Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günü münasibətilə təhsil aldığı və adını daşıyan Suraxanı rayonu 154 nömrəli tam orta məktəbdə xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir.

26 aprel 2022 | 16:00

Təbirdə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül xanım Axundova, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov,  İsraildən Bakıya gəlmiş Milli Qəhrəman Albert Aqrunovun qardaşı Rançik Aqarunov, Vətən Müharibəsi Veteranları İctimai Birliyi Suraxanı Rayon Şöbəsinin sədri, qazilər, müharibə iştirakçıları və şəhid anaları iştirak etmişlər.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül xanım Axundova çıxış edərək əslən yəhudi olan və 1-ci Qarabağ müharibəsində qəhrəmanlıqla vuruşaraq şəhidlik zirvəsinə ucalan Albert Aqarunovun xatirəsinin xalqımız tərəfindən hər zaman əziz tutulduğunu və onun adının əbədiləşdirildiyini qeyd etmişdir. O, bildirmişdir ki, 1-ci Qarabağ müharibəsinin qızğın vaxtında könüllü olaraq cəbhəyə yollanan Albert Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində düşməni dəfələrlə pərən-pərən salaraq, xeyli sayda hərbi texnikasını məhv etmişdir. Qısa, lakin dəyərli ömür yaşayan cəsur tankçı gələcək nəsillər üçün böyük bir örnəkdir.
Həmçinin, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov və digər qonaqlar da çıxışlarında bildirmişdirlər ki, Albert Aqarunov əsl qəhrəmanlıq nümunəsidir. Ölkəmizdə yaşayan digər xalqların nümayəndələri kimi, yəhudi əsilli bu qəhrəman da Azərbaycanı daim Vətəni bilmiş, torpağı uğrunda döyüşmüş, canını onun müstəqilliyi və suverenliyi uğrunda fəda etmişdir. Qeyd olunmuşdur ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında belə tədbirlərin keçirilməsi önəmlidir.
Qonaqların çıxışlarından sonra tədbir 154 nömrəli tam orta məktəbin şagirdlərinin təqdimatında bədii hissə ilə davam etmişdir. Sonda Vətən Müharibəsi Veteranları İctimai Birliyi Suraxanı Rayon Şöbəsi vətənpərvərlik mövzusunda suallarla şagirdlər arasında yarış keçirmiş və qalib şagirdlər mükafatlandırılmışlar.

Keçidlər