Şriftin ölçüsü :

Saytın rəngi :

“Qələbəyə doğru” intellektual yarışın final oyunu keçirilib

28 aprel 2015 | 15:00

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Suraxanı Rayonu İcra Hakimiyyəti və Azərbaycan İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə Bakıda görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunmuş respublika üzrə “Qələbəyə doğru” intellektual yarışın final oyunu keçirilib.
İştirakçılar əvvəlcə, Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmiş, önünə tər güllər düzmüşlər.
Suraxanı rayonu Heydər Əliyev Mərkəzində davam etdirilən tədbir Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş “Nur dolu ömür” adlı filmin nümayişi ilə başlayıb.
Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, görkəmli elm xadimi, dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü ölkəmizdə geniş qeyd edilir, əziz xatirəsi sonsuz məhəbbətlə yad edilir. XX əsrin ikinci yarısında tibb elminə böyük töhfələr vermiş görkəmli alimlər sırasında Zərifə xanım Əliyevanın özünəməxsus yeri var. Bütün elmi fəaliyyətini oftalmologiyaya həsr edən yorulmaz alim bu sahədə bir çox yeniliklərə imza atmış, dünya oftalmologiya məkanında yaxından tanınmışdır.
Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru Zərifə xanım Əliyevanın ömür yolundan söhbət açan Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycanın ictimai və elmi həyatında əvəzsiz xidmətləri olan bir çox ziyalıları var. Bu tanınmış və nüfuzlu şəxsiyyətlər öz humanizmi, zəhməti, tarixi keçmişimizə, milli adət-ənənələrimizə ehtiramları ilə sözün əsl mənasında vətəndaşlıq nümunəsinə çevrilmişlər. Onlar milli dəyərlərə arxalanaraq, Azərbaycanın dünyada tanınması üçün çox işlər görmüşlər. Qədirbilən Azərbaycan xalqı onları hər zaman yad edir, xatirələrdə yaşadır.
H.Hüseynova uşaqların hərtərəfli inkişafında, intellektual və ictimai biliklərə yiyələnməsində intellektual yarışların xüsusi rolunu vurğulayıb. Bildirilib ki, gənclər, məktəblilər dəyərli ziyalıların, alim və ictimai xadimlərin həyat və yaradıcılığını öyrənməli, onlardan nümunə götürməlidirlər. Bu müsabiqələr məktəbliləri daha da fəallaşdırır, sərbəst fikir yürütmələrinə, təşəbbüskar olmalarına kömək edir. İntellektual yarışların davamlı olaraq keçirilməyi nəzərdə tutulur.
Zərifə Əliyevanın zəngin elmi fəaliyyəti, qazandığı uğurlar barədə danışan “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva qeyd edib ki, Zərifə xanıma həmkarlarının, yetirmələrinin, xəstələrinin hörmət və məhəbbətini qazandıran onun həkim fədakarlığı, yüksək vətəndaşlıq mövqeyi, səmimiyyəti, insanlara qayğısı idi. Son dərəcə xeyirxah insan olan Zərifə xanım Əliyeva yaşamaqdan, işləməkdən xüsusi zövq alırdı, nikbin insan idi, ətrafında xeyirxahlıq və etimad ab-havası yaratmaq üçün çox çalışırdı. Bu parlaq şəxsiyyət xeyrin təntənəsi, xalqın xoşbəxtliyi üçün əlindən gələni edirdi.
Professor Sevinc Hacıyeva bildirib ki, insanlara təmənnasız sevinc bəxş edən Zərifə xanım vəfalı, sədaqətli ömür–gün yoldaşı, humanist, alicənab bir qadın kimi hər bir azərbaycanlının yaddaşında yaşayır. Xalqımız qəlblərdə dərin iz salmış bu müdrik insanın nurlu xatirəsini həmişə əziz tutur.
Qeyd edək ki, aprelin 6-dan 16-dək 7 regionda Azərbaycanın bütün şəhər və rayonlarını təmsil edən komandaların iştirakı ilə regional seçim turları keçirilib. Bu turlarda fərqlənən 20 komanda final yarışında iştirak etmək hüququ qazanıb. Final oyununda hər bir şəhər və rayonu təmsil edən komandada dünyagörüşü və intellektual səviyyəsi yüksək olan 6 nəfər (biri sağlamlıq imkanları məhdud uşaq olmaqla) məktəbli iştirak edib. Final yarışında I, II, III yeri tutan komandalar diplom və hədiyyələrlə mükafatlandırılıb, qalib komandaya “Qələbəyə doğru” kuboku təqdim edilib.

Keçidlər