Prezident İlham Əliyev paytaxtın Bülbülə qəsəbəsində yeni inşa olunmuş 327 nömrəli tam orta məktəbin açılışında iştirak etmişdir
Sentyabrın 14-də Prezident İlham Əliyev paytaxtın Suraxanı rayonunun Bülbülə qəsəbəsində yeni inşa olunmuş 327 nömrəli tam orta məktəbin açılışında iştirak etmişdir.
Prezident İlham Əliyev 2011-ci ilin aprelində Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərlə tanışlıq məqsədilə Bülbülədə olarkən keçirdiyi görüş zamanı qəsəbə sakinləri burada yeni məktəbə ehtiyac olduğunu bildirmişdilər.
Dövlətimizin başçısı elə həmin gün Bülbülə qəsəbəsində 640 şagird yerlik ümumtəhsil məktəbinin binasının tikintisinə başlamaq haqqında Sərəncam imzalamışdı. Sərəncama uyğun olaraq dövlət büdcəsində Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına yeni məktəb binasının inşasına başlanıldı. Prezidentin tapşırığına uyğun olaraq 327 nömrəli tam orta məktəbin yeni binası qısa vaxt ərzində yüksək standartlara uyğun tikildi.
Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, üç korpusdan ibarət binanın ümumi sahəsi 7 min 455 kvadratmetrdir. Məktəbin birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. İkinci mərtəbədə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotostendlər qurulmuşdur.
Diqqətə çatdırıldı ki, məktəbdə 32 sinif otağı, informatika, kimya, biologiya, fizika, ədəbiyyat, əmək və gənclərin çağırışa qədər hazırlıq fənn kabinetləri yaradılmışdır. Məktəb daxili simsiz internet xidməti ilə təmin olunmuşdur. MDB məkanında ilk dəfə olaraq bu məktəbdə “smart sinif” açılmışdır. Bu layihə çərçivəsində ilk dəfə olaraq elektron tədris üçün nəzərdə tutulmuş “smart sinif” otağı layihəsi tətbiq edilmişdir. “Smart sinif” otağında quraşdırılmış simsiz şəbəkə, rəqəmsal podium, interaktiv smart LCD, planşet kompyuter və digər avadanlıqlar kompleks şəkildə interaktiv tədrisə imkan yaradır və bu prosesi gücləndirir. “Smart sinif” otağı layihəsinin tətbiq olunmasında əsas məqsəd Azərbaycanın təhsil sisteminin inkişafına və müasirləşdirilməsinə töhfə vermək, məktəb idarəetmə prosesində, həmçinin orta tədris sistemində informasiya texnologiyalarından istifadəni tətbiq etmək və gücləndirməkdir. Məktəbdə valideyn-müəllim assosiasiyası, psixoloq kabineti, kitabxana, kütləvi tədbirlərin keçirilməsi üçün 250 nəfərlik akt zalı yaradılmışdır.
Bildirildi ki, burada 2 min 640 kvadratmetr sahəsi olan yaşıl örtüklü idman meydançası və idman avadanlığının qurulduğu gənclərin hərbi hazırlığı üçün meydança vardır.
Daha sonra Prezident İlham Əliyevə məktəbin yerləşdiyi ərazidə aparılan abadlıq işləri barədə məlumat verildi.