2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbir keçirilib
02 fevral 2023 | 11:49
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbir "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda davam edib.
Tədbirdə ilk öncə Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbirində Suraxanı RİH başçısı Əziz Əzizov çıxış edərək müstəqil Azərbaycan gənclərini bu əlamətdar gün münasibətilə təbrik edib, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb.
O qeyd edib ki, Azərbaycanda gənclərlə bağlı dövlət siyasəti Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1996-cı il fevralın 2-də ilk dəfə dövlətimizdə Gənclər Forumunun keçirilməsi və daha sonra Ulu öndər Heydər Əliyevin imzaladığı sərəncamla fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi bunun bariz nümunəsidir. Əsası Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına tarixi bir töhfə verib. Dövlət gənclər siyasətini bu gün Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Daima Azərbaycan gənclərini dəstəkləyən Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərin fəaliyyətinə yüksək diqqət verməsi isə hər bir gənci ruhlandırır.
Torpaqlarımızın azadlığı uğrunda döyüşən, 30 illik erməni işğalına son qoyan igidlərimizin Azərbaycanın müstəqilliyi dövründə yetişən, formalaşan gənclik olduğunu qeyd edən Ə.Əzizov Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında xalqımızın qələbə qazandığını və artıq qalib xalq olaraq ərazi bütövlüyümüzü tam təmin etdiyimizi bildirib.
Tədbirdə Milli Məclisin deputatları Afət xanım Həsənova, Sevinc xanım Fətəliyeva, Etibar Əliyev, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxışlarında Prezident cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs ediblər. Gənclərin ölkə başçımızın ətrafında sıx birləşdikləri, ölkədə həyata keçirilən daxili və xarici siyasəti birmənalı şəkildə dəstəklədikləri diqqətə çatdırılıb.
RİHB-nin Əmircan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlixan Əliyev, Şəhid ailələri müdafiə cəmiyyəti ictimai birliyinin Suraxanı rayon şöbəsinin sədri Nəsibə Əliyeva, Vətən müharibəsi qazisi Fərahim Əmirli, rayonun fəal gənci Mədinə Hüseynzadə çıxış edərək Azərbaycanın hərtərəfli inkişafında gənclərin rolunun danılmaz olduğunu vurğulayıblar.
Toplantıda bir qrup gənc 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə rayonun ictimai həyatında fəal iştirakına və əldə etdiyi nailiyyətlərə görə Rayon İcra hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif ediliblər.
Yüksək vətənpərvərlik ruhunda keçən tədbir Respublikanın əməkdar artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Rayon Ağsaqqallar Şurasının sədri Ağalar Bayramovun, tanınmış incəsənət ustalarının iştirakında bədii hissə ilə davam edib.