Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanıda “Dahi xilaskar, böyük qurucu” mövzusunda konfrans keçirilmişdir

06 may 2015 | 15:00

Suraxanı rayonunda Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilir. Növbəti belə tədbir - “Dahi xilaskar, böyük qurucu” mövzusunda konfrans Suraxanı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində keçirilmişdir.
Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB yanında Şuranın üzvləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ziyalıları və ictimaiyyətin nümayəndələri əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etdilər.
Daha sonra konfrans iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış oldular. Mərkəzin Elektron lektoriya zalında Mərkəzin sifarişi ilə hazırlanmış Ümummilli Lider Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş filmə baxışdan sonra konfrans öz işinə başladı. Əvvəlcə bir dəqiqəlik sükutla Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi  yad edildi.
Konfransda məruzə ilə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etdi ki, bu günlərdə ölkəmizdə və onun hüdudlarından kənarlarda – dünyanın bir çox ölkələrində “Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur” deyən Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd olunur.
Heydər Əliyev Azərbaycan xalqının milli sərvətidir.
Aforizmə çevirilmiş bu ifadə Heydər Əliyev şəxsiyyətinə verilmiş ən lakonik və düzgün qiyməti əks etdirir. Ulu Öndər xalqa, Vətənə sonsuz sevgisi, dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola bilən bir fəaliyyət nümunəsidir.
Ulu Öndər Müstəqil Azərbaycan Respublikasının davamlı inkişafının uzunömürlüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoymuşdur. Ulu Öndər ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olmuşdur.
Müstəqilliyini yenicə əldə etmiş bir ölkədə iqtisadiyyatın yenidən qurulması, peşəkar ordunun yaradılması, çevik və balanslaşdırılmış xarici siyasət kursunun həyata keçirilməsi, hüquqi və demokratik dövlət quruculuğu məhz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır.
Natiq vurğulamışdır ki, Ulu Öndər dahiyanə düşüncələri və zəngin dövlətçilik təcrübəsinə əsasən, dövlətin milli maraqlarına cavab verən yeganə və analoqu olmayan tərəqqi yolunu, xalqımızı yeni qələbələrə aparan siyasəti müəyyən etdi, Azərbaycanda demokratik inkişaf proseslərinin əsasını qoydu. Biz fəxrlə, böyük qürur hissi ilə deyirik ki, xalqımızın əbədi Lideri, Ulu Öndər Heydər Əliyev isə təkcə XX əsrin deyil, ümumiyyətlə, Azərbaycan tarixinin yetirdiyi ən böyük, dahi şəxsiyyətdir.
Bu gün Azərbaycan Heydər Əliyev yolu ilə irəliləyir və inkişaf edir. Fəaliyyətə başladığı ilk gündən xalqı qarşısında görəcəyi işlərin prioritetlərini açıqlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm” söyləyərək vədini real işlərlə bütün dünyaya göstərdi.
Ölkəmizin hərtərəfli inkişaf etdirilməsi, xalqımızın həyat səviyyəsinin ilbəil yaxşılaşdırılması nəticəsində dövlətimizə və xalqımıza olan maraq daha da artmışdır. Bu marağın artmasında Heydər Əliyev Fondu da kifayət qədər fəal iştirak etmişdir.
Fəaliyyətə başladığı ilk gündən etibarən Heydər Əliyev Fondu onun Prezidenti, YUNESKO və İSESKONUN Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanda və dünyada humanitar, həmçinin sosial problemlərin həlli, yoxsul və ehtiyacı olan insanlara maddi və tibbi dəstək, təhsil, mədəniyyət sahələri üzrə layihələri reallaşdırmaqla yanaşı, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin üzləşdikləri problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə daim diqqətlə yanaşır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə irəli sürülmüş “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər nəticəsində artıq 8 dövlətin parlamenti və ABŞ-ın 15 ştatı Xocalı qətliamını soyqırımı kimi rəsmi qaydada qəbul etmişdir.
İlqar Abbasov xüsusi vurğulamışdır ki, Azərbaycan bu gün Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji yolla uğurla irəliyə addımlayır. Bu yol müstəqil siyasət, davamlı inkişaf, tərəqqi yoludur.
Ümummilli Lider Heydər Əliyevin uzun illər apardığı düşünülmüş siyasət və bu siyasi kursun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu gün respublikamızı, sözün həqiqi mənasında, beynəlxalq aləmdə söz sahibinə çevirir və mövqelərini daha da möhkəmləndirir.
Ölkəmiz ən müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir. I Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmiz üçün, ümumiyyətlə, bütün Avropa Olimpiya hərəkatı üçün tarixi hadisədir.
Cənab İlham Əliyev I Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasimindəki çıxışında qeyd etmişdir ki, bu mötəbər idman tədbirinin Bakıda keçirilməsi qərarının Avropa Olimpiya Komitəsi tərəfindən qəbul edilməsində bu vaxta qədər respublikamızda nüfuzlu qurumların öz tədbirlərini keçirməsi ilə yanaşı, çoxsaylı idman yarışlarının, Avropa və dünya çempionatlarının yüksək səviyyədə təşkil olunması, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlər, ümumilikdə, Azərbaycanda idman sahəsində görülmüş işlər böyük rol oynamışdır. Beynəlxalq və Avropa Olimpiya komitələri bütün bunları yüksək dəyərləndirmiş və ilk Avropa Oyunlarının da yüksək səviyyədə keçiriləcəyi qənaətinə gəlmişlər.
26 aprel 2015-ci il tarixdə “Atəşgah Məbədi”ndə “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli alovlandı. Məşəli möhtərəm Prezidentimiz cənab İlham Əliyev alovlandırdı. Bu, ilk Avropa Oyunlarının ilk məşəlidir. Bu xoşbəxtlik, ilkə imza atmaq səadəti müstəqil Azərbaycana, onun müdrik və müasir düşüncəli dövlət başçısına nəsib oldu.
I Avropa Oyunlarına hazırlıq üzrə Təşkilat Komitəsinin işi, xüsusən onun sədri Mehriban xanım Əliyevanın fəaliyyəti ən yüksək təriflərə layiqdir. Təşkilat Komitəsi başqalarının yeddi ilə görə biləcəyi işi 3 dəfə qısa müddətə - 2,5 ilə, özü də keyfiyyətlə başa çatdırmağa nail olmuşdur. Avropa Oyunlarının Azərbaycanda keçirilməsi tarixi bir şansdır. Bu imkandan hamılıqla istifadə etməli, milli maraqları hər şeydən uca tutmağı bacarmalı və bütün dünyaya sübut etməliyik ki, bizə göstərilən etimad və etibarı yüksək səviyyədə doğrultmağı bacarırıq.
Məruzədən sonra gənclərin ifasında kompozisiyaya və “Qəlbimizdəsən” adlı video çarx təqdim olundu.
Məruzə ətrafında YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, 114 nömrəli tam orta məktəbin direktoru Ceyran Novruzova, “Bahar Enerji” Əməliyyat Şirkətinin vitse-prezidenti Elşad Həsənov, “Suraxanı Maşınqayırma zavodu” TASC-nin İdarə Heyətinin sədri Arif Babayev çıxış etdilər. Çıxışlarda da xüsusi vurğulandı ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətləri danılmazdır. Bugünkü müstəqil, demokratik, iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycan Ulu Öndər Heydər Əliyevin  şah əsəridir.
Sonra 2014-2015-ci tədris ilində Suraxanı rayonu Heydər Əliyev Mərkəzində və Yeni Azərbaycan Partiyası  Suraxanı rayon təşkilatında  Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi məqsədi ilə keçirilmiş açıq dərslərin təşkilində və keçirilməsində fəal iştirakına görə fərqlənmiş şəxslər rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildilər, Heydər Əliyev və Müstəqil Azərbaycan” inşa yazı müsabiqəsinin qalibləri, rayon gəncləri arasında keçirilmiş bilik yarışmasının qalibləri mükafatlandırıldılar.
Yeni Azərbaycan Partiyasının sıralarına üzv qəbul olunmuş bir qrup rayon sakininə üzvlük vəsiqəsi təqdim olundu.
Konfransın işini İlqar Abbasov bu sözlərlə yekunlaşdırdı: cərəyan edən siyasi hadisələr, bir çox dövlətlərin üzləşdiyi problemlər onu deməyə əsas verir ki, Ulu Öndərin həyatının mübarizələrlə dolu olan mərhələlərini həmişə diqqətlə öyrənməyə ehtiyac var. Heydər Əliyevin irsi - vətənə, xalqa sədaqətlə xidmət etmək, müstəqilliyimizi göz bəbəyi kimi qorumaq və bu yolda canını belə əsirgəməmək kimi müqəddəs dəyərləri bizim hər birimiz üçün əsl həyat məktəbidir.

Keçidlər