Suraxanıda Xocalı faciəsinin 23-cü ildönümü geniş qeyd edilir
“Xocalı soyqırımının 23-cü ildönümünün keçirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin 26 yanvar 2015-ci il tarixli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun idarə və müəssisələrində silsilə tədbirlər keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin Elektron lektoriya zalında təşkil olunmuş “Xocalı soyqırımı – bəşər tarixində görünməmiş vəhşilik” adlı ümumrayon tədbiri keçirilmişdir.
Rayon İcra Hakimiyyət başçısı yanında Şuranın üzvləri, ictimaiyyətinin nümayəndələri, rayonda məskunlaşan xocalıların iştirak etdiyi tədbir iştirakçıları əvvəlcə Mərkəzin birinci mərtəbəsində Qarabağ müharibəsinin şahidi fotoqraf Əlövsət Qasımovun “Xocalıya ədalət” adlı foto sərgisinə, sonra isə “Xocalı faciəsi uşaqların gözü ilə” adlı sərgiyə baxdılar.
Tədbir Mərkəzin Elektron lektoriya zalında davam etdi. Əvvəlcə Xocalı faciəsinin, o cümlədən, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Xocalı faciəsi ilə bağlı Heydər Əliyev Fondunun sifarişi ilə hazırlanmış filmə baxdılar.
Sonra tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğını bir daha tədbir iştirakçılarının diqqətinə çatdırdı.
İlqar Abbasov qeyd etdi ki, tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqirimina məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qışında Xocalıda üzləşdi. XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Xocalı faciəsi tarixin yaddaşından heç vaxt silinməyəcəkdir.
Bu soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə 613 nəfər öldürülmüşdü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. 8 ailə tamamilə məhv edilmişdi. 487 nəfər şikəst olmuşdu ki, onlardan da 76-sı uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür.
Ermənistanın işğalçılıq siyasəti Azərbaycan xalqının dinc həyatına, mənəvi-psixoloji sabitliyinə, intelektual enerjisinə qarşı yönəldilmiş məqsədyönlü təcavüzdür.
İlqar Abbasov vurğulamışdır ki, o vaxtkı dövlət rəhbərliyi bu dəhşətli cinayət haqqında dünya ictimaiyyətinə tam və operativ məlumat vermək üçün heç bir addım atmadı, müxalifət isə qanlı faciədən xalqın narazılıq dalğası üzərində hakimiyyətə gəlmək üçün istifadə etdi.
Yalnız Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini aldı, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldü. Beləliklə, erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı tərətdikləri cinayətlər, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, faciənin soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyətə başlanıldı.
Bu siyasət bu gün dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən davam etdirilir.
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılır. Bu baxımdan Heydər Əliyev Fondu, xüsusilə onun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın gördüyü işlər olduqca təqdirəlayiqdir. Fond bəşəriyyətin ən qanlı faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl olaraq fəaliyyət göstərir.
2008-ci il mayın 8-də, Şuşa şəhərinin işğalının ildönümündə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyası təsis edilmiş, bu prosesə 2009-cu ilin fevralından start verilmişdir.
Hazırda dünyanın bir çox ölkəsində yüzlərlə könüllünün iştirakı ilə davam etdirilən "Xocalıya ədalət" beynəlxalq informasiya və təşviqat kampaniyası bu işə öz töhfəsini verməkdədir. Faciənin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlmiş bu kampaniya dünyanın əksər ölkələrində uğurla həyata keçirilir.
Leyla xanım Əliyevanın Xocalı soyqırımının daha geniş miqyasda qeyd olunması təşəbbüsü bir sıra ölkələrdə dövlət səviyyəsində dəstəklənmişdir.
Xocalı faciəsi beynəlxalq təşkilatlar tərəfindən tanınır, «Xocalıya ədalət» çağırışı artıq beynəlxalq tələbə çevrilir.
Hər il dünyanın ayrı-ayrı ölkələrində Xocalı soyqırımının il dönümü ilə bağlı minlərlə anım mərasimləri keçirilir, kitablar yazılır, filmlər çəkilir. Burada məqsəd Azərbaycan xalqının uzun illər ərzində məruz qaldığı təcavüz barədə dünya ictimaiyyətini məlumatlandırmaq, erməni yalanlarını, o cümlədən saxta “erməni soyqırımı” iddiasını ifşa etməkdir.
Tədbirdə YAP Suraxanı rayon təşkilatının cədri Vüqar Seyidov, Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Məmmədəli Abbasov, Xocalı sakinləri Xəlil Vəliyev, Qədim Abbasov, Qarabağ döyüşlərinin iştirakçısı Əlövsət Qasımov çıxış etdilər.
Tədbir bu sözlərlə yekunlaşdı ki, bu gün hər bir Azərbaycanlının qarşısında mühüm vəzifələrdən biri Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi dünya ictimaiyyətinə çatdırmaqdır. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.
Sonda tədbir iştirakçıları 97 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiyaya baxdılar.