Aprelin 15-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Suraxanı rayonu, 89 №-li tam orta məktəbdə Şəhid Şahbazov Elnur Qadir oğlu anılıb
Aprelin 15-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Suraxanı rayonu, 89 №-li tam orta məktəbdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “20 Yanvar” İctimai Birliyinin həyata keçirdiyi “Müasir hərb tariximizdə iz qoyan xüsusi təyinatlı qəhrəman vətən oğullarının tanıdılması” adlı layihə çərçivəsində Vətən müharibəsinin şəhidi Şahbazov Elnur Qadir oğlunun əziz xatirəsi ehtiramla yad olunmuşdur.
İlk öncə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavini Könül xanım Axundova, Şəhidin ailə üzvləri, “20 Yanvar” İctimai Birliyinin sədri Sultan Əzimzadə, Vətən Müharibəsi qəhrəmanı İzzət Balacayev, Paraolimpiya üzrə dünya çempionu İlham Zəkiyev, 1-ci Qarabağ müharibəsinin veteranları və Vətən müharibəsinin iştirakçıları polkovnik Hikmət Ağayev və Xətai Baxışov və digər qonaqlar Şəhid Şahbazov Elnur Qadir oğlunun Yeni Suraxanı qəsəbəsində, Şəhidlər Xiyabanında məzarını ziyarət edərək önünə gül dəstələri düzmüşlər.
Daha sonra Şəhidin məzun olduğu 89 №-li tam orta məktəbdə davam edən tədbirdə şəhidin həyatından bəhs edən videoçarx, məktəblilərin ifasında bədii-hissə nümayiş olunmuşdur.
Tədbirdə Elnur Şahbazovun bacısı Nəsibə Şahbazova, 1-ci Qarabağ müharibəsinin veteranı və Vətən müharibəsinin iştirakçısı polkovnik Hikmət Ağayev, “20 Yanvar” İctimai Birliyinin sədri Sultan Əzimzadə çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli iradəsindən, xalqımızın möhtəşəm dəstəyindən ilhamlanan Azərbaycan Ordusunun əzmi, qüdrəti nəticəsində qazandığımız Qələbədən və bu Qələbənin qazanılmasında öz canlarını Vətən uğrunda fəda edən Elnur kimi mərd oğullarımızın qəhrəmanlıqlarından qürurla danışmışlar.
Suraxanı RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov çıxış edərək bildirmişdir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun iştirakı ilə rayonun Şəhid ailələri mütəmadi ziyarət olunaraq diqqətdə saxlanılır, onların problemlərinin həlli istiqamətində tədbirlər həyata keçirilir. Həmçinin rayonun bütün ümumtəhsil müəssisələrində Şəhidlərin anım və doğum günlərinə həsr olunmuş tədbirlər təşkil olunur.