Şriftin ölçüsü :

Saytın rəngi :

Qələbənin 70-ci ildönümü Suraxanıda geniş qeyd olundu

07 may 2015 | 15:00

1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyi Suraxanı rayonunda geniş qeyd olunmuşdur. “9 may - Qələbə Günü” münasibəti ilə rayonun bütün qəsəbələrində (Əmircan, Bülbülə, Yeni Suraxanı, Zığ, Qaraçuxur, Hövsan)  rayon rəhbərliyinin, RİHB-nin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, ictimaiyyət nümayəndələrinin və veteranların iştirakı ilə təntənəli tədbirlər keçirilmiş, abidə komplekslərinin önünə tər güllər qoyulmuşdur.
7 may 2015-ci il tarixdə Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinin birgə təşkilatçılığı ilə ümumrayon tədbiri keçirilmişdir.
Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Qurban Şirinov, Böyük Vətən müharibəsinin iştirakçıları, arxa cəbhə veteranları, RİHB yanında Şuranın üzvləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri əvvəlcə Qaraçuxur qəsəbəsində  yerləşən “Vətən Şəhidləri Unudulmur” abidəsinin önünə gül qoydular.
Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən sonra bir dəqiqəlik sükütla 1941-1945-ci illər müharibəsində həlak olmuş igid oğul və qızlarımızın əziz xatirəsi yad edildi.
Tədbirdə çıxış  edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirdi ki, 1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Tədbirlər planı” təsdiq edilmişdir. 1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyi rayonun qəsəbələrində, dövlət və yerli idarəetmə orqanlarında, təhsil, səhiyyə, mədəniyyət və sənaye müəssisələrində geniş qeyd edilir.
Rayon rəhbəri bu əlamətdar bayram münasibətilə veteranları və tədbir iştirakçılarını təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. İlqar Abbasov qeyd etmişdir ki, Böyük Vətən müharibəsinin iştirakçıları, həmin illərdə arxa cəbhədə çalışanlar arasında sağ qalanlar - o günlərin canlı şahidləri bu gün hər birimiz üçün əzizdir. Müharibə başlananda respublikada orduya səfərbərlik ümumxalq hərəkatına çevirilmiş, 680 min nəfərdən çox insan səfərbərliyə alınmışdır. Döyüşlərdə göstərdikləri igidliyə görə minlərlə soydaşımız orden və medallarla təltif olunmuşlar. Onlardan 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Tank qoşunları general-mayoru Həzi Aslanov isə bu ada  iki dəfə layiq görülmüş, 34 nəfər həmyerlimiz "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif olunmuşdur. 57 həmyerlimiz general rütbəsinə yüksəlmişdir. 420 min həmyerlimiz döyüş meydanlarında qəhrəmancasına həlak olmuşdur. 1941-1945-ci illərdə respublikamızda 75 milyon ton neft çıxarılmış, 22 milyon ton benzin və başqa neft məhsulları istehsal edilərək cəbhəyə yola salınmışdır. O dövrdə bütün Sovet neftinin 90 faizi Azərbaycanın payına düşürdü. Burada Suraxanı neftçilərinin əməyi az deyildir. Suraxanı neftçiləri gecə-gündüz əzmlə çalışaraq cəbhəni yanacaqla təmin etmişlər.
Azərbaycan xalqı bu gün faşizmə qarşı müharibədəki iştirakı ilə fəxr edir. Xalqımız müharibə veteranlarına dərin ehtiram bəsləyir. Bu gün Suraxanı rayonunda 22 nəfər müharibə iştirakçısı, 35 nəfər arxa cəbhədə fədakar əməyə görə qrden və medallarla təltif olunmuş veteranı və 217 nəfər həlak olmuş və ya vəfat etmiş müharibə iştirakçılarının dul qadınları yaşayır. Hamınıza uzun ömür və cansağlığı arzulayıram.
İlqar Abbasov xüsusi vurğulamışdır ki, Ümummilli Lider Heydər Əliyev daim müharibə veteranlarına xüsusi qayğı və diqqət göstərmiş, onların problemləri ilə yaxından maraqlanmışdır. Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidentı cənab İlham Əliyevin həyata keçirdiyi mühüm tədbirlər hesabına müharibə veteranlarının sosial müdafiəsi daha da yaxşılaşır. 1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyi ərəfəsində müharibə iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyə görə orden və medallarla təltif olunmuş şəxslərə birdəfəlik maddi yardım verilməsi ölkə rəhbərliyinin veteranlara olan qayğısının bariz nümunəsidir.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov eyni zamanda qeyd etmişdir ki, Suraxanı rayonunda həyata keçirilən yerli proqramlardan biri də rayonun bütün qəsəbələrində müxtəlif ünvanlarda müharibə və əmək veteranlarının istirahətlərinin səmərəli təşkil olunması üçün  veteranlar güşələrinin yaradılmasıdır. Ötən dövrdə 13 ünvanda 27 şəhidin xatirəsini ədəbiləşdirən xatirə kompleksləri əsaslı təmir olunmuş və yeniləri tikilmişdir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Qurban Şirinov 1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyi münasibəti ilə müharibə veteranlarını təbrik etmiş və qeyd etmişdir ki, II Dünya müharibəsində faşizm üzərində qazanılmış qələbədə Azərbaycan xalqının da şərəfli payı vardır. Minlərlə həmyerlilərimiz düşmən arxasında fəaliyyət göstərən partizan dəstələrinin tərkibində Krımda, Ukraynada, Belarusiyada, Şimali Qafqazda, Baltikyanı ölkələrdə, habelə Polşada, Çexoslavakiyada, Macarıstanda Yuqoslaviyada, Fransada və İtaliyada döyüş əməliyyatlarında iştirak etmişlər. Göstərdikləri əfsanəvi qəhrəmanlıqlara görə onlarla həmyerlimiz bu ölkələrin Fəxri Vətəndaşı adına layiq görülmüşlər.
Çıxış edən veteranlar döyüş xatirələrini söyləmiş, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Sonra rayonun “Şahinlər” hərbi-idman oyunu komandaları nizamlı cərgə ilə sıra keçidi etmişlər.
Rayonun müharibə və arxa cəbhə veteranları üçün 1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubiley tədbiri  “Aura” şadlıq sarayında davam etdirilmişdir.
Tədbirdə rayonun Qurban Abbasov adına Mədəniyyət sarayının bədii kollektivləri maraqlı konsert proqramı ilə çıxış etmişlər.

Keçidlər