Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı rayonunda növbəti dəfə narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbir N.Əliyev adına 282 saylı tam orta məktəbdə təşkil olunmuşdur

12 may 2022 | 16:00

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov iştirak etmişlər.
Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan N.Əliyev adına 282 saylı tam orta məktəbin direktoru Camal Əlirzayev qonaqları salamlamış və bildirmişdir ki, narkomaniya elə bir bəladır ki, onunla bütün cəmiyyət mübarizə aparmalıdır. O, şagirdlərə narkotik aludəçiliyinin insan səhhətinə, sağlamlığına vurduğu zərbələrdən bəhs etmişdir.
Sonra məktəbin şagirdlərinin təqdimatında narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən səhnəcik nümayiş olunmuşdur.
Daha sonra Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək dövlətimiz tərəfindən narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində daima işlər aparıldığını bildirmişdir. O, qeyd etmişdir ki, bu sahədə Proqramların qəbul edilməsi, BMT-nin mövcud məsələ ilə bağlı qəbul etdiyi Konvensiyalara qoşulması, yeni qanunların qəbul olunması, qanunvericilik bazasının təkmilləşdirilməsi, Azərbaycanın narkomaniya ilə mübarizədə fəal və ardıcıl mövqe tutduğunu bir daha nümayiş etdirir. Gənclərin məhz nəzarətsiz mühitin təsirinə düşməsi səbəbindən bu yola qurşanmasını qeyd edən RİH başçısı maarifləndirmə işlərinin mühüm əhəmiyyət kəsb etməsini də diqqətə çatdırmışdır.
YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov çıxışlarında narkomanlığın insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biri olduğunu qeyd edərək gənclərə mədəni-asudə vaxtlarının səmərəli və düzgün təşkil etmələrini tövsiyə etmişlər.

Keçidlər