Mayın 7-də Suraxanı Gənclər Evində müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Ən böyük Azərbaycanlı – Heydər Əliyev” adlı tədbir keçirilib
Mayın 7-də Suraxanı Gənclər Evində müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Ən böyük Azərbaycanlı – Heydər Əliyev” adlı tədbir keçirilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatı Etibar Əliyev, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov və digər rəsmi qonaqlar iştirak etmişlər.
Dövlət himninin səsləndirilməsi və Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş vətən övladlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə Ulu Öndərin həyatından bəhs edən video-çarx nümayiş olunmuşdur.
Tədbiri giriş sözü ilə açan Suraxanı Gənclər Evinin direktoru Natavan Rüstəmova qonaqları salamlayaraq görkəmli dövlət xadimi, ölkəmizi davamlı inkişaf yoluna çıxaran Ulu Öndər Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan bəhs edərək sözü Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizova vermişdir.
RİH başçısı Əziz Əzizov çıxışında Ulu Öndər Heydər Əliyevin müstəsna dövlətçilik ideyalarından danışmış, Ümummilli Liderin xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Ermənistanın 30 illik işğalına cəmi 44 gündə son qoyulmaqla şanlı tariximizə əbədi həkk olunan möhtəşəm zəfər səlnaməsinin yazdığını diqqətə çatdırıb.
Milli Məclisin deputatı Etibar Əliyev çıxış edərək bildirmişdir ki, Azərbaycan təhsilinin mühüm inkişaf mərhələləri ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu Öndərin təhsil sahəsinə diqqət və qayğısı əvəzsiz olub. “Təhsil millətin gələcəyidir” deyən Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə Azərbaycanın təhsil sistemi təkmilləşdirilib və təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası üçün geniş imkanlar yaradılıb.
YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov da çıxış etmiş və gənclər siyasətinin formalaşmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolundan danışaraq qeyd etmişdir ki, bu gün Azərbaycan gəncliyi xoşbəxtdir ki, dövlətimiz tərəfindən gənclərimizə daha güclü, daha zəngin və qalib Azərbaycan bəxş edilib.
Daha sonra Suraxanı rayon gənclərinin təqdimatında şerlər, mahnılar və rəqslər nümayiş olunub.