Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonu üçün 2015-ci ilin 1-ci rübünün yekunları uğurlu olmuşdur

17 aprel 2015 | 15:00

Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclası keçirilmişdir.
Şura iclasında məruzə ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov  aprel ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında  dövlət başçısının nitqinin bəzi məqamlarına toxundu, ölkəmizin sosial-iqtisadi mənzərəsini əks etdirən konkret rəqəmləri bir daha iclas iştirakçılarının diqqətinə çatdırdı. Bildirildi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkəmizin sosial-iqtisadi inkişafının bütün sahələrində əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələrlə bağlı  dəyərli tapşırıq və tövsiyələri yerlərdə əsl fəaliyyət proqramı kimi  qəbul olunmuşdur.
Rayon rəhbəri qeyd etmişdir ki, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı sahəsində qəbul edilmiş dövlət proqramlarının həyata keçirilməsi Suraxanı rayonunda da abadlıq-quruculuq işlərinin sürətlənməsinə, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşmasına imkan vermişdir.
2015-ci ilin 1-ci rübü ərzində Suraxanı rayonunda sənaye  məhsulunun   istehsalı   49,8  milyon manat, tikinti-quraşdırma işləri 10,3 milyon manat, nəqliyyat xidmətləri 1,2 milyon, əsas  kapitala  yönəldilən  investisiyalar  14,3  milyon,   kənd   təsərrüfatı  0,4  milyon, pərakəndə ticarət dövriyyəsi 64,5 milyon manat, orta aylıq əmək haqqı 540 manat olmuş, əhaliyə 68,4 milyon manat məbləğində pullu xidmətlər göstərilmiş, daimi olmaqla 625 yeni iş yeri açılmışdır.
“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Suraxanı rayonu üzrə 54 tədbir nəzərdə tutulmuş, onların 3-ü icra olunmuş, 20-nin icrasına başlanılmış, 31-nin icrasına başlanılmamış, başa çatdırılan və başlanılan tədbirlər proqramın 42,6 faizini təşkil etmişdir.
Ümumiyyətlə bu dövr ərzində  Yeni Günəşli "AB" yaşayış sahəsində 262 saylı uşaq bağçası əsaslı təmir olunmuş, Bülbülə qəsəbəsində “Bakı Toxuculuq” ASC-nin inzibati binasının əsaslı təmirinə başlanılmış, Qaraçuxur qəsəbəsində idman zalı və 146 saylı məktəb üçün 25 sinif otağından ibarət əlavə tədris korpusu, idman və akt zallarının, Yeni Günəşli “V” yaşayış sahəsində idman meydançasının, Əmircan qəsəbəsində idman zalı və RİH tərəfindən 100 yerlik uşaq bağçasının, Yeni Günəşli “D” yaşayış sahəsində şahmat məktəbinin və yanğından mühafizə bölməsinin tikintisi davam etdirilmişdir.
Rayonda 1 ədəd 35 kV-luq yarımstansiya cari təmir olunmuş, 2 ədəd Kompleks Transformator Məntəqəsi quraşdırılmış, 43,2 km. müxtəlif kV-luq kabel xətti çəkilmişdir. Rayonun müvafiq idarələri tərəfindən 4,1 min p.m. yeni qaz, 600 p.m. yeni istilik xətti çəkilmişdir.
Rayonun Səttar Bəhlulzadə və Oqtay Əliyev küçələrinin, Yeni Suraxanı qəsəbəsindən Binə qəsəbəsinə gedən yolun 4,2 km hissəsinin yenidən qurulması və asfaltlanması işlərinə başlanılmışdır.
Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva tikintisinə 2014-cü ildə başlanılmış Zığ qəsəbəsindəki “Bakubus" MMC-nin ilk Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzində görülən işlərlə tanış olmuşlar. Hazırda obyektdə tamamlama işləri başa çatmaq üzrədir.
Hesabat dövründə rayonun aidiyyəti müəssisələri tərəfindən lay suları və neftlə çirklənmiş 3,38 hektar torpaq sahəsi təmizlənərək texniki rekultivasiya olunmuş, ümumi sahəsi 2,93 hektar olan müxtəlif ölçülü 10 ədəd gölməçə qurudulmuş, 15 ədəd quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənmiş, neft kollektorları təmir olunmuşdur.
Sahibkarlığa Kömək Milli Fondu və RİH-n birgə təşkilatçılığı, 80 nəfər sahibkarın iştirakı ilə Qaraçuxur qəsəbəsində yerləşən “ATEF Elektromaş” zavodunda növbəti kredit yarmarkası keçirilmiş,  18 sahibkarlıq subyektinə  5,2 milyon manat güzəştli şərtlərlə kredit verilmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçən ilin noyabr ayında başlayan I “Ümumrespublika Yaşıllaşdırma marafonu” çərçivəsində  cari ildə də ağacəkmə kampaniyası davam etdirilmiş, bu dövr ərzində 4 ümumrayon iməciliyi keçirilərək 1250 ağac əkilmişdir.
Qaraçuxur qəsəbəsində Neftçilər parkının yenidən qurulması və Yeni Günəşli yaşayış sahəsində yeni parkın salınması işləri davam etdirilmiş, Əmircan qəsəbəsində Tofiq Bayram adına parkın yenidən qurulması və Bülbülə qəsəbəsi, 24 saylı poliklinikanın qarşısında yeni parkın salınması işlərinə başlanılmışdır.
Əmircan qəsəbəsinin Vladimir Balandin, Neftçi və Malik Mustafayev, Hövsan qəsəbəsinin Oqtay Şabanov, İlqar Əhlimanov, Hafiz Quliyev və Elman Qasımov küçələrində yaşayış və qeyri-yaşayış obyektlərinin fasadlarının yenidənqurulması işləri davam etdirilir.
I Avropa Oyunlarının məşəlini alovlandırmaq üçün od Suraxanı rayonunda yerləşən “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğundan götürüləcəkdir. Bununla əlaqədar hesabat dövründə rayonun Səttar Bəhlulzadə, İlqar Məmmədov, Şahin Məhərrəmov və Xanlar Ələkbərov küçələrində yaşayış və qeyri-yaşayış obyektlərinin fasadlarının və hasarlarının yenidən qurulması, təmir olunaraq rənglənməsi, aqlay daşları ilə üzlənməsi, yerüstü kommunikasiya (qaz, elektrik və telefon) xətlərinin yerin altına salınması işlərinə başlanılmış və bu işlər aprel ayının 20-qədər başa çatdırılacaqdır.
Rayonun mənzil-kommunal idarələri tərəfindən xidməti ərazilərində 7 abad məhəllənin salınmasına, mövcud abad məhəllələrin təmirinə başlanılmış, yaşayış binalarında  28,4 min kv.m. fasad təmir olunaraq rənglənmiş, 5,0 min kv.m. dam örtüyü təmir edilmiş, pilləkən qəfəslərində olan pəncərələrə 800 kv.m. şüşə salınmış, ərazilərdə  43 ədəd 1000 litr tutumlu və 150 ədəd 500 litr tutumlu yeni konteynerlər quraşdırılmış və digər işlər görülmüşdür.
          Ötən dövr ərzində təsdiq edilmiş tədbirlər planlarına əsasən rayonda bir çox ictimai-siyasi tədbir keçirilmişdir.
           Suraxanı rayonu Heydər Əliyev Mərkəzində tətbiq edilmiş müasir informasiya texnologiyaları, fəaliyyət göstərən kitabxana, konfrans salonu, təlim kursları əhalinin geniş təbəqəsinə xidmət göstərir. Rayon İcra Hakimiyyəti bu yüksək şəraitli Mərkəzin imkanlarından  daim geniş istifadə edir, cari ilin 1-ci rübündə Mərkəzdə 4 ümumrayon tədbiri, yeni ailə quran 3 gənc ailənin nikah mərasimi və digər tədbirlər keçirilmiş, bu günə qədər Mərkəzin fəaliyyəti ilə 53,0 mindən yuxarı yerli və xarici ziyarətçi tanış olmuş, Mərkəzin Elektron kitabxanasının xidmətlərindən 14,5 minə yaxın istifadəçi faydalanmışdır.
2014-2015-ci tədris ilində Suraxanı rayonu Heydər Əliyev Mərkəzində və YAP Suraxanı rayon təşkilatında “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə 11-ci sinif şagirdlərinə açıq dərslərin tədrisi davam etdirilmiş, 1-ci rübdə 1144 şagirdin iştirak etdiyi 10 açıq dərs keçirilmişdir.
Eyni zamanda, RİH-in və Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Mərkəzdə sentyabr ayından başlayaraq “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda 9-11-ci sinif şagirdlərinə açıq dərslərin tədrisi davam etdirilmişdir.
Suraxanı rayonu Heydər Əliyev Mərkəzində 2014-cü ilin sentyabr ayından yeni layihəyə start verilmişdir. Rayonda 1-ci sinifdə təhsil alan şagirdlər Gənc Heydərçilər cərgəsinə qoşulmaq üçün hər həftənin çərşənbə axşamı günləri Heydər Əliyev Mərkəzi ilə, Ulu Öndərin həyat və fəaliyyəti ilə, çoxsaylı eksponatlarla yaxından tanış olurlar.
10 mart tarixdə Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Suraxanı rayonunda “Fövqaladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasətmə və digər təxirəsalınmaz işlərin aparılmasında qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda dəyirmi masa keçirilmişdir.
13 mart tarixdə “Atəşgah Məbədi” Dövlət Tarixi-Memarlıq Qoruğunda Gənclər və İdman Nazirliyi və RİH-in birgə təşkilatçılığı ilə “Mədəni irs” Gənclər Festivalı keçirilmiş, Festivalda Gənclər və İdman naziri Azad Rəhimov, bir sıra xarici ölkələrin Azərbaycandakı səfirləri və nümayəndələri iştirak etmiş, Festival zamanı qonaqlar adət ənənələrimiz, mədəni irsimiz, milli və tətbiqi sənət məhsulları və milli mətbəximiz ilə tanış olmuşlar.
17 mart tarixdə Novruz bayramı münasibəti ilə RİH-in təşkilatçılığı ilə “Atəşgah Məbədi” Tarix-Memarlıq Qoruğunda ümumrayon şənliyi keçirilmiş, bayram tədbirində 3 minə yaxın rayon ictimaiyyətinin nümayəndələri iştirak etmiş, bayram şənliyində incəsənət ustaları, bədii özfəaliyyət kollektivləri xalqımızın adət-ənənələrini, qədim el sənətlərini, konsert proqramlarını nümayiş etdirmişlər.
Suraxanı rayonu İcra Hakimiyyəti və Riqa şəhər Şurasının Şərqi İcra Direksiyası arasında 14 may 2013-cü il tarixdə imzalanmış əməkdaşlıq haqqında sazişə uyğun olaraq təcrübə mübadiləsi və yeni layihələrin müzakirəsi məqsədilə Latviya Respublikası Riqa şəhər Şurası sədrinin müavini cənab Andris Ameriks və onu müşayiət edən nümayəndə heyəti  26-28 mart tarixlərdə Bakı şəhərində səfərdə olmuşdur. Cənab Andris Ameriks və nümayəndə heyətinin üzvləri səmimi qəbul üçün təşəkkürlərini bildirərək xüsusi vurğuladılar ki, Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri, yeni parkların, yaşıllıqların salınması, şəhərin təmizliyi, Milli Parkda aparılan işlər göz oxşayır və onlarda xoş təəssürat yaratmışdır.
2015-ci ilin 1-ci rübündə müntəzəm yeniləşən internet saytı, elektron poçt ünvanı, "Qaynar xətt" telefonu kimi mütərəqqi əlaqə və informasiya vasitələrindən, yerlərdə quraşdırılmış "Şikayət və təkliflər" səyyar poçt qutularından geniş istifadə edilmişdir.
2015-ci ilin 1-ci rübü ərzində RİH başçısı  tərəfindən  285 nəfər vətəndaş qəbul edilmiş, 485 nəfər sakinin iştirakı ilə 7 səyyar görüş-qəbul keçirilmişdir.
2015-ci ilin 1-ci rübündə rayonun aidiyyəti idarələri tərəfindən 7405 nəfərə 1,5 milyon manatdan artıq sosial müavinət ödənilmiş,  2280 ailəyə 948,0 min manat ünvanlı sosial yardım edilmiş,  215 nəfər tənha və əlil vətəndaşa evlərində sosial xidmət göstərilmişdir. Rayon Məşğulluq Mərkəzinə müraciət edən 314 nəfərdən  140 nəfəri, o cümlədən kvota üzrə 7 nəfər işlə təmin olunmuş, 28 nəfər peşə hazırlıq kurslarına göndərilmiş, rayonda təhsil alan 234 şagird peşəyönümünə cəlb edilmişdir.
Rayon ərazisində məskunlaşan məcburi köçkün ailələrinin sosial-məişət problemlərinin həlli də daim diqqət mərkəzində saxlanılır.
Cari ilin may ayının 1-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı Suraxanı rayonunda müvəffəqiyyətlə icra  edilir, 01 aprel  tarixədək Suraxanı rayonunda  100,0 min sakin tibbi müayinədən keçmiş, müayinə nəticəsində 4624 nəfərdə müxtəlif xəstəliklər aşkarlanmış, 273 nəfər stasionar müalicəyə qəbul olunmuşdur. Rayon əhalisinin tibbi müayinəsinin gedişi 12 və 25 fevral, 11 mart tarixlərində   televiziya kanallarında və mətbuatda işıqlandırılmışdır.
Məruzə ətrafında Milli Məclisin deputatı Sevinc Fərtəliyeva və digərləri çıxış edərək əldə olunmuş nailiyyətlərdən, nəzərdə tutulan abadlıq tədbirlərindən, vətəndaşların müraciətləri ilə bağlı görülən işlərdən danışdılar.
Şura iclasında rayonun ictimai həyatında fəal iştirakına görə MTN-nin Suraxanı Rayon İdarəsinin bir qrup əməkdaşı təltif edildi.
Hesabat yığıncağına yekun vuran İlqar Abbasov bildirdi ki, Suraxanı rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində işlər ilin qalan dövrü  ərzində davam etdiriləcək, dövlət başçısı cənab İlham Əliyevin Nazirlər Kabinetinin məlum iclasında qarşıya qoyduğu vəzifələrin icrası naminə bütün imkanlar səfərbər olunacaqdır.
Suraxanı rayonuna göstərilən diqqət və qayğıya görə İlqar Abbasov rayon sakinləri adından bir daha Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirdi və dövlətimizin başçısını əmin etdi ki, rayonun əmək kollektivləri və sakinləri həmişə olduğu kimi, yenə də Heydər Əliyev siyasi kursuna sadiqliyini nümayiş etdirəcək, qazanılmış uğurların daha da artırılması və ölkəmizin iqtisadi qüdrətinin gündən-günə möhkəmləndirilməsi üçün əzmlə çalışacaqlar.

Keçidlər