Suraxanı rayonunda əhalinin tibbi müayinə tədbirləri davam edir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Suraxanı rayonunda sakinlərin tibbi müayinəsi uğurla davam edir.
Rayon ərazisində yerləşən müəssisə və idarələrin tibbi müayınədənkeçmə qrafiki tərtib olunub. Qrafik əsasında rayon ərazisində fəaliyyət göstərən 4 xəstəxanada, 4 poliklinikada və 1 ambulatoriyada əhalinin pulsuz tibbi müayinəsi təşkil olunub.
Rayon İcra Hakimyyətindən verilən məlumata görə rayonun bütün qəsəbələrində və yaşayış sahələrində tibbi müayinə ilə bağlı əhali arasında təşkilati-izahat işləri aparılmış və bu işlər davam etdirilir. Bunun nəticəsidir ki, artıq 11 mart 2015-ci il tarixədək Suraxanı rayonunda 70 minə yaxın vətəndaş və 72-dən çox kollektiv tibbi müayinədən keçib. 3500 nəfər vətəndaşda müxtəlif xəstəliklər aşkarlanıb və 158 nəfər stasionar müalicəyə qəbul olunub. Bir sözlə xəstəlik aşkar olunmuş vətəndaşlar stasionar və ambulator müayinələrə cəlb edilmişdir.
15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Arif Məmmədov bildirdi ki, Xəstəxana 2013-cü ildə əsaslı təmir edilərək müasir avadanlıqlarla təchiz olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığını yerinə yetirmək üçün Xəstəxananın poliklinika şöbəsi tam hazır vəziyyətə gətirilib. Əhalinin sağlamlığının qorunması Azərbaycan dövlətinin əsas hədəflərindəndir. İllərlə həkimə gəlməyənlər indi müayinələrə cəlb olunurlar. Müayinələrin əsas məqsədi xəstəliklərin erkən aşkarlanmasıdır. Əhalinin müayinəsi tərtib edilmiş qrafikə əsasən aparılır. Sakinlər əvvəlcə terapevt tərəfindən müayinə olunurlar. Sonra isə ehtiyaca uyğun olaraq onları cərrah, oftalmoloq, ginekoloq, nevropatoloq, stomatoloq və sair ixtisaslı həkimlər müayiə edirlər. Müəssisə 22100 nəfər böyük əhaliyəvə, 12900 uşağa xidmət edir. Xəstəxanaya gələn vətəndaşlar ümumi və biokimyəvi, rentgen, kardioqram və digər müayinələrdən keçirlər. 11 mart 2015-ci il tarixədək 11300 nəfər vətəndaş tibbi müayinədən keçib. Bunlardan 1449 nəfəri rentgen, 3026 nəfəri laboratoriya və 262 nəfəri EKQ müayinəsindən keçib. Müayinədən keçən vətəndaşların 776 nəfərərində xəstəlik aşkar olunub və 40 nəfəri stasinar müalicəyə götürülüb. Xəstəlik aşkar edilən şəxslərin müalicəsi istiqamətində də işlər görülür. Eyni zamanda müəssisəmizdə işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərirlər.
Qaraçuxur qəsəbəsi Veteranlar Şurasının sədri, qəsəbə sakini – Əliağa Hüseynov 15 nömrəli BŞX-nin tibbi heyətindən, burada yaradılan şəraitdən razılıq etdi və vətəndaşların qayğısına diqqətlə yanaşdığına görə dövlət başçısının bu təşəbbüsünün təqdirəlayiq olduğunu xüsusi vurğuladı.
Qaraçuxur qəsəbə sakini – Əsgərov İbiş bildirdi ki, bütün tibbi müayinələrdən keçdim. Həkimlər və tibb bacıları məni mehribanlıqla qarşıladılar. Belə şəraiti bizə yaratdığına görə Prezidentimizə minnətdarlığımızı bildiririk.
Rayonda əhalinin tibbi müayinəsi davam edir.