Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü geniş qeyd edilir

27 aprel 2015 | 15:00

Suraxanı rayonunda görkəmli oftalmoloq alim, ictimai xadim, Əməkdar elm xadimi, AMEA-nın ilk qadın həqiqi üzvlərindən biri, tibb elmləri doktoru, professor Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir. Növbəti tədbir  Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə, Ulu Öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmiş, önünə tər güllər düzmüşlər. Sonra Heydər Əliyev Mərkəzində  görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibəti ilə yaradılmış guşədə  qoyulmuş büstü önünə tər güllər düzmüş, foto, kitab sərgisinə baxmışlar.
Tədbir Mərkəzin elektron lektoriya zalında davam etdirilmişdir. Tədbir iştirakçıları bir dəqiqəlik sükutla akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini yad etmiş, Zərifə xanım Əliyeva haqqında filmə baxmışlar.
Tədbiri  Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov giriş sözü ilə açaraq qeyd etmişdir ki, görkəmli elm xadimi, dünya şöhrətli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü ölkəmizdə geniş qeyd edilir, əziz xatirəsi sonsuz məhəbbətlə anılır, yad edilir. XX əsrin ikinci yarısında tibb elminə böyük töhfələr vermiş görkəmli alimlər sırasında Zərifə xanım Əliyevanın özünəməxsus yeri var. Bütün elmi fəaliyyətini oftalmologiyaya həsr edən yorulmaz alim bu sahədə bir çox yeniliklərə imza atmış, dünya oftalmologiyası məkanında yaxından tanınmışdır. Bilik və təcrübəsi, peşə sevgisi və zəhmətsevərliyi onu akademiklik zirvəsinədək yüksəltmişdir. Təsadüfi deyil ki, alimin tədqiqatlarının nəticələri, elmi irsi bu gün də öz əhəmiyyətini, aktuallığını saxlamaqdadır.
İlqar Abbasov qeyd etmişdir ki, Zərifə xanıma həmkarlarının, yetirmələrinin, xəstələrinin hörmət və məhəbbətini qazandıran onun həkim fədakarlığı, yüksək vətəndaşlıq mövqeyi, səmimiyyəti, insanlara qayğısı  idi. Hədsiz dərəcədə xeyirxah bir insan olan Zərifə xanım yaşamaqdan, işləməkdən xüsusi zövq alır, həyata və insanlara qarşı nikbin, xeyirxah və etimad ab-havası yaratmaq üçün çox çalışırdı. Bu parlaq şəxsiyyət nurlu səmimiyyətə, xeyrin təntənəsinə, xalqın xoşbəxtliyi üçün əlindən gələni edirdi. Bu onun həyatının əsas meyarı, qırılmaz vəhdəti idi.
Gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim Zərifə xanım Əliyeva elə insan idi ki, bir dəfə ünsiyyətdə olanlar onu ömrü boyu unuda bilmirdilər. Bu böyük şəxsiyyət elə ilk andan onunla ünsiyyətdə olanların yaddaşında yüksək vətəndaşlıq, humanizm və ürək saflığının mücəssəməsi kimi əbədi qalırdı. Onun insanlara məhəbbəti qeyri-adi dərəcədə hüdudsuz idi. Zərifə xanım sevib-seçdiyi, ömrünü həsr etdiyi sənəti ilə bu istedadını tam gerçəkləşdirə bilirdi.
Zərifə xanıma irsən bir xüsusiyyət də keçmişdi. Təşkilatçılıq bacarığı, ictimaiyyətlə dil tapıb işləmək istəyi vardı. Ona görə həmişə ictimai işlərdə çalışmışdı. SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini olmuşdu. "Bilik" Cəmiyyəti İdarə Heyətinin üzvü və SSRİ Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərmişdi. Zərifə xanım Əliyeva müxtəlif illərdə bir sıra ordenlərə və medallara layiq görülmüşdü. Azərbaycanın əməkdar elm xadimi fəxri adını almışdı.
Zərifə xanımın zəngin elmi fəaliyyəti, qazandığı uğurlar barədə danışan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Bəhlul Məmmədov, 24 saylı Şəhər Poliklinikasının göz həkimi Rəna Qanbay, RİHB-nin Zığ inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cəlaləddin Əhmədov, 16 saylı Uşaq Poliklinikasının həkimi Aynurə Ələsgərova və başqaları akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafı istiqamətində apardığı tədqiqat işlərinin əhəmiyyətini xüsusi vurğulamışlar.
Tədbirdə səslənən fikirləri ümumiləşdirən Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etmişdir ki, akademik Zərifə xanım Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olmuşdur.
İlqar Abbasovun qeyd etmişdir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndə heyəti hələ 21-26 aprel 2008-ci il tarixdə  Estoniya Respublikasının paytaxtı Tallinn şəhərində işgüzar səfərdə olarkən Talinn şəhərində fəaliyyət göstərən uşaq bağçalarından birinə Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın adının verilmiş və burada oftalmoloq alimin büstünün açılışı olmuşdur.
Rayon rəhbəri xüsusi vurğulamışdır ki, Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Zərifə xanım Əliyeva Ulu Öndərimizə mənəvi dayaq, arxa olub. Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Ancaq bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Ümummilli Liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin anasıdır. Akademik Zərifə xanım Əliyeva özünün səmimiliyi, xeyirxahlığı, insansevərliyi, vətənpərvərliyi, bəşəri duyğuları ilə ölməzliyə qovuşub. Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Sonra Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etmişdir ki, 2014-cü ildən Suraxanı rayonunda yeni ailə quran gənclərin nikah mərasimlərinin Suraxanı rayonu Heydər Əliyev Mərkəzində təşkil olunması bir ənənə şəklini almışdır.
Görkəmli elm xadimi, dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 92-ci ildönümünü qeyd etdiyimiz bugünkü tədbirdə də yeni ailə qurmağa hazırlaşan gənclərin nikah mərasimi keçiriləcəkdir.
Yeni ailə quran gənclər İlqar Umbayev və Şəlalə Səlimova səhnəyə dəvət edildilər. Rayon Qeydiyyat şöbəsinin əməkdaşı Gülnar Hüseynli gənclərin nikahını rəsmiləşdirdi.Yeni ailə quran gənclərə hədiyyə təqdim olundu və Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov onlara müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət – Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevlə Zərifə xanım Əliyeva kimi möhkəm təməlli və nümunəvi bir ailə qurmağı, bu müqəddəs ocağı ömürlərinin sonuna kimi qorumağı arzuladı və gənc ailəyə hədiyyə təqdim etdi.
Tədbir musiqili proqramla yekunlaşdı.

Keçidlər