Şriftin ölçüsü :

Saytın rəngi :

Görkəmli yazıçının xatirəsi anılıb

29 mart 2015 | 16:00

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin və Suraxanı rayon İcra Hakimiyyətinin birgə  təşkilatçılığı ilə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Azərbaycanın xalq yazıçısı Süleyman Rəhimovun 115 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
Tədbir Süleyman Rəhimov haqqında slaydın nümayişi ilə başlanıb.
Tədbirdə, Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub S.Rəhimovun bənzərsiz yaradıcılıq nümunələrindən, nəsrimizə bəxş etdiyi ölməz əsərlərdən söz açıb və onun qələm məhsullarını yüksək dəyərləndirib.
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Şirindil Alışanlı, institutun baş elmi işçisi Tehran Əlişanoğlu və başqaları Süleyman Rəhimovun yaradıcılığı, əsərləri, “Şamo” romanı haqqında məlumat veriblər.
Çıxış edənlər Süleyman Rəhimovun XX əsr Azərbaycan nəsrində xüsusi mövqeyə malik olduğunu vurğulayıblar. Yaratdığı möhtəşəm obrazlar qalereyası ilə hər zaman anılacaq yazıçının əsərlərinin bu gün də sevilə-sevilə oxunduğu bildirilib.
Tədbirin sonunda xalq yazıçısının oğlu Aqil Rəhimov çıxış edərək, atasına və onun yaradıcılığına yüksək qiymət verildiyinə görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Keçidlər