Şriftin ölçüsü :

Saytın rəngi :

Suraxanı Rayon Heydər Əliyev Mərkəzində akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev və ailə dəyərləri” mövzusunda diskussiya təşkil olunmuşdur.

27 aprel 2022 | 16:00

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 27 aprel 2022-ci il tarixində Suraxanı Rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev irsinin öyrənilməsi” layihəsi çərçivəsində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev və ailə dəyərləri” mövzusunda diskussiya təşkil olunmuşdur.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban xanım Vəliyeva, RİHB-nin müavini və Təhsil İdarəsinin nümayəndələri, Suraxanı rayonu ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin rəhbərləri və 11-ci sinif şagirdləri iştirak etmişlər.
Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tədbir iştirakçıları tərəfindən gül dəstələri qoyulduqdan və Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunmuşdur.
Daha sonra Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və Vətən Müharibəsi şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla anılmış, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən qısa videoçarx nümayiş olunmuşdur.
Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov müzakirə iştirakçılarını salamlayaraq bildirdi ki, akademik Zərifə xanım Əliyeva milli oftalmologiyamızın banilərindəndir. Mayası vətənpərvərliklə, halallıqla yoğrulan Zərifə xanım Əliyeva xalq üçün, vətən üçün əlindən gələni əsirgəməyərək öz mənalı ömrünü Ulu Öndərə və övladlarına həsr etmişdir. Ailəsində qoyduğu iz, yüksək mənəvi dəyərlər, övladlarının milli ruhda tərbiyəsi nəticəsində o, qəlblərdə yanan əbədiyyət çırağına çevrildi. Yerli təşkilatın sədri vurğulamışdı ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, Vətənin qüruru sayılan iki övlad böyütmüş ana, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşımızda böyük insanın işıqlı obrazı canlanır.
Həmçinin, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirmişdir ki, Zərifə xanım Əliyeva Azərbaycan xanımına xas olan bütün müsbət keyfiyyətləri özündə birləşdirmişdi. Zərifə xanımın fitri istedada malik bir alim kimi yaşadığı ömrü, keçdiyi həyat yolu hər bir Azərbaycan vətandaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. O, ümummilli liderimiz Heydər Əliyevlə birlikdə qəlblərində daim Vətən sevgisi yaşadan, xalqı üçün çalışan övladlar böyütmüşdür. Görkəmli alimin qəlblərdə yaşayan xoş xatirəsini və xidmətlərini xalqımız daim minnətdarlıq hissi ilə xatırlayır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva və Suraxanı rayonu 226 nömrəli tam orta məktəbin direktoru, şəhid anası Arzu Məmmədova çıxış edərək bildirmişlər ki, 20-ci əsrin ən böyük şəxsiyyətlərindən olan Heydər Əliyev kimi dünya miqyaslı bir liderin inkişafında müstəsna xidmətlərə malik Zərifə xanım 21-ci əsrə öz imzasını atan Müzəffər Ali Baş Komandan İlham Əliyev kimi bir düha bəxş etmişdir. Xalqının çırağına çevrilmiş cənab Prezident İlham Əliyev kimi bir liderə tərbiyə verən, ona öz sevgisindən pay bəxş edən Zərifə xanım xalqımız tərəfindən daim xatırlanacaqdır.
Sonda görüş iştirakçıları məktəblilərin ünvanladıqları suallara cavab vermişlər.

Keçidlər