Şriftin ölçüsü :

Saytın rəngi :

Latviya Respublikası Riqa şəhər Şurası sədrinin müavini, Riqa dəniz portunun rəhbəri Andris Ameriks Suraxanı rayonunda olmuşdur

28 mart 2015 | 16:00

Latviya Respublikası Riqa şəhər Şurası sədrinin müavini, Riqa dəniz portunun rəhbəri Andris Ameriks və onu müşaiyət edən nümayəndə heyəti  Suraxanı rayonunda olmuşlar. Həyata keçirilən səfərdə məqsəd Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti və Riqa şəhər Şurasının Şərqi İcra Direksiyası arasında əməkdaşlığın genişləndirilməsi, xalqlarımız arasındakı dostluq münasibətlərini inkişaf etdirmək olmuşdur
Bu da təsadüfi deyil. Məlumat üçün bildirək ki, Bakı şəhəri, Suraxanı rayonu İcra Hakimiyyəti və Riqa şəhər Şurasının Şərqi İcra Direksiyası arasında 14 may 2013-cü il tarixdə əməkdaşlıq haqqında saziş imzalanmışdır. Həmin vaxtdan tərəflər arasında işgüzar münasibətlər qurulmuş və birgə müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Riqa şəhər Şurası sədrinin müavini, Riqa dəniz portunun rəhbəri Andris Ameriks və Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov əvvəlcə Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül qoydular.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olundu, məzarı üstünə gül qoydular.
Latviyalı qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdilər.
Dağüstü parkdan Bakı şəhərini seyr edən qonaqlar şəhərin onlarda xoş təəsurat yaratdığını xüsusi vurğuladılar. Qonaqlar Bayraq meydanında oldular, muzeydəki eksponatları seyr etdilər.
Sonra Suraxanı rayonuna gələn qonaqlar “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış oldular. Qonaqlara məlumat verildi ki, Azərbaycanın maddi-mədəniyyət abidələri sırasında Bakının Suraxanı rayonunda yerləşən, XVII-XVIII əsrlərə aid atəşpərəst məbədinin qalıqları üzərində inşa olunmuş və UNESCO-nun “Dünya irsinin ilkin siyahısı”na daxil edilmiş “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun özünəməxsus yeri vardır. Azərbaycan Prezidentinin sərəncamı ilə 2007-ci ildən Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilən qoruqda 2012-ci ilin sentyabrından başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə məbədətrafı ərazilərin abadlaşdırılması, yardımçı binaların tikintisi işləri sürətlə həyata keçirilmiş, yeddi ay ərzində işlər başa çatdırılmışdır.
Qoruğun sahəsi 4,2 min kvadratmetrdən 15 min kvadratmetrə qədər genişləndirilmişdir. Sahəsi iki min kvadratmetrdən artıq olan əsas bina xüsusi memarlıq üslubunda inşa olunmuşdur. Məbədlə həmahəng inşa olunan əsas binada idarə, dəmirçi kürəsi, dəmirçi emalatxanası, mis və çini qablar, taxta üzərində oyma, xalça, kəlağayı və həsir toxuma emalatxanaları, suvenirlər, rəsm qalereyası mövcuddur. Xüsusi memarlıq üslubunda yaradılan muzeydə Bakı şəhəri və Abşeron rayonu ərazisində vaxtilə mövcud olan qədim yaşayış binalarını və abidələri əks etdirən guşələr yaradılmışdır.
Bildirilmişdir ki, I Avropa Oyunlarının məşəlini alovlandırmaq üçün alov “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğundan götürüləcəkdir.
Suraxanı rayonu Heydər Əliyev Mərkəzində olan qonaqlara məlumat verilmişdir ki, Mərkəzdə  multimedia və rəsm studiyaları, dünya kitabxana sisteminə qoşulmuş elektron kitabxana fəaliyyət göstərir. Elektron kitabxananın xidmətindən 14 mindən artıq  istifadəçi faydalanmışdır. Bu günə qədər ümumilikdə 52 mindən yuxarı ziyarətçi Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin irsi ilə tanış olmuşdur. Rayonun ideoloji mərkəzinə çevrilmiş Heydər Əliyev Mərkəzində ötən dövr ərzində ali təhsil müəssisələri, elmi-tədqiqat institutları, kütləvi informasiya vasitələri, mərkəzi icra hakimiyyəti orqanları  ilə birgə 144 tədbir keçirilmişdir.
Daha  sonra Suraxanı rayonu Heydər Əliyev parkı ilə tanışlıq olmuşdur. Riqa şəhər Şurası sədrinin müavini, Riqa dəniz portunun rəhbəri Andris Ameriks və Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Heydər Əliyev parkında dostluq ağacı əkmişlər.
Rayon İcra Hakimiyyətinin Konfrans zalında davam etdirilən görüşdə ikitərəfli əməkdaşlıqla bağlı məsələlər müzakirə edilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qonaqlara son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə, o cümlədən Suraxanı rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri haqqında ətraflı məlumat vermişdir. Görüş iştirakçıları əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi etmiş, gələcək əlaqələrin istiqamətlərini müzakirə etmişlər.
Latviya Respublikası Riqa şəhər Şurası sədrinin müavini, Riqa dəniz portunun rəhbəri Andris Ameriks səmimi qəbul üçün təşəkkürünü bildirmiş və vurğulamışdır ki, Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri, yeni parkların, yaşıllıqların salınması, şəhərin təmizliyi, Milli parkda aparılan işlər göz oxşayır və onda xoş təəsurat yaratmışdır.

Keçidlər