış, xalqın həyat səviyyəsinin yaxşılaşdırılması təmin edilmiş, Azərbaycan iqtisadi inkişafın artımına görə dünyada ön sıraya çıxmışdır.
Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətlə davam etdirdiyi müstəqil Azərbaycanın siyasəti ölkəmizin yüksəlişi ilə yanaşı, həm də beynəlxalq mövqelərini möhkəmləndirib, imicini yüksəldib. Məhz bunun sayəsində regional gücə çevrilən və tam müstəqil siyasət həyata keçirən Azərbaycan, bir çox dövlətlərin strateji tərəfdaşı, beynəlxalq məsələlərdə söz sahibi olan ölkələrdən biridir.
Sürətlə inkişaf edən Azərbaycan artıq dünyada  beynəlxalq tədbirlərin keçirildiyi əsas mərkəzlərdən biri kimi tanınır. Bəşəri dəyərlərə verdiyi mühüm töhfələrin nəticəsi olaraq bu gün ölkəmiz çağdaş dünyamızı narahat edən humanitar məsələlərin müzakirə olunduğu, sivilizasiyalararası dialoqun keçirildiyi bir məkana çevrilib.
İlqar Abbasov xüsusi vurğulamışdır ki, Azərbaycan həm də Olimpiya hərəkatının geniş vüsət aldığı idman ölkəsidir. Respublikamızın davamlı inkişafı idmanı da əhatə edib və ötən 15 il ərzində ölkəmizin idman infrastrukturu tamamilə yenidən qurulub. Bunun nəticəsi olaraq son illər ölkəmizdə idmanın əksər növləri üzrə dünya və Avropa çempionatları, bir sıra populyar idman turnirləri keçirilib. Qarşıdan isə I Avropa Oyunları gəlir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın sədri olduğu I Avropa Oyunlarının Təşkilat Komitəsi artıq bütün hazırlıq işlərini başa çatdırıb. İndi hər kəs 26 aprel 2015-ci il tarixdə “Atəşgah Məbədi”ndə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin alovlandırdığı “Bakı-2015” ilk Avropa Oyunlarının məşəlinin yürüşünü izləyir, səbirsizliklə bu möhtəşəm idman hadisəsinin başlayacağı anı gözləyir.
Hazırlıq prosesində görülən işlər göstərir ki, Azərbaycan I Avropa Oyunlarını ən yüksək səviyyədə və layiqincə təşkil edəcək. Ən əsası, Azərbaycan bu Oyunların keçirildiyi ilk ölkə kimi adını tarixə yazacaq. Azərbaycanda müəyyən olunan model gələcək Avropa Oyunlarında əsas kimi götürüləcək.
I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi tarixi bir şansdır. Bu imkandan hamılıqla istifadə etməli, milli maraqları hər şeydən uca tutmağı bacarmalı və bütün dünyaya sübut etməliyik ki, bizə göstərilən etimad və etibarı yüksək səviyyədə doğrultmağı bacarırıq.
Konfransda Milli Məclisin deputatı Sevinc Fətəliyeva iştirak etmişdir.
Konfransın sonunda 270 №-li tam orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya göstərildi.

Keçidlər