Aprelin 28-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti görüşünü Zığ qəsəbəsinin sakinləri ilə keçirmişdir
Aprelin 28-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov növbəti görüşünü Zığ qəsəbəsinin sakinləri ilə keçirmişdir.
Zığ Mədəniyyət evinin tamaşa zalında 125 nəfərə yaxın sakinlə keçirilən səyyar görüşdə Milli Məclisin deputatı Sevinc xanım Fətəliyeva, RİHB-nin müavinləri, şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar görüşdə RİH başçısı Əziz Əzizov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl və sistemli şəkildə həyata keçirilən dövlət siyasətindən bəhs etmişdir. Həmçinin, o, aprelin 22-də Şuşa şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayından danışaraq qeyd etmişdir ki, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında tarixi missiyanı həyata keçirən qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər. Qəsəbədə görülən işlərdən danışan RİH başçısı Əziz Əzizov nəzərdə tutulan işlər barəsində də sakinlərə ətraflı məlumat vermişdir.
Milli Məclisin deputatı Sevinc xanım Fətəliyeva da çıxışında regionda gedən proseslərdən danışaraq Azərbaycanın beynəlxalq müstəvidə nüfuzlu dövlət və etibarlı tərəfdaş kimi tanınmasını vurğulamışdır. Eyni zamanda qəsəbədə bugünədək sakinlər tərəfindən qaldırılan problemlərin araşdırılaraq həlli istiqamətində tədbirlərin görüldüyünü vətəndaşların nəzərinə çatdırmışdır.
Daha sonra sakinlərin sualları cavablandırılmış, müraciətlərinə aydınlıq gətirilmiş, qaldırılan bir sıra məsələlər nəzarətə götürülmüşdür.