Suraxanı rayonunda güzəştli kreditlər hesabına yaradılan sənaye müəssisələri məhsul ixracına başlayıblar
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Suraxanı rayon İcra Hakimiyyəti ilə birgə rayonunun Qaraçuxur qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. Forumun işində Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev iştirak ediblər.
Forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Suraxanıda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.
Səksənə yaxın sahibkarın iştirak etdiyi işgüzar forumda Suraxanı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədi ilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, istixana və zeytunçuluq təsərrüfatlarının, ət kəsimi, plastik qapı-pəncərə, üzlük daş və corab istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı olub, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, 2015-ci ilin ötən dövrü ərzində ölkə üzrə 1229 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 37,2 milyon manat güzəştli kredit yönəldilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 2800-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1000-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 219,6 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodları, istixana kompleksləri, quşçuluq təsərrüfatları, ət emalı, metal konstruksiya istehsalı və digər sənaye müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib.
İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 18 sahibkarlıq subyektinə 5,2 milyon manat kredit verilib. Verilmiş kreditlər əsasən heyvandarlıq, tərəvəzçilik, quşçuluq, elektrotexniki avadanlıqlar, mebel, plastik qapı-pəncərə istehsalı və digər sahələrə yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Forum çərçivəsində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində dövlətin güzəştli krediti ayrılmış transformator və müxtəlif növ elektrotexniki avadanlıqlar istehsalı zavodunun son tamamlama və yeni zavodun tikintisi ilə bağlı hazırlıq işlərinə baxış təşkil edilib. Mövcud istehsal sahəsində istehsal olunan məhsullar əsasən, Kanada, Rusiya, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Ukrayna, İraq, Bəhreyn və Cənubi Afrika Respublikasına ixrac olunur. Burada ildə 3400 ədəddən çox müxtəlif növ elektrotexniki avadanlıqlar istehsal edilır. Yeni zavod istifadəyə verildikdən sonra müəssisənin müxtəlif növ elektrotexniki avadanlıqlar üzrə illik istehsal gücü 10 min ədədi ötəcəkdir.