Aprelin 11-də Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə elmi-praktik konfrans keçirilib
Aprelin 11-də Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda məqalə-yazı müsabiqəsinin rayon mərhələsinin yekunlarına həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.
Konfransda Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Rayon İcra Hakimiyyəti başçısının müavini Könül xanım Axundova, rayonun təhsil müəsissələrinin rəhbərləri, məktəblilər iştirak etmişdirlər.
Konfrans iştirakçıları əvvəlcə Ulu Öndərin Suraxanı rayonu Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüş, eləcə də Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi ilə tanış olmuş və şagirdlərin çəkdikləri rəsmlərə baxış keçirmişlər.
Konfrans Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlanmışdır. Tədbirdə giriş sözü ilə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Könül xanım Axundova qeyd etmişdir ki, may ayının 10-da Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 99-cu ildönümüdür. Ulu Öndərin gərgin əməyi və qətiyyəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur.
K.Axundova vurğulamışdır ki, memarı və qurucusu Ulu Öndər Heydər Əliyev olan Müstəqil Azərbaycan Respublikası möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən siyasəti, müdrik rəhbərliyi nəticəsində regionun ən inkişaf etmiş ölkəsinə çevrilmişdir. Güclənən Azərbaycan, qüdrətli Azərbaycan xalqı mənfur düşmənimiz üçün daim qorxu mənbəyi olmuşdur. 44 günlük Vətən müharibəsi isə Şanlı tariximizə qızıl hərflərlə yazılan, qəhrəmanlıq dastanına çevrilən, əsrlər keçsə də xalqımızın birlik, şücaət simvoluna çevrilən bir tarix oldu.
Qeyd olunmuşdur ki, Ulu Öndərin 99-cu ildönümü ərəfəsində Bakı şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə məktəblilər arasında “Heydər Əliyev və Azərbaycan Tarixi” mövzusunda məqalə-yazı müsabiqəsinin keçirilməsi çox təqdirəlayiq haldır.
Daha sonra məqalə-yazı müsabiqəsinin şərtləri və mərhələləri barədə geniş məlumat verilərək qeyd olundu ki, müsabiqənin ilkin mərhələsi rayon ərazisində fəaliyyət göstərən 36 məktəbin iştirakı ilə 8-25 fevral 2022-ci il tarixlərində təşkil olunaraq yekunlaşmışdır. Məktəbdaxili müsabiqələrdə hər məktəbdən ən azı 5 nəfər olmaqla, ümumilikdə 100 nəfərə yaxın şagird rayon müsabiqəsinə keçmək üçün seçim mərhələsinə vəsiqə qazanmışdır.
Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsində təşkil olunmuş müstəqil komissiya üzvləri tərəfindən 100 nəfərə yaxın şagirdin məqalə-yazıları ilə əvvəlcədən tanış olunmuş, nəticədə münsiflər heyətinin ümumi qərarı ilə 25 nəfər şagirdin məqalə-yazısı ikinci seçim mərhələsinə keçmək üçün uğurlu hesab edilmişdir.
Yekun olaraq, rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin, məktəb müəllimlərinin, münsiflər heyətinin və 25 nəfər şagirdin iştirakı ilə 18 mart 2022-ci il tarixində keçirilmiş elmi-praktik konfransın rayon mərhələsində 25 nəfər şagirdin məqalə-yazıları dinlənilmiş, ümumilikdə 5 mövzu üzrə 10 nəfər şagirdin seçilərək Suraxanı rayonu üzrə yekun elmi-praktik konfransda iştirakı nəzərdə tutulmuşdur.
Konfransda müstəqil komissiyanın üzvü, 226 nömrəli tam orta məktəbin tarix müəllimi Təranə Cəbiyeva da çıxış etmişdir.
Sonra isə 5 mövzu üzrə seçilmiş 10 şagird məqalə-yazıları hazırladıqları slaydlarla təqdim etmişlər.
Təqdimatlardan sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov çıxış edərək bildirmişdir ki, müsabiqənin keçirilməsinin əsas məqsədi şagirdlər arasında tarixə, mədəniyyətimizə, keçmişə və tarixi şəxsiyyətlərə, milli-mənəvi dəyərlərə diqqət və marağı artırmaq, onlarda elmi araşdırma və tədqiqat aparmaq, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmək bacarığı aşılamaqdır. O, Azərbaycanın siyasi və dövlət xadimi Heydər Əliyevin tariximizin öyrənilməsi ilə yanaşı mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə olan qayğısından, eləcə də Ümummilli Liderin davamçısı olan Prezident cənab İlham Əliyevin Azərbaycanın inkişafı və tərəqqisi naminə həyata keçirdiyi işlərdən və əldə olunan uğurlardan danışmışdır.
Sonda keçirilən referat müsabiqəsinin rayon mərhələsinin fərqlənən şagirdləri rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılmışlar.